AZ

Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə dəyirmi masa

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda dəyirmi masa keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru professor İlham Məmmədzadə Azərbaycanın mədəniyyət incilərindən olan muğamın həm musiqi janrı, həm də fəlsəfi-estetik düşüncə sistemi kimi dəyərləndirildiyini söyləyib.

O, Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli və “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli sərəncamlarının icrasını təmin etmək məqsədilə AMEA-nın Tədbirlər planının hazırlanaraq təsdiq olunduğunu vurğulayıb. İlham Məmmədzadə bütün ömrünü xalqının mədəniyyətinin, musiqisinin, təhsilinin və elminin inkişafına həsr etmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından söz açaraq, onu müasir Azərbaycan musiqişünaslığının əsasını qoyan, ölməz əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirən parlaq tarixi şəxsiyyət kimi səciyyələndirib.

Professor İlham Məmmədzadə, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadə irsi ilə bağlı fikirlərini bölüşüb, Ulu Öndər Heydər Əliyevin görkəmli şairə daim böyük hörmət bəslədiyini bildirib. Vurğulayıb ki, dahi liderin azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib. Şairin dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb.

Görkəmli Azərbaycan filosofu Asif Əfəndiyevin yaradıcılığına da nəzər salan İlham Məmmədzadə onun ədəbi-tənqidi-fəlsəfi səpkidə qələmə aldığı və indiki çağda da tənqid tariximizin maraqlı səhifəsini təşkil edən məqalələrini diqqətə çatdırıb. O, Asif Əfəndiyevin fəlsəfədən ədəbiyyata və eyni zamanda, ədəbiyyatdan fəlsəfəyə keçid kimi səciyyələndirilən bir “ortaq” nöqtəyə üz tutduğunu bildirib.

Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri professor Adil Əsədov “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi gənc yaşlarında fəlsəfə elminə marağının artırılmasında Bəxtiyar Vahabzadə və Asif Əfəndiyevin böyük rolu olduğunu söyləyib.

Adil Əsədov muğamın özlüyündə bir fəlsəfə olduğunu və dinləyicisində fəlsəfi hisslər yaratdığını bildirib. Qeyd edib ki, dahi bəstəkar Üzeyir Hacıbəyli bu möhtəşəm musiqinin yaratdığı fəlsəfi yaşantını rasional fəlsəfə məzmununa transformasiya edərək Azərbaycan muğamları ilə bağlı ilk fundamental konsepsiyanı yaradıb: “Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsərində muğamlarımızı belə bir ardıcıllıqla təqdim edib: Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz və Humayun. Onun təqdimatında Rast - mərdlik və gümrahlıq ifadəçisi, Şur - şən lirik əhvali-ruhiyyə, Segah - məhəbbət, Şüştər - dərin kədər, Çahargah - həyəcan və ehtiras, Bayatı-Şiraz - qəmginlik, Humayun isə daha dərin kədər ifadəçisidir. Göründüyü kimi, bu ardıcıllıq mərdlik və gümrahlıq əhvali-ruhiyyəsinin musiqidə ifadəçiliyindən başlayır, dərin kədər ifadəçiliyində isə başa çatır”.

Məruzəçi bildirib ki, muğamlarımızın fəlsəfi mənalandırılması istiqamətində ikinci addımı Xalq şairi Bəxtiyar Vahabzadə atıb. Onun təqdim etdiyi muğam sırası belədir: Şur, Çahargah, Segah və Rast. Muğamın göstərilən bu dörd tərkib hissəsini ayrı-ayrılıqda bədii və fəlsəfi təhlil edən Bəxtiyar Vahabzadə həmin təhlilin nəticəsi olaraq möhtəşəm “Muğam” poemasını qələmə alıb.

Onun sözlərinə görə, muğamlarımızın fəlsəfi mənalandırılması istiqamətində növbəti addım filosof alim Asif Əfəndiyev tərəfindən atılıb. Özünəməxsusluğu ilə seçilən görkəmli filosof muğamlarımızı başqa bir ardıcıllıqla təqdim edib: Çahargah, Segah, Bayatı-Şiraz, Bayatı Kürd, Şur, Qatar və Rast. O, “Qəm və üsyan” adlı essesində muğamın sədalarını fəlsəfi ahənglər kimi səciyyələndirib.

Professor Adil Əsədov qeyd edib ki, muğam zaman və məkan baxımından reallıqdan tam uzaqlıqda qalan, lakin reallığı özünə doğru yüksəltməli olan idealın yaratdığı yaşantını imitasiya edir. O, Üzeyir Hacıbəylinin irəli sürdüyü təsnifat sxeminə istinad edirək muğamların ardıcıllıq sxemini təqdim edib: Rast, Humayun, Şüştər, Segah, Şur, Çahargah və Bayatı-Şiraz.

Məruzəçi muğamlarımızın ayrı-ayrılıqda fəlsəfi mənalandırması ilə bağlı mülahizələrini diqqətə çatdırıb. Vurğulayıb ki, ciddi musiqi, o cümlədən də muğam insan həyatını mənasızlıq əzabından xilas edən qüdrətə malikdir. Bu nöqteyi-nəzərdən, ciddi musiqi də özünəməxsus bir fəlsəfədir. Fəlsəfə kimi o da insan həyatını mənasızlıq zülmündən xilas edə bilir.

Tədbirdə professor Rafail Əhmədli, tarix elmləri doktoru Eynulla Mədətli, dosentlər Mətanət Şəkixanova, Firudin Qurbansoy və Radif Mustafayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
azertag.az

1Mənbələr