AZ

Qafqaz və MDB Rusiya artıq tək lider deyil

Müasir Rusiya üçün MDB elə bir məkandır ki, dövlətin sərt və neqativ təsir alətləri əsasən burada sınaqdan keçirilir. Sanki “başına döyülməli uşaq” roluna salınmış MDB məkanında təkcə Rusiya prezidenti deyil, RF rəhbərliyində prezidentdən aşağı olan fiqurlar da müxtəlif “eksperimentlər” aparırlar. Dövlət Dumasının sədri və partiya liderlərinin MDB-yə münasibətində bunu açıq görmək olur. Onların fikrincə, MDB vətəndaşları Rusiyaya yalnız işləməyə tək gəlməli, həyat yoldaşı və övladlarını gətirməməli, gələn kimi də ərizə yazıb Ukraynaya qarşı döyüşməyə yollanmalıdırlar.

MDB-yə sərt və neqativ münasibət təkcə V.Putinin dönəmi ilə məhdudlaşmır: bu, ondan əvvəl də vardı, amma indiki qədər kəskin deyildi. B.Yeltsin Qərbpərəst ailə-mühitinə görə V.Putini hakimiyyətə gətirdi ki, lazım olan anda Rusiya və MDB-ni Qərbə “komfort” şəkildə təhvil verə bilsin. Ətrafındakı çevrələr də bundan yararlanaraq MDB məkanını pis vəziyyətə salırlar.

Putin və komandasının Qafqaz siyasəti

V.Putin və komandasının Qafqaz siyasəti isə ayrıca qiymətləndirilməlidir. Çünki müasir dövrdə Qafqazın müharibə tarixi var və MDB ölkələrinin hamısının Rusiya ilə müxtəlif formalarda qarşıdurma, hərbi əməliyyatlar təcrübəsi mövcuddur. Nisbətən az bilinən Türkmənistandakı Göytəpə müharibəsi və “basmaçı” adı ilə Mərkəzi Asiyada aparılan mübarizə barədə bizim oxucuların məlumatı azdır. Artıq 200 ilə yaxın keçdiyi üçün bu mövzular tez-tez xatırlanmır. Həmin müharibələrin nəticəsi olaraq yerli əhali böyük dərəcədə rusdilli mühitə uyğunlaşdırıldı və bu, zamanla unuduldu.

Qafqaz müharibələri XX əsrin sonuna aid proseslərdir və onları Qafqazda ikinci–üçüncü dalğa kimi qiymətləndirmək olar. Çünki təxminən 250 il əvvəl də bölgədə böyük savaşlar olub: dağ aullarından kənara çıxmayan qafqazlılar kütləvi şəkildə qətlə yetirilib. Qafqaz xalqları Rusiyanın təsiri altına düşməmək üçün var gücü ilə dirəniş göstəriblər. Uzun illər davam edən müharibələrdən sonra qafqazlıların əvvəllər görmədiyi silah və metodlar tətbiq edildiyi üçün bölgə məğlub oldu və Rusiya imperiyasının tərkibinə qatıldı.



Bu gün “Qafqaz müharibəsi” deyəndə daha çox müasir dövrdə Çeçenistanda başlanan müharibələr nəzərdə tutulur. Əvvəlcə Dağıstan və digər respublikalarda milli zəminli toqquşmalar yaşansa da, proseslər əsasən Çeçenistandakı müharibə ilə səciyyələnir. Bu müharibəni, bir tərəfdən, Çeçenistan neftinə Moskvanın sahib çıxması uğrunda mübarizə kimi dəyərləndirmək olar. Sonradan Moskva korrupsiya sxemlərini işə saldı, Çeçenistan daxilində teyp (tayfa) münasibətlərindən istifadə etdi və nəticədə ardıcıl çeçen müharibələri yarandı. Bu münaqişələr tədricən Dağıstan və Şimali Qafqazın digər regionlarına yayıldı.

Qafqazda Çeçenistandan başlayan müharibəyə Rusiya hakimiyyətinin yanaşmasını V. Putinin bir cümləsi kifayət qədər açır: “Мочить в сортире” - yəni, dilimizcə, “tualetdə öz zir-zibilinə bələmək”. Bu, bütün qafqazlılara eyni aqibətin rəva görülməsini ehtiva edirdi. Bu gün Qafqazda aparılan “eksperimentlər” həmin yanaşmanın siyasi metodlarla davamıdır.

“Kadırovstan” - Fərqli münasibətin səbəbləri

Qafqazda anlaşılmazlıq yaradan əsas mövzulardan biri Çeçenistan rəhbəri Ramzan Kadırovun Putin tərəfindən digər region liderlərindən fərqli münasibət görməsidir. Bu münasibət sonda Çeçenistanın Rusiyanın digər regionlarından kəskin seçilməsinə gətirib çıxardı. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Bu gün Ukrayna cəbhəsində çeçenlər tək saylarına görə deyil, döyüş bacarıqlarına görə də ön plandadırlar. R.Kadırov ərəb ölkələri ilə əlaqələrdə də önəmli fiqurdur. V.Putin ərəb dövlətlərinin liderləri ilə Moskvada görüşəndə, bir qayda olaraq, R.Kadırov da iştirak edir. BƏƏ prezidentilə son görüşdə hətta R. Kadırovun oğlu Adam Kadırovun iştirakı da diqqət çəkdi. Bu, Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan söz-söhbətlər fonunda da qiymətləndirilə bilər.



Qafqazın digər regionlarının ağsaqqalları bu məsələni öz aralarında müzakirə edirlər.
R.Kadırov qafqazlıdır, gec-tez bütün bu mövzuları “öz qaydasına” sala biləcəyini düşünür. O, gələcəkdə Dağıstan və digər regionlara, ümumən dünyaya sübut etməyə çalışa bilər ki, əslində Rusiyanı bütövləşməyə qoymayan amillər var. Bu mənada Rusiyada vahid hüquqi məkanın olmaması, Çeçenistanın isə fərqli hüquqi prinsiplərlə idarə olunması xüsusilə vurğulanır. Nəticədə Rusiyanın Konstitusiyası ölkənin bütün ərazisində eyni qaydada işləmir: bu da sivil dünyada nadir haldır. R.Kadırovun söyləyə biləcəyi əlavə arqumentlər də çoxdur.

Qafqaz xanımı kişilər qədər güclüdür

V.Putin, görünür, Qafqaza zərbə vurmaq üçün bəzən R.Kadırovun dediklərinə “orijinal” şəkildə əməl edir. Çeçenistan Ali Məhkəməsinin hakimi Yandarbiyevin xanımı Zarema Musayeva hazırda həbsdədir. Yandarbiyev həbs ərəfəsində ölkəni tərk etmişdi: onun mövqeyi daha çox Rusiyapərəst sayılırdı. Əvəzində R.Kadırov onun həyat yoldaşının həbsini təşkil etdirdi. Bu, Qafqaz mentalitetinə zidd və bölgədə indiyədək görünməmiş hadisədir. Görünür, hələlik bu mövzunun mahiyyəti R.Kadırova lazımi şəkildə izah edilməyib, onun nəzərində “qafqazlı” daha çox igidliyi və döyüş qabiliyyəti ilə ölçülür.



Bəlkə də o, bu yolla təkcə qafqazlı kişilərin deyil, qadınların da döyüşkən və cəsur olduğunu göstərmək istəyir.

Zarema Musayevanın həbsxanadakı davranışları haqqında yayılan epizodlara baxanda, yaşı 60-ı keçmiş və şəkər xəstəsi olan bir qadının Rusiya türmələrində 30–35 yaşlı kişi zabitləri “döyməsi” iddiaları diqqət çəkir. Bir neçə dəfə kişi məmurları “döydüyünə” görə onun həbs müddətinin artırıldığı deyilir. Hər halda, Z.Musayevanın həbsi həm Rusiyanın Qafqaza münasibətinə, həm də R.Kadırovun “qafqazlılıq” anlayışına xələl gətirən haldır.

Heydər Əliyev Fondu və ümumqafqazçılıq ideyası

İndiki məqamda Zarema Musayevanın Azərbaycana göndərilməsi ideyasını aktuallaşdırmaq olar. Heydər Əliyev Fondu onun normal yaşayışını təmin edə bilər.

Azərbaycan tarixən Qafqaz xalqları üçün öncül və örnək olub. Qafqaz xalqlarının böyük əksəriyyətinin elitaları öz kənd və aullarından çıxaraq Bakıda yaşayıblar. Fondun o ənənəni sistemli şəkildə davam etdirməsindən yox, konkret bir fərdi hadisədən söhbət gedir.



Azərbaycanın yaşlı elitası arasında Heydər Əliyev Fondu barədə müsbət hissiyat formalaşıb. Bir çoxları ömrünün müəyyən çağında düşünür ki, Fond onun fəaliyyətini görür, ağır xəstəlik olarsa, onu ölümdən xilas edər, sosial şəraitini yaxşılaşdırar. Bu anlayışın ümumqafqazçı ideyanın daşıyıcılarına - Qafqaz xalqlarının aparıcı təbəqələrinə şamil olunmasının böyük faydası olar. Qafqazda hazırda sağlamlaşdırıcı siyasət aparmaq ən doğru yoldur. Rusiyadakı institutlar bu işi görə bilmir. V.Putin Qafqaz istiqamətində fərqli siyasət yürütməlidir.

Qafqazda “yad elementlər”

Qafqazda vacib məsələlərdən biri vaxtilə Çar Rusiyasının bölgəyə gətirdiyi “yad elementlərin” uzaqlaşdırılmasıdır. Bu gün ermənilər Cənubi Qafqazda vahid inteqrasiya məkanına daxil olmaq istəmirlər. Rusiyanın tələbinə baxmayaraq, Ermənistan Azərbaycanla kommunikasiyaları açmadı. Ardınca Aİ Şurasının o vaxtkı rəhbəri Şarl Mişel N.Paşinyana Zəngəzur dəhlizi üzrə yolun tikintisinə başlamağı təklif etdi: yol iki ilə hazır ola bilərdi, siyasi hissə isə iki günə bitərdi. Lakin “əvvəl siyasi qərar, sonra yol” yanaşmasının əleyhinə çıxıldı və təklif rədd edildi. “Tramp koridoru” adlanan ideya da işləməyəcək. Müqavilə imzalansa da, Paşinyanın səsləndirdiyi fikirlər 10 noyabr, 2020-dən sonra, həm də Ş.Mişellə razılaşmadan dərhal sonrakı bəyanatların eynisidir.

Ermənistan rəhbərliyi - N.Paşinyan, XİN rəhbərliyi (və müavini V. Kostanyan), Təhlükəsizlik Şurasının katibi A. Qriqoryan ölkədə oturmur, ardıcıl xarici səfərlərə çıxırlar. Məqsəd yeni, “anti-Tramp” ideyasını Qərb paytaxtlarına çatdırmaqdır: “Belə olmamalıdır, başqa cür olmalıdır”.



Paşinyan İranı da inandırıb ki, “Tramp koridoru” işləməyəcək. Bu, olduqca önəmlidir və İran bu gün buna inanır. Beləcə, Ermənistan və İran birlikdə bölgədə uzunmüddətli gərginlik ocağı yaradır və düşünürlər ki, bu ocaq fasiləsiz qalacaq. Hətta Gürcüstanı da bu gərginliyə cəlb etmək mümkün olacaq. Paşinyan ABŞ-dan Çinə, Çindən Yaponiyaya gedir, artıq Türkiyə ilə sərhədi açır. Bu da “Tramp koridoru”nun əvvəlki təsir gücünü itirdiyini göstərir.

Ermənilər Qafqaz xalqı olmadıqları üçün bu cür psixologiyaya malikdirlər. Qafqazı xarakterizə edən əsas xüsusiyyət - bütün qonşularla normal əlaqələrdir. Qonşuluq prinsipi Qafqaz xalqlarının davranışında birinci olmasa da, ilk üçlükdədir. Ermənilərin qədimdən bəri tarixi isə həm böyüklərə, həm də qonşulara xəyanət üzərində qurulub. Çar Rusiyası yaratdığı “Kiçik Ermənistan”dan başlayaraq “Şərqi Ermənistan”a qədər onların bütün qonşularına ərazi iddiası olub. Böyük əksəriyyəti indiki Ermənistan ərazisinə Rusiya Osmanlıdan köçürdü, Qarabağ ermənilərini isə İran ərazisindən gətirdi. Hətta həmin “yaxşılıq” dövründə belə, Tehranda səfir A.Qriboyedovun öldürülməsində britaniyalıların planını ermənilər həyata keçirdilər.

