AZ

Alla Puqaçova: “Rusiya mənə xəyanət etdi”

Vətəninfo.az xəbər verir ki, Rusiya estradasının tanınmış siması, xalq artisti Alla Puqaçova Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə keçmiş dostluğunu xatırlayaraq onun bu gün tamamilə dəyişdiyini bildirib.

“Mən Dima [Medvedev] və Sveta ilə dost idim. Onları çox bəyənirdim. Amma Dmitri Anatolyeviç bu gün tamam başqa adamdır. Mən onu tanımıram. Vladimir Vladimiroviçdən (Putindən) isə bu cür davranışı gözləməzdim,” – deyə Puqaçova qeyd edib.

Puqaçova Rusiya cəmiyyətindəki mövcud vəziyyəti kəskin şəkildə tənqid edib. O, ölkədə “casus ovuna” və baş verən təzyiqlərə işarə edərək bu halları “yerin göbələkləri” adlandırıb və onların aradan qaldırılmalı olduğunu vurğulayıb.

“Casuslarla doğulmuşam və elə görünür ki, onlarla da yaşayıram. Bu, casusların tüğyan etdiyi ölkənin göbələyidir, onu təmizləmək lazımdır. Bu, dəhşətli, iyrənc və biabırçıdır,” – deyə sənətçi sərt fikirlər səsləndirib.

O, müharibənin çoxsaylı insan ölümlərinə, talelərin puç olmasına səbəb olduğunu bildirərək, hərbi münaqişələrin dayandırılmasının vacibliyini vurğulayıb.

“Biz sülh üçün dua etməliyik, müharibədən isə ləzzət almaq olmaz,” – deyə o əlavə edib.

Puqaçova həmçinin özünə qarşı səslənən ittihamlara cavab verərək, xaricdən pul aldığı barədə yayılan iddiaları təkzib edib və ölkəsini tərk etməsinin səbəbini belə izah edib:

“Mən xainəm? Nəyə xəyanət etmişəm? Çoxdan deyirdim ki, çox sevdiyim vətənimi yalnız bir halda – vətənim mənə xəyanət etsə – tərk edə bilərəm. Və o, mənə xəyanət etdi. Amma həm Rusiyada, həm də xaricdə milyonlarla fanat mənə xəyanət etmədi.”

Qeyd edək ki, müğənni uzun illər ərzində Rusiya mədəniyyətinin simvoluna çevrilmişdi. Son illərdə isə onun sülh tərəfdarı çıxışları və ictimai mövqeyi cəmiyyətin fərqli təbəqələri tərəfindən birmənalı qarşılanmır.

Seçilən
13
veteninfo.az

1Mənbələr