AZ

Simonyandan siyasi mesaj: “Xarici tərəfdaşlara göstərmək istəyir ki...”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Bizim Ermənistan-Azərbaycan malları üçün müştərək bazarımız olacaq. Bizim mağazalarımızda Azərbaycan malları olacaq, erməni malları isə Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda satılacaq. Bu qaçılmazdır. Ermənilər gedib Azərbaycan benzini alacaqlar, çünki bu, sərfəlidir".

Bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Parlamentin sədri bir daha vurğulayıb ki, çox qısa müddətdə ermənilərlə azərbaycanlılar alver edəcəklər. 

“Tramp marşrutu”na gəlincə, Alen Simonyan Zvartnots hava limanının Argentina şirkəti tərəfindən idarə olunması modelini misal çəkib.

"Şərti desək, enerji infrastrukturunun tikintisini erməni şirkəti, dəmir yolunun tikintisini isə başqa şirkət öz üzərinə götürə bilər. Bu məsələləri ortaq erməni-amerikan təşkilatı həll edəcək", - o əlavə edib.

Parlament sədri əmin edib ki, hər şey məlum beş prinsip əsasında həyata keçiriləcək və bu prinsiplərdən kənar heç nə olmayacaq.

"Ermənistana bomba daşındığını və onun yarı yolda partladığını bilməməyimiz mümkün deyil. Ermənistan hansı yükün daşındığını biləcək. Bunlar texniki məsələlərdir, hazırda skanerlər və digər texniki vasitələr var", - o, fikrini yekunlaşdırıb.

Görünən odur ki, Paşinyan iqtidarı sülh istiqamətində cəmiyyəti hazırlamağa çalışır. Sizcə, erməni cəmiyyəti sülhə hazırdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Tural İsmayılov bildirib ki, Alen Simonyanın “ermənilər gedib Azərbaycan benzini alacaqlar” fikri əslində Ermənistan rəhbərliyinin iqtisadi reallıqlarla üz-üzə qaldığını etirafıdır:

“İrəvanın əsas enerji təminatçıları Rusiya və İrandır və bu, həm baha, həm də siyasi risklərlə müşayiət olunur. Ona görə də Alen Simonyanın Azərbaycan bazarını alternativ kimi göstərməsi tamamilə rasional yanaşmadır. Çünki Azərbaycan benzin istehsalında və qiymət sabitliyində bölgənin əsas oyunçularından biridir.

Bu açıqlama, eyni zamanda Ermənistan cəmiyyətinə verilən psixoloji mesajdır. Uzun illərdir davam edən düşmənçilik ritorikasına baxmayaraq, Alen Simonyan ictimaiyyətə demək istəyir ki, iqtisadi maraqlar siyasi baryerləri aşa bilər. Amma bunun reallaşması üçün ilk növbədə sülh müqaviləsinin imzalanması və sərhədlərin açılması lazımdır. Əks halda, bu sözlər sadəcə populist bir ritorika kimi qalacaq”.

Politoloq qeyd edib ki, Azərbaycan üçün bu cür perspektivlər iqtisadi baxımdan problem yaratmır:

“Azərbaycan üçün bu cür perspektivlər iqtisadi baxımdan problemli deyil, çünki ölkənin bazarı güclüdür və Ermənistanın kiçik tələbatı heç bir risk yaratmır. Əksinə, Ermənistan Azərbaycan bazarına iqtisadi baxımdan asılı vəziyyətə düşəcək. Bu isə gələcəkdə Bakının siyasi təsir imkanlarını daha da genişləndirəcək.

Bununla yanaşı, Ermənistan daxilində belə fikirlər ciddi müqavimətlə də qarşılanacaq. İllərlə davam edən anti-Azərbaycan təbliğatı, “düşmən ölkədən enerji almaq” kimi arqumentlər bir çoxlarını narahat edəcək. Lakin iqtisadi məntiqlə düşünənlər üçün bu çıxış yoludur.

Nəticə etibarı ilə Alen Simonyanın sözləri reallıqdan daha çox bir siyasi mesajdır. O, həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlara göstərmək istəyir ki, Ermənistanın gələcəyi Azərbaycansız mümkün deyil. Bu isə faktiki olaraq İrəvanın məcburiyyət qarşısında olduğunu göstərən ən açıq etiraflardan biridir”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr