AZ

Ölkədə ilk: Biznes təhsilinin yeni modeli UNEC-də

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müasir biznes təhsili modeli quruculuğu istiqamətində növbəti addım atıb.

XQ xəbər verir ki, ölkədə ilk dəfə olaraq, “Synergia Academy”nin təşəbbüsü və dəstəyi ilə Türkiyənin Sabancı Universiteti və UNEC-in birgə həyata keçirdiyi Mini MBA proqramının açılışı olub.

UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilən üçtərəfli görüşdə Sabancı Universitetinin prorektoru Prof. Dr. Cem Güneri, Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva, digər nümayəndələr, eləcə də proqramın təlimçiləri iştirak ediblər.

Görüşdə proqramın məqsədi, hədəfləri və gələcək perspektivləri müzakirə olunub. Qeyd edilib ki, məqsəd real sektorla birlikdə əmək bazarının tələblərinə uyğun biznes təhsilini təşkil etmək, həmçinin xarici universitetin cəlb edilməsi ilə qlobal biliklərin yerli kontekstə uyğunlaşdırılmasıdır. Orta və yüksək rəhbər vəzifələrdə çalışan mütəxəssislər, biznes sahibləri, ümumiyyətlə, biznes sahəsində əhatəli bilik əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuş modul əsaslı Mini MBA proqramının nəzəri bilikləri praktiki tətbiqlə birləşdirəcəyi diqqətə çatdırılıb.

Rektor Ədalət Muradov Mini MBA proqramının ölkədə pilot layihə olduğunu deyərək, biznes təhsili modelinin qurulmasının və rəqabət mühitinin təhsil sahəsinə gətirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Mini MBA proqramı beynəlxalq standartlara uyğun bilik və bacarıqlar təqdim edərək karyera inkişafı üçün əvəzsiz fürsət yaradacaq.

Sabancı Universitetinin prorektoru Prof. Dr. Cem Güneri Mini MBA proqramının Azərbaycanın təhsil və biznes ekosistemi üçün strateji əhəmiyyət daşıdığını qeyd edib və iştirakçılara qlobal standartlara uyğun, praktiki biliklər təqdim etməyə hazır olduqlarını bildirib.

Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva isə proqramın ölkədə müasir biznes bacarıqlarına olan ehtiyacı qarşılamaqla yanaşı, universitet təhsili ilə real biznes dünyası arasında körpü rolunu oynayacağını deyib. O, proqramda 16 iştirakçının yer aldığını və təlimçilərin yerli və beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarət olduğunu vurğulayıb.

Seçilən
15
9
xalqqazeti.az

10Mənbələr