Ermənilər SSRİ daxilində də “erməni məsələsi”ni siyasiləşdiriblər

1940–50-ci illərdə SSRİ daxilində ermənilər dəfələrlə narazılıqlar yaradıb, “erməni məsələsi”ni siyasiləşdiriblər. Qərb ölkələri SSRİ daxilində erməniləri ələ almağa çalışıb: SSRİ isə xaricdəki erməniləri Ermənistana köçürməyə cəhd edib. 1965-ci ildə din və milli mövzuları inkar edən SSRİ-də KP qərarı ilə Yerevanda “erməni soyqırımı” abidəsi ucaldıldı. Sonradan ermənilərin SSRİ daxilində saxta pul kəsməsi, Moskva metrosunda terror hadisələri baş verdi.

1988-ci ildə SSRİ-nin dağılmasında da onlar ön xəttə çıxdılar. Teatr meydanında “İvan, çamadanını götür, evinə get!” şüarları hər gün səslənirdi. SSRİ ordusunu ərazisindən ilk qovan da Ermənistan SSR oldu. Yalnız L.Ter-Petrosyan Azərbaycan ordusunun Xankəndinə yaxınlaşdığını görəndə Moskvaya qaçdı, B.Yeltsinə yalvardı və VII ordunun yerinə 102-ci hərbi bazanı Ermənistana gətirtdi.



R.Köçəryan dövründə də ardıcıl anti-Rusiya addımları davam etdi. Ermənilər ən böyük “uğuru”nı Rusiyaya etdikləri xəyanətləri RF rəhbərliyinə “xeyir” kimi göstərməkdə tapıblar. Onların düşüncəsinə görə ruslar ermənilərdən asılıdır: guya rusları “sivilləşdirən” də elə ermənilərdir. Bu illüziyanın təsiri altında R.Köçəryan Rusiyanın “Sibiravia” şirkətini vergi yoxlamaları ilə müflisləşdirib “Armavia”nı qurdu. Rusiya neft şirkətlərini də eyni qaydada sıxışdırıb “Fleş” adlı şirkət yaratdı və nefti Rusiyadan yox, Rumıniyadan aldı. Hər iki layihəyə onun uşaqlıq dostu, Bakı ermənisi M. Baqdasaryan rəhbərlik edirdi. “ArmRosQazprom”da Ermənistanın payını artırmağa çalışırdılar RF bir anlıq “ayıldı”.

Başqa bir fakt: ABŞ Ermənistanda səfirlik binası tikmək istəyirdi. Dünyada ölçüsünə görə ikinci olan bu binanın Yerevanda inşası R.Köçəryanın şəxsi qərarı ilə, imkanlı ermənilərin vəsaiti hesabına reallaşdırıldı. O, hətta bir vaxt ilk sıradakı layihəni aldığını düşünürdü, sonra anladı ki, əslində ona “ikinci binanın” layihəsi verilib. Bu tikintiyə R.Köçəryan baş çəkəndə K.Zatulin onu daim müşayiət edirdi. Elə həmin dönəmdə V.Putinin qovduğu Xodorkovskinin “YUKOS CIS” adı ilə 4,5 milyard dollarını Qərb banklarına keçirtdi.

Sərkisyan Köçəryandan da çox anti-Rusiya siyasət apardı

Ermənistan hakimiyyətinin inamı böyük idi: nə desələr, RF rəhbərliyi boyun əyəcək. S.Sərkisyan prezident olandan sonra R.Köçəryandan da çox anti-Rusiya siyasət apardı.

“Şərq Tərəfdaşlığı” proqramının “xaç atası” S.Sərkisyan idi. O, özünü elə təqdim etmişdi ki, Avropa siyasətçiləri Ermənistana gəlib onunla Şimali Qafqazdakı vəziyyəti müzakirə edirdilər. Halbuki Ermənistanın Şimali Qafqazla nə coğrafi, nə dini, nə etnik əlaqəsi var.



S.Sərkisyan Rusiya mediasına açıq dedi ki, SSRİ ermənilər üçün “cəhənnəm” olub, baxmayaraq, həmin dövrdə ABŞ-da cəmi bir erməni milyarder olduğu halda, Moskvada yeddi erməni milyarder yaşayırdı. O, həmçinin etiraf etdi ki, elə bu səbəblərə görə Ermənistan SSRİ-nin dağılmasında əsas vektorlardan biri kimi çıxış edib. Ermənistan hətta “çərkəz soyqırımı”nı tanımağa bir addım qalmışdı, Rusiya son anda müdaxilə etdi.

Bütün bu proseslərdə Kremlə “xalis rus” libasında təqdim olunan siyasətçi və ekspertlərdən ermənilər dəstək alıblar.

Nəticə etibarilə “erməni məsələsi” Qafqaz üçün böyük problemdir. Bu məsələ mövcud olduqca Rusiya həmişə “çamadan əhvali-ruhiyyəsində” - yəni, Qafqazdan çıxmağa hazır olmalıdır. Çünki İran, ərəb dünyası və Qərb Cənubi Qafqazda anti-Rusiya fəaliyyətinə çox vaxt ermənilər üzərindən başlayıblar. SSRİ-nin dağılması da Qarabağ mövzusu ilə məhz ermənilər tərəfindən alovlandırıldı. İndi şükür, Azərbaycan qazandı, ermənilərin Qərb üzərindən qurduğu siyasətin sonda qalibi də Azərbaycan olacaq.

Azərbaycan Rusiyanın davranışını izləyir

Azərbaycan bir dəfə Şimali Qafqazı Rusiyanın tərkibində saxlamağa kömək edib. İndi Qafqaz mövzusu yenidən aktuallaşsa, Kremlin İranın əlində anti-Azərbaycan ruporuna çevrildiyi bir dönəmdə Azərbaycanın Şimali Qafqazın RF tərkibində qalmasına dəstək verməsi çox çətin məsələdir. 44 günlük müharibə zamanı S.Narışkinin qurumu Suriyadan “terrorçuların gətirilməsi” barədə İranın feyklərini “təsdiqlədi”. İndi RF şərqşünaslarından biri eyni xəttə düşüb; İranın diktəsi ilə RF-in rəsmi strukturları orijinal “anti-Azərbaycan” təhlillər hazırlayırlar.

SSRİ Azərbaycanın 16–17 min km² ərazisini Ermənistana verdi. Azərbaycan Respublikası “qalan Azərbaycan və Naxçıvan” ifadəsini işlətməli olur. Rusiyanın Qafqaz siyasətini dərindən düşünməsi həyati əhəmiyyət daşıyır.

Dağıstanda nüfuzlu şəxslərin böyük əksəriyyətini “Kreml adı” ilə sıradan çıxarıblar; çoxu həbsxanadadır. Onların reabilitasiyası mümkündürsə, bu, işin xeyrinə olar. Oxşar fikri Şimali Qafqazın digər xalqları haqqında da demək mümkündür.



V.Putin Prezident İ.Əliyevə salam verir, barışır və bunu öz dili ilə “mən salamlaşdım” şəklində ifadə edir, ardınca Yekaterinburqda və başqa yerlərdə törədilən hadisələri “unudaraq” RF rəsmiləri Bakının qarşısına şərt qoyurlar ki, Rusiya vətəndaşları həbsdən buraxılsın. Amma Bakıda RF vətəndaşlarının niyə həbs edildiyini düşünmək istəmirlər. Əvvəlcə Yekaterinburq olaylarına, Rusiyanın digər şəhərlərində tutulanlara eyni münasibəti göstərmək heç ağla gəlmir.

Rusiya artıq MDB məkanında tək lider deyil. V.Putin İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsinə Çini şərik etdi: bu temp davam etsə, Hindistan da “şərik” olacaq. Belə olanda, “qələbəyə şərik” edilən dövlətlər MDB siyasətinə də şərik olmaq istəyəcəklər. O qələbədə ən vacib rollardan birini Bakı nefti oynayıb. Azərbaycana, Bakı neftinə laqeyd yanaşılmasaydı, bəlkə də SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsini kimsə V.Putinin əlindən “almağı” düşünməzdi.

Təkcə Qafqaz və MDB yox, daha böyük coğrafiyada Rusiyanın mövqeyinin güclənməsi, onun Azərbaycanla qurduğu münasibətlərdən asılıdır. Arzuolunan odur ki, Rusiya rəhbərliyi “sağlam” siqnallar versin. İki ay öncə Rusiya mediasına verdiyim müsahibədə V.Putinin İ.Əliyevə zəng etməsinin zəruriliyini əsaslandırdım. D.Peskov 1,5 saat sonra bunu istisna etdi. Yenə deyirəm: ən arzuolunan addım V.Putinin 2013-cü ildə etdiyi hərəkəti təkrarlamasıdır - təyyarəyə minib Bakıya gəlmək, Prezident İ.Əliyevlə oturub bütün məsələləri müzakirə etmək. Böyüklük belə göstərilir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 3 dəfə oxunub.
Seçilən
3
xezernews.az

1Mənbələr