AZ

Manafın oğlundan sonra maraqlı siyahı ortaya çıxdı Kimlər var?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevin vəzifəyə təyin edilməsi barədə xəbər ictimaiyyətdə diqqət çəkib. Məlum olub ki, 3 ay əvvəl Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi kimi işə başlayan Ağayev etimadı doğrultmayıb. Nəticədə o, tutduğu mövqedən kənarlaşdırılıb. Bu konteksdə ölkədə mədəniyyət və şou-biznes nümayəndələrinin övladlarının yüksək vəzifələrə təyinatı məsələsi aktuallaşıb.

Bu sırada hansı məşhurların adları var?

Globalinfo.az həmin siyahını təqdim edir.

Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

O, buna qədər müxtəlif vəzifələrdə çalışıb. Belə ki, əvvəl Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri prokurorluğunda Gömrük və Vergiyə Nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, Enerji Gömrük İdarəsində Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması şöbəsinin rəisi olub. Babayev həmçinin Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru vəzifəsini icra edib. Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi kimi fəaliyyət göstərib.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun müəyyən bir dövrdə polis orqanlarında çalışdığına dair məlumat var.

2020-ci ildə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktorunun müavini təyin olunub.

Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib.

2021-ci ildən isə A.İbrahimovaya Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. O, birinci katib vəzifəsinə gətirilib.

Məşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu vəzifə sahibidir.

Onun övladlarından biri Anar Mansurov 2025-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsinə təyin edilib. Bundan əvvəl AMB-nin Maliyyə idarəetməsi departamentinin direktoru kimi fəaliyyət göstərib. Bundan başqa müxtəlif illərdə “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti – “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvlüyünü də edib.

Bəstəkarın digər övladı Ülvi Mansurov isə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) İcraçı Direktorudur.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, maliyyə menecmenti, daxili audit departamenti, mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib. Ülvi Mansurov 2017-ci ildə “Azərpoçt”un baş direktoru təyin olunub.

Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov 2022-ci ildən Azərbaycanın Vatikanda fövqəladə və səlahiyyətli səfiridir.

İ.Muxtarov bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxanın polis strukturlarında çalışdığı barədə məlumatlar var.

Yazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.

Bundan əvvəl o, Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycaynın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb.

Yazıçı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar.

Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb, Milli Məclisinin VII çağırış deputatıdır. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
globalinfo.az

2Mənbələr