AZ

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 32 şagird tələbə adını qazanıb

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrini bitirən 1 şəhid övladı, sağlamlıq imkanları məhdud 24, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 7 şagird tələbə adını qazanıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu münasibətlə komitədə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul edilən xüsusi kateqoriyadan olan uşaqlarla görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq-gənclər siyasəti çoxşaxəli inkişaf perspektivlərinə əsaslanır. Gələcəyimiz olan uşaq və gənclər hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Onların hüquq və sağlamlıqlarının qorunması, bilik və bacarıqlarının artırılması, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması daim dövlətin diqqətində saxlanılır və bu istiqamətdə davamlı, məqsədyönlü sosial tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və gənclərə qayğısı da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsləri uşaqların hərtərəfli inkişafına, gənclərin elm, mədəniyyət və idman sahələrində nailiyyətlərinin artırılmasına geniş imkanlar açır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr uşaqların sosial müdafiəsinin güclənməsinə və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir. Sağlamlıq imkanları məhdud uşaqlar uğurlu dövlət siyasəti nəticəsində cəmiyyətə fəal şəkildə inteqrasiya olunurlar. Eyni zamanda, valideyn himayəsindən məhrum və ya valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl işlər aparılır, onların müdafiəsini təmin edən qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılır.

Ramilə Seyidova vurğulayıb ki, komitə tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılmaqla yanaşı, onların maarifləndirilməsi, sosial rifahının yaxşılaşdırılması və inkişafına dəstək göstərilməsi məqsədilə müxtəlif tədbirlər də təşkil olunur. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum 85 və sağlamlıq imkanları məhdud 2079 uşaq var. Bu il ali və orta ixtisas təhsil müəssisələrinə xüsusi kateqoriyadan 1 şəhid övladı, 6 qız və 1 oğlan olmaqla, valideyn himayəsindən məhrum 7 uşaq (keçən il 5 nəfər), həmçinin 9 qız və 15 oğlan olmaqla, sağlamlıq imkanları məhdud 24 uşaq (keçən il 16 nəfər) qəbul olunub. Ümumilikdə, 32 nəfərdən 7 nəfər orta ixtisas, 25 nəfər isə ali təhsil müəssisəsinə daxil olub.

Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Tələbələr gələcəkdə dövlətimiz üçün layiqli kadrlar olacaqlarına söz veriblər.

Sonra tələbələrə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim edilib.

Seçilən
9
1
azertag.az

2Mənbələr