AZ

"Polşa üzərində dron savaşı: NATO-nun zəif yeri üzə çıxıb" - "Deutsche Welle"

 
"NATO-nun zəifliyi, Moskvanın sınağı və Qərbin cavabındakı boşluqlar..."
 
Rusiya gecəyarısı Polşanın hava məkanına 19 pilotsuz uçuş aparatı göndərməklə yeni bir təhlükəli eskalasiyaya imza atdı.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
NATO-nun reaksiyası və zəif həlqələri
Məlumatda deyilir ki, bir neçə dron vurulsa da, çoxu Polşaya Belarus ərazisindən daxil olub. Bu, müharibə başlayandan bəri ilk dəfədir ki, belə kütləvi hücum birbaşa Belarusdan həyata keçirilir. NATO baş katibi Mark Rütte insidentin qəbuledilməz olduğunu bəyan edərək, "NATO-nun hər qarış ərazisinin qorunacağına” söz verib. Paris və Bratislava da Polşaya həmrəylik göstərərək Rusiyanın təxribatını pisləyib. 
 
Lakin hücum Alyansın hava hücumundan müdafiə sisteminin nə qədər kövrək olduğunu ortaya qoyub. Almaniya kansleri Fridrix Mers açıq şəkildə etiraf edib ki, NATO-nun hava müdafiəsi "işləyib,  amma lazım olduğu qədər təsirli olmayıb". Onun sözlərinə görə, bu zəiflik həm NATO, həm də Avropa İttifaqı daxilində ciddi müzakirələr doğuracaq.
Varşavanın mövqeyi və ittihamlar
 
Polşa hökuməti hadisəni təsadüfi kurs səhvi kimi deyil, şüurlu hücum kimi qiymətləndirir. Xarici işlər naziri Radoslav Sikorski açıq şəkildə deyib: "Rusiya bilərəkdən Polşanı hədəfə alıb, Kremlin inkarı isə yalandır". Baş nazir Donald Tusk isə NATO-nun 4-cü maddəsini işə salaraq Alyansla təcili məsləhətləşmələr tələb edib.
 
O, müttəfiqlərdən "hava məkanının müdafiəsi üçün daha güclü dəstək" gözlədiyini vurğulayıb. Maraqlıdır ki, Polşa ordusunun baş qərargah rəisi Belarusun hücumdan əvvəl dronların hərəkəti barədə xəbərdarlıq etdiyini açıqlayıb - bu, Minsk-Varşava münasibətləri fonunda gözlənilməz addım olub.
 
Zelenskinin xəbərdarlığı
 
Ukrayna prezidenti Vladimir Zelenski isə Qərbin reaksiyasını qeyri-adekvat hesab edib. Onun fikrincə, Moskva "mümkün olanın sərhədlərini yoxlayır" və NATO-nun zəif cəhətlərini ölçməyə çalışır. Zelenski xəbərdarlıq edib: əgər Alyansın cavabı yalnız bəyanatlarla məhdudlaşsa, Rusiya bundan yalnız ruhlanacaq.
 
Dron hücumu təsadüfi deyil, Moskvanın planlı təxribatı kimi görünür. Bu, həm Polşanı sınağa çəkir, həm də NATO-nun hava qalxanının real gücünü ölçür. İndi Qərb seçim qarşısındadır: ya daha ciddi müdafiə addımları atacaq, ya da Kremlin təxribatlarını yeni "adi hal" kimi qəbul etmək riskinə düşəcək.
Seçilən
14
1
moderator.az

2Mənbələr