AZ

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verilib

Bakı və Abşeronun su təminatı üçün dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verilib

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı panel müzakirələrində deyib.

O bildirib ki, layihədə həm şəhər və sənaye sularının təmizlənməsi, həm də kənd təsərrüfatı məqsədli su istifadəsinin səmərəliliyi təmin olunur: "Layihədə özəl investorların iştirakı ilə suyun istehsalı və istifadəsində səmərəliliyi artırır, dövlət isə yalnız zəmanət təminatını həyata keçirir".

Z.Dibirov əlavə edib ki, alternativ su mənbələrindən və innovativ yanaşmalardan danışmazdan əvvəl, ölkədə su ehtiyatlarının nə qədər olduğunu və onlardan necə istifadə edildiyini dərk etmək vacibdir: "Hazırda istifadə olunan suyun təxminən 50 %-i proses zamanı itirilir, dünya miqyasında isə bu göstərici 30-40 %-dir. Bu itkilərin əsas səbəbi düzgün istifadə və köhnəlmiş infrastrukturla bağlıdır. 2022-ci ildə qəbul olunmuş dövlət-özəl tərəfdaşlığı (PPP) qanunu çərçivəsində ilk PPP layihələrinə start verilib. Bu layihələr köhnəlmiş infrastrukturların yenilənməsi, özəl sektorun təcrübəsinin ölkəyə gətirilməsi və suyun düzgün idarə olunmasını təmin edir. Suyun 70 %-i təsərrüfat məqsədli, xüsusilə suvarma üçün istifadə olunur və gələcəkdə investorlar daha çox bu istiqamətdə cəlb ediləcək".

O qeyd edib ki, PPP layihələri vasitəsilə kanalların düzgün idarə olunması, əhaliyə suyun operativ çatdırılması və itkilərin minimuma endirilməsi təmin olunacaq: "Gələcək illərdə PPP layihələrinin siyahısı hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və suyun daha səmərəli və dayanıqlı idarə olunması təmin ediləcək". (Report)

Seçilən
16
3
fed.az

4Mənbələr