NATO Polşa hava məkanına daxil olan ucuz PUA-ları vurmaq üçün F-35 qırıcıları və bahalı raketlərdən istifadə edib, bu isə alyansa ən azı 1,2 milyon avroya başa gəlib.
Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Nəşrin məlumatına görə, PUA-ların məhv edilməsi üçün üç ədəd AIM-9 “Sidevinder” tipli raket işə salınıb. Hər bir raketin qiyməti təxminən 400 min avro təşkil edir.
Buna baxmayaraq, vurulan dronların hər birinin dəyəri cəmi bir neçə min avro olub. NATO-nun yüksək rütbəli nümayəndəsi etiraf edib ki, bu üsul qeyri-effektivdir və alyans daha qənaətcil alternativlər axtarır.
Məqalədə qeyd olunur ki, NATO bu məsələdə Ukraynadan nümunə götürə bilər. Ukrayna dronlara qarşı mobil atəş qruplarından və xüsusi aşkarlama avadanlıqlarından istifadə edir.