AZ

Rusiyada mobil internet kəsilmələri: Ukrayna dronlarına qarşı çıxış yolu?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yay boyu Rusiyada mobil internetlə bağlı problemlər müşahidə olunub. Hakimiyyət bu kəsintiləri məcburi addım kimi təqdim edir və bunun pilotsuz uçuş aparatları ilə mübarizədə lazım olduğunu bildirir.

May ayından bəri şəbəkə ilə bağlı nasazlıqlar Rusiyