AZ

Anar Yusifoğlu: "Medal alverçisinin cəmiyyətdə yeri yoxdur"

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi təşkilatların qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi ilə bağlı birgə bəyanatı ictimai müzakirələrə səbəb olub.

QHT.az xəbər verir ki, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədri Anar Yusifoğlu bəzi QHT-lərin saxta orden və medallar təqdim etməsi məsələsinə münasibət bildirib. QHT sədri qeyd edib ki, illərdir cəmiyyətin içində “hörmət satışı” ilə məşğul olan qurumlar bu yolla özlərinə “hörmət dükanı” açıblar:

"Kiminsə cibinə, kiminsə şəxsi maraqlarına xidmət edən bu saxta təltiflər hüquqi cinayətdir. Əslində, məsələ sadəcə hüquqi məsuliyyətlə yekunlaşmamalı, onlar ictimai mühitdə ifşa edilməlidir. Çünki hər saxta medal bir aldanmış insan, hər uydurma orden isə dövlət nüfuzuna zərbə deməkdir," – deyə Anar Yusifoğlu vurğulayıb.

Onun sözlərinə görə, bu cür saxta təltiflərin adı birbaşa “orden alveri”dir:

"Alverçi ilə dialoq aparmaq olmaz, ona yalnız hüquqi və ictimai cəza vermək lazımdır. Dövlətin nüfuzunu uydurma medallarla gözdən salanlar həm qanun qarşısında, həm də cəmiyyət qarşısında cavab verməlidirlər. Belələrinə yumşaq xəbərdarlıq yox, möhkəm cəza lazımdır. Çünki medal alverçisinin cəmiyyətdə yeri yoxdur".

 

Pərvanə Fərhadqızı

Seçilən
43
qht.az

1Mənbələr