Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məktəblərdə imla və inşa uzun illər ərzində əsas qiymətləndirmə vasitələrindən biri olub.
Lakin bu gün həmin ənənə əksər məktəblərdə artıq geniş tətbiq edilmir.
Bu dəyişiklik isə tədris prosesində qiymətləndirmə üsullarının necə dəyişməsi məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan sabiq deputat Etibar Əliyev bildirib ki, məktəblərdə test tapşırıqları geniş yayıldığından imla və inşaya kifayət qədər vaxt qalmır:
“Məktəblərdə əvvəllər imla və inşa geniş tətbiq olunurdu, lakin o vaxtlar test tapşırıqları hələ geniş yayılmamışdı. Bu səbəbdən indi orta məktəb müəllimi bütün vaxtını və biliyini test tapşırıqlarının hazırlanmasına sərf edir və nəticədə imla və inşaya kifayət qədər vaxt qalmır.
Xaricdə isə bu anlayışlar yoxdur, orada əsasən esse yazmaq təcrübəsi var. Esse şagirdlərin analitik təfəkkürünü, oxuduqlarını başa düşmə qabiliyyətini qısa şəkildə ifadə etməsinə imkan verir. Bu üsul şagirdin mütaliə səviyyəsini, dünya görüşünü və analitik düşüncəsini qiymətləndirməyə imkan yaradır və yenidən tətbiq oluna bilər. Lakin hazırda məktəbdə tədrisin fəlsəfəsi dəyişib; həm müəllimi, həm də şagirdi yalnız test düşünməyə məcbur edir.
Bu mənada mən düşünürəm ki, məsələn, hər ay və ya iki ayda bir dəfə şagirdlərə esse yazdırmaq olar. Esse yazdırmaq üçün mövzular müxtəlif fənlərdən seçilə bilər – riyaziyyat, fizika, ədəbiyyat, tarix və s.”.
Sabiq deputatın fikrincə, esse yazmaq şagirdlərin təfəkkürünü inkişaf etdirmək baxımından faydalıdır:
“Məsələn, təbiət və ya riyazi mövzular üzrə maraqlı esse tapşırıqları hazırlamaq olar. Lakin indiki sistem buna imkan vermir; şagirdlər sual verə bilmir. Biz dəfələrlə tələbələr və şagirdlərlə ünsiyyət qurmuşuq, müşahidə etmişik ki, onların sual verməmələrinin səbəbi məhz esselərin, imla və inşanın qiymətləndirmə sistemindəki yeridir”.
Etibar Əliyev, həmçinin Elm və Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində səsləndirilən çıxışa da toxunub:
“Nazir bu günkü çıxışında belə bir fikri səsləndirdi: şeir əzbərləmək, mətni başa düşmək demək deyil. Şagirdlər yalnız məhdud sayda şeirləri – bizim ədəbiyyatımızın klassik nümunələrini – əzbərləməlidir.
Lakin Qərb və digər ölkələrdə uşaqların şeiri interpretasiya etməsi daha çox maraq kəsb edir. Məsələn, Səməd Vurğunun, Hüseyn Cavidin və ya Əli Kərimin şeirlərindəki məna və məzmunu anlamaq önəmli hesab olunur.
Şeiri sadəcə əzbərlətmək şagirdin çox vaxtını alır. Bunun əvəzinə, məsələn, həftədə altı gün valideynlərlə birlikdə şeir üzərində işləmək vərdişi inkişaf etdirilə bilər. Məhdud sayda şeirlər isə uşağın idrakı və analitik təfəkkürü, həmçinin ədəbi-politik baxışının formalaşması üçün böyük əhəmiyyət daşıyır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.