Avtomobilini təmiz saxlamaq hər sürücünün diqqət etdiyi vacib məsələlərdən biridir. Bəzi sürücülər nəqliyyat vasitəsini sürərkən, yaxud təmizləyərkən bir sıra səhvlərə yol verir ki, bu da özlüyündə bəzi problemlərin yaranmasına gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, çoxları düşünür ki, nə qədər çox yuyularsa, nəqliyyat vasitəsi bir o qədər yaxşı görünər. Amma bəzən sadə görünən bu prosesin arxasında gizli risklər də dayanır. Mühərrikdən tutmuş salon avadanlıqlarına qədər, avtomobilin bəzi hissələrinin su ilə təması zərərli nəticələr doğura bilər.
Xüsusilə də yüksək təzyiqli su ilə aparılan yuyulmalar zamanı suyun hər yerə yayılması qaçılmaz olur. Ən çox narahatlıq isə mühərrik hissəsinə və elektron sistemlərə suyun düşməsidir. Bu hal bəzi hallarda avtomobilin işə düşməməsinə, elektrik kontaktlarının sıradan çıxmasına və hətta uzunmüddətli nasazlıqlara gətirib çıxara bilər. Digər tərəfdən, sürücülər arasında belə bir fikir də var ki, əslində düzgün qaydada yuyulduqda mühərrik və avtomobilin digər hissələri suya davamlıdır.
Avtomobilin alt hissəsinin və ya salonun kənardan görsənməyən detallarının yuyulması da ayrıca müzakirə mövzusudur. Bəziləri bunun vacib olduğunu desə də, digərləri ciddi ziyan vura biləcəyini bildirir. Bəs, görəsən, avtomobili təmiz saxlamaq məqsədilə yuyarkən ehtiyat tədbirlərinə əməl edilməsə, nəqliyyat vasitəsinin uzunömürlülüyünə necə təsir edə bilər?
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza açıqlamasında bildirib ki, avtomobilin mühərrikini su ilə yumaq qəti qadağandır:
“Bəzi marka və modellərdə hətta kapotun altında xüsusi işarə vurulur ki, mühərrikə maye, xüsusən də şırnaqlı suyun dəyməsi yolverilməzdir. Mühərrik yalnız xüsusi spreylər, benzin əsaslı məhlullar, köpük vasitələri və ya firmaların təqdim etdiyi əlavə qatqılarla yuyula bilər. Bu maddələr uçucu xüsusiyyətə malik olduğuna görə mühərrikdə qalaraq zərər yaratmır”.
Sahil usta qeyd edib ki, avtomobilin kuzovunun yuyulmasında da diqqətli olmaq lazımdır:
“Bir çox yuyucu məntəqələrdə işçilər avtomobili tez təhvil vermək üçün yüksək təzyiqli şırnaqdan istifadə edirlər. Bu isə avtomobilə ciddi zərər vurur. Belə ki, güclü təzyiq boyanın qalxmasına, kiçik çatlara suyun dolmasına, təkər altındakı qoruyucu örtüklərin sıradan çıxmasına, qanaqların və alt hissənin çürüməyə başlamasına səbəb ola bilər. Ona görə də sürücülər avtomobillərini yuduzdurarkən təzyiqin azaldılmasını tələb etməli və bu məsələyə diqqət etməlidirlər”.
Ustanın fikrincə, avtomobil yuyulduqdan sonra dərhal qaraja qoymaq və ya uzun müddət hərəkətsiz saxlamaq olmaz:
“Çünki metal səthlərdə qalan su damlacıqları zamanla paslanma yaradır. Bunun qarşısını almaq üçün avtomobili yuduzdurduqdan sonra müəyyən məsafə qət etmək vacibdir. Təxminən 50–70 kilometr-saat sürətlə hərəkət etdikdə gizli yerlərdə qalan sular tamamilə çıxır. Daha sonra avtomobili dayanacaqda və ya qarajda saxlamaq mümkündür.
Beləliklə, həm mühərrikin, həm də kuzovun uzunömürlü olması üçün avtomobilin yuyulması zamanı istifadə olunan üsullara və sonrakı qaydalara ciddi diqqət yetirilməlidir”.
Fidan