AZ

Altıağacın piknik ərazisini icarəyə verdilər – Giriş üçün əlavə pul yığılır – YENİLƏNİB

Azərbaycan Respublikasının Xızı rayonu Altıağac qəsəbə inzibati ərazi dairəsində yerləşən Qızılqazma kəndindəki piknik zonası icarəyə verilib.

Bu barədə Milli.Az-a vətəndaş şikayəti daxil olub.

Vətəndaş bildirir ki, əvvəllər Qızılqazma kəndindəki piknik zonasına giriş haqqı hər bir şəxs üçün 2 (iki) manat təşkil edirdi, bu məbləğ meşə təsərrüfatı əməkdaşları tərəfindən rəsmi bilet verilməklə toplanırdı.

30 iyun 2025-ci ildən etibarən isə naməlum bir qrup şəxs (bir neçə kişi) zonaya girişin qarşısını alıb və giriş haqqı 4 manat olub, əvəzində isə heç bir qəbz təqdim olunmur.

Milli park tərəfindən əvvəllər qurulmuş taxta masalar və kötüklərdən istifadə üçün belə əlavə ödəniş tələb olunur, yeni xidmət göstərilmir.

Araşdırma zamanı məlum oldu ki, Altağac Milli Parkının direktoru Dərgah Rüstəmov ilə sahibkar Müşfiqə Əliyeva arasında müqavilə imzalanıb. Altağac Milli Parkı ərazisindəki Qızılqazma piknik nöqtəsində 2 söhbətgah cəmi 400 manata sentyabrın 30-na qədər Müşfiqə Əliyevaya icarəyə verilib.

Vətəndaşın iddiasına görə isə, sahibkar tərəfindən əraziyə giriş məhdudlaşdırılıb və əlavə haqq tələb olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnaməyə görə təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayn-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndinə əsasən, milli parkların ərazilərində təbiət istifadəçilərinə xidmət göstərilməsi məqsədilə müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlərin istifadəyə verilməsi mümkündür.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Milli.Az saytının sorğusuna cavab olaraq bildirib ki, Altıağac Milli Parkında sözügedən piknik ərazisində yerləşən iki söhbətgah da məhz bu qərara uyğun olaraq razılaşma əsasında istifadəyə verilib.

İstifadəçi tərəfindən tələb edilən məbləğ yalnız müəyyən piknik avadanlıqları ilə təchiz edilmiş həmin söhbətgahlarda göstərilən iaşə xidmətlərinə aiddir və bu xidmətdən istifadə turistin öz şəxsi istəyinə bağlıdır.

Əgər istifadəçi söhbətgahlardan kənar piknik yerləri və ümumi əraziyə giriş üçün əlavə ödəniş tələb edirsə, bu, qanunvericiliyə uyğun deyil və yolverilməzdir. Məsələ tərəfimizdən araşdırılacaq.

Qeyd edək ki, milli parkların ərazisinə giriş haqqı Nazirlər Kabinetinin eyni qərarı ilə 2 manat müəyyən olunub və ödəniş yalnız parkın əməkdaşları tərəfindən qəbul edilir.

Altıağac Milli Parkında ümumi istifadəyə açıq, ödənişsiz piknik əraziləri var və parka giriş haqqını ödəyən bütün vətəndaşlar bu ərazilərdən istifadə edə bilərlər.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğuya cavab olaraq bildirilib:

Seçilən
4
2
editor.az

3Mənbələr