Bakı, TurkicWorld, Nailə Babazadə
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.
TurkicWorld xəbər verir ki, şahidlərinin və tibbi mənbələrin məlumatına görə, Qəzzanın qərbində yerləşən Şəti qaçqın düşərgəsində bir çadıra edilən hücum nəticəsində 3 fələstinli ölüb. Səhər saatlarından etibarən hücumlarını artıran İsrail ordusu, Qəzzanın mərkəzindəki Yermuk bölgəsində Ebu Herbid ailəsinə məxsus bir çadırı hədəf alıb. Həmin hücum nəticəsində bir qadın həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Bundan əlavə, Şucaiyə dairəsinin yaxınlığında, yardım almaq üçün toplaşan mülki şəxslərə qarşı həyata keçirilən hücumda daha bir qadın ölüb. Dərəc bölgəsində Şuva ailəsinə aid evə edilən hücum nəticəsində isə bir neçə nəfər yaralanıb.
İsrailin hücumları yalnız hava zərbələri ilə məhdudlaşmayıb. Nafak küçəsi və Şeyx Rıdvan gölünün ətrafı da ağır top atəşinə məruz qalıb. Eyni zamanda, Fələstin Esirlər Media Ofisinin məlumatına görə, İsrail qüvvələri Qəzza sahillərində fələstinli balıqçıları saxlayaraq qayıqlarını məhv edib.
Qəzza zolağının mərkəzində yerləşən Bureyc düşərgəsində, mülki yaşayış evlərinə atəş açılması nəticəsində bir fələstinli uşaq həyatını itirib. Deyr əl-Bəlah şəhərində yerləşən Hadicə Bassa məktəbinin yaxınlığında bir evin vurulması nəticəsində də çoxsaylı yaralılar var.
Zolağın cənubundakı Rəfah şəhərində, Şakuş bölgəsində yardım gözləyən insanlara qarşı açılan atəş nəticəsində iki nəfər həyatını itirib. Bundan başqa, Xan Yunus şəhərinin şimalındakı Hamed bölgəsində toplaşan mülki şəxslərə edilən hücum nəticəsində daha bir fələstinli öldürülüb.