AZ

Bu ölkədə avtoxuliqanlar dəlixanaya göndərilir aralarında azərbaycanlılar da var

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobillə yol hərəkəti qaydalarının nümayişkaranə şəkildə pozulması bəzi ölkələrdə inzibati xəta deyil, cinayət hesab edilir. Bura əsasən sürət limitinin yaşayış mətqələrində böyük həddə aşılması, “avtoşluq”, bilərəkdən qəza şəraiti yaratma kimi hallar daxildir. 

Avtosfer.az xəbər verir ki, Almaniyada qayda pozuntularına görə sürücülər qonşu ölkələrdəkindən (İsveçrə, Niderland, Fransa) daha az cərimə ödəyirlər. Lakin Almaniya qanunlarını da yumşaq hesab etmək doğru olmaz.

Yol hərəkəti qaydaları və bunların pozulmasına görə cəzalar 500 səhifəlik kataloqda (Bußgeldkatalog) cəmlənib. Kataloq bir neçə dildədir və maraqlı nüansları əks etdirir.

Almaniya qanunvericiliyi yolda qeyri-adekvat davranışları (sürət limitinin yaşayış mətqələrində böyük həddə aşılması, sürət yarışları, “avtoşluq”, iki təkər üstə sürmə, bilərəkdən qəza şəraiti yaratma, təhlükədə qoyma) inzibati xəta deyil, cinayət hesab edir. Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən, bu cür qaydapozmalarda sürücülük hüququ müəyyən müddətə birmənalı olaraq məhdudlaşdırılır. Vəsiqəsi əlindən alınan şəxs Almaniya yollarında digər nəqliyyat vasitələrini də sürə bilməz. 

Qalan məsələlərə isə müstəntiqlər və məhkəmə işin hallarına uyğun qiymət verir. Bu qiymət ya böyük məbləğdə cərimə, ya da həbs ola bilər. Özünün və başqalarının həyatını təhlükəyə atanları isə nə qədər qəribə olsa da, psixiatriya xəstəxanası gözləyir. Alman ekspertlərin qənaətinə görə, lüzumsuz yerə özünün və ya üçüncü şəxsin həyatını təhlükəyə atan şəxs psixi xəstədir və müalicəyə ehtiyacı var.

Lakin cəza bununla bitmir. Alman polisindən qurtulmaq həkimdən qurtulmaqdan daha asandır. Həkim xəstəxanaya düşən şəxsin psixi sağlamlığı barədə arayış vermədiyi təqdirdə həmin şəxsin sürücülük hüququnun bərpasından söz gedə bilməz. Bunun üçün də bir müddət özünü ağıllı aparmaq lazım gəlir. 

Eyni qayda pozuntusu ilə tutulan şəxsi isə daha ağır cəza gözləyir. 

Bu günlərdə manatlıq taksidə yol yoldaşım olan şəxsin Almaniyada başına belə bir hadisə gəlib. Bakıdan onlara qonaq gələn 2 gənc Frankfurtda gəzmək üçün avtomobil icarəyə götürüblər. Heç biri alman dili bilmədiyi üçün ev sahibi də onları müşayiət etməyə məcbur olub. 

En sahibi qonaqlarına qayda-qanunla sürməyi xəbərdar etsə də, onlar “bizi burda kim tanıyır?” prinsipi ilə hərəkət ediblər. Qırmızı işıqdan keçdikdən sonra “sağ-sol edən” sürücü heç 1 kilometr gedə bilməyib. Hardansa peyda olan 2 polis avtomobili onların qarşısını kəsib. Qanun keşikçiləri onları psixiatriya xəstəxanasına gətiriblər. Burada isə bizim “qəhrəmanlarımız” xüsusi ağ paltar geyindirilərək müayinə olunub. 

Dil bilmədikləri üçün yenə də çətinlik ev sahibinin üzərinə düşüb. 3 saatdan çox davam edən çək-çevir, sorğu-sualdan sonra hər 2 gənc əcnəbi olduqları nəzərə alınaraq azad edilib. Nə qədər qəribə olsa da, Bakıda yerə-göyə sığmayan bu “qaqaşlar” xəstəxananı ağlayaraq tərk ediblər. 

Tanınmış jurnalist həmkarımın (etik məsələlərə görə adını yazmıram) qohumu isə Almaniyada sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimələnib. O, şəhid ailəsi imtiyazından istifadə edərək cərimədən yayınmaq istəsə də, onu dəvət etmiş Azərbaycan əsilli Almaniya vətəndaşı bildirib ki, polis belə şeyləri baş düşmür. İstənilən lüzumsuz mübahisəyə polis idarəsində son qoyulur.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr