AZ

Tural İsmayılov: PUA insidentləri NATO-ya qarşı siyasi mesajdır

“Hazırkı vəziyyət beynəlxalq hüququn açıq şəkildə pozulması kimi dəyərləndirilir. Polşanın hava məkanına icazəsiz daxil olan PUA-lar sadəcə texniki insident deyil, eyni zamanda siyasi mesaj xarakteri daşıyır. NATO-nun 4-cü maddəsinin işə salınması isə Alyans daxilində həmrəyliyin möhkəmlənməsinə xidmət edir və bu, Moskvaya açıq siqnal göndərir ki, Avropanın təhlükəsizliyi kollektiv məsələdir. Əgər oxşar insidentlər davamlı xarakter alarsa, NATO-nun cavab addımları daha sərt ola bilər. Alyans birbaşa müharibəyə girmək istəmir, lakin təhlükəsizliyə yönəlmiş təhdidlərə də göz yuma bilməz. Polşanın həm NATO, həm də Avropa İttifaqının üzvü olması məsələyə ikiqat həssaslıq qatır. Bu baxımdan hücum yalnız bir dövlətə deyil, bütövlükdə Qərb blokuna qarşı yönəlmiş kimi görünür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, son günlər Polşanın hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hadisə sadəcə texniki insident kimi deyil, həm də siyasi mesaj xarakteri daşıyan addım kimi qiymətləndirilir. NATO-nun 4-cü maddəsinin işə salınması isə həm Polşanın təhlükəsizliyi, həm də bütövlükdə Avropanın müdafiəsi ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Siyasi şərhçinin fikrincə, Moskvanın bu addımlarla “sərhədləri yoxlamağa” cəhd etməsi ehtimalı yüksəkdir.

“Bununla belə, NATO-nun hərbi güc balansı Rusiyanın riskini artırır. Birbaşa qarşıdurma tam istisna olunmasa da, tərəflər hələlik daha çox psixoloji və siyasi təzyiq vasitələrindən istifadə edirlər. Çünki müharibə Avropanı ciddi şəkildə qeyri-sabitləşdirə bilər. Bunun fonunda Polşanın sərhəd və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi gözlənilir. NATO isə regiona əlavə qüvvələr yerləşdirə bilər. Ümumilikdə, baş verənlər hərbi eskalasiyadan çox siyasi mesajlaşma xarakteri daşıyır. Lakin balans istənilən anda dəyişə bilər və bu, bütün Avropa üçün ciddi təhlükə deməkdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
3
aznews.az

1Mənbələr