AZ

Zəngəzur dəhlizi üçün şərtlər açıqlandı: Keçid qaydaları belə olacaq - MÜSAHİBƏ

BAKI, 11 sentyabr. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə daxilində və xaricində Azərbaycanla əldə olunan sülhü pozmaq istəyən qüvvələr mövcuddur. Bölgədə sülhün pozulmasında maraqlı olan tərəflər kimdir?

- Sözsüz ki, bölgədə sülhdən kənar situasiyaların yaranmasını istəyənlər çoxdur. Rusiyadan başqa Fransa, İranın bəzi dairələri də münaqişə vəziyyətinin yaranmasında maraqlıdır. Hətta II Qarabağ müharibəsindən sonra müvəqqəti olaraq Azərbaycan ərazisində rus sülhməramlıları yerləşdirilən vaxt bəziləri Qarabağda “beynəlxalq missiya” açmaq istəyirdi, hətta İran vətəndaşlarını ora göndərməyə cəhdlər edilirdi. Təbii ki, Azərbaycan vaxtında bu proseslərin qarşısını aldı. Hətta Rusiyanın siyasi rəhbərliyi hansısa gələcək “status”dan danışırdı. Məqsədləri o idi ki, məsələ uzansın. Hətta bölgədə dondurulmuş bir münaqişə vəziyyətini saxlamaq niyyətləri var idi. Moskvadan müəyyən təlimatlarla qanunsuz olaraq Qarabağa göndərilən Ruben Vardanyan kimiləri Azərbaycan ərazisində terror fəaliyyəti üçün “işlər” görürdü. Ermənistan siyasi rəhbərliyi dövlət büdcəsindən separatçı rejimin saxlanılması üçün hər il üç yüz milyon dollara yaxın vəsaiti ayırırdı. Bunlar yaddan çıxmamış faktlardır. İndi isə Ermənistan rəhbərliyinin açıqlamalarından aydın görünür ki, onlar xarici qüvvələrin əlaltısı, onların planlarının oyunçusu olmaq istəmir. Bu mənada Paşinyanın bəyanatları indiki halda vacib amil kimi önə çıxır. Çünki Ermənistan cəmiyyətinin böyük bir hissəsi kiminsə oyunları üçün alət olmaq istəmir. Onlar bu oyunları kənara qoyub qonşularla normal münasibətlər fonunda yaxşı yollar axtara bilərlər.

- Zəngəzur dəhlizinə (Trump marşurutu) dair Ermənistan rəhbərliyinin açıqlaması nəyi ifadə edir? Erməni tərəfi sərhəddə pasportların oxunması üçün cihazlarından istifadə edəcəklərini, nəticədə insan müdaxiləsi olmayacağını, sərhədçilərin yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklərini açıqlayıb. Bu mexanizmlər necə formalaşacaq?

- Naxçıvana maneəsiz keçidin praktiki əsasları müəyyən edilməlidir. Burada keçid təkcə insanlara aid edilməməlidir. Həmçinin Azərbaycandan gedən və gətirilən yüklərin də yoxlanılmaması təmin olunmalıdır. Beləliklə, Azərbaycandan-Azərbaycana gedən sərnişinlər və aparılan yüklər heç bir maneə ilə üzləşməsi prinsipi qorunmalıdır. Ona görə də Ermənistan tərəfi ABŞ Prezidenti Donald Trampım təşəbbüsünü öz xeyrinə istifadə etmək istəyir.

- Amma nədənsə Ermənistan tərəfi dəhlizin Zəngəzur adlanmasına qarşı çıxır. Suverenlik amili daha çox önə çəkilir. Bununla erməni tərəfi nə deməyə çalışır?

- Faktiki olaraq Azərbaycanın vaxtilə bolşeviklər tərəfindən iki yerə parçalanması amili problem kimi qəbul edilib. Bunu qəbul edərkən erməni tərəfi digər məsələni də həll etməyə çalışır. Vaxtilə Azərbaycandan qoparılan, xalqımıza qarşı bolşeviklər tərəfindən törədilmiş bu cinayəti erməni tərəfi ört-basdır etmək istəyir. Burada iki məntiq yaranır. Azərbaycan və Ermənistan tərəfindən irəli sürülən anlayışlar da bundan ibarətdir. Sözsüz ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin bölünməsini qəbul etməyib. Bu mənada indiki halda dəhliz anlayışı ilə tarixin vəziyyətin bərpa edilməsi amili önə çəkilir.

- Dəhliz məsələsində bir çox hallarda birtərəfli yanaşmalar sərgilənir. Bu məsələdə əsas anlayışlar nədən ibarətdir?

- Məqsəd odur ki, Trampın təşəbbüsü ilə açılacaq dəhlizin qarşısı məhz kənar qüvvələrin köməyi ilə alınsın. Beləliklə, ABŞ Administrasiyasına Azərbaycanı günahkar tərəf kimi təqdim etmək niyyətləri var. Reallıq da məhz bundan ibarətdir. Ona görə də müsbət mənada verilən bəyanatlara çox da alüdə olmaq lazım deyil. Əsas amil bu bəyanatların arxasında sülhə yönələn nəticələrin olmasıdır.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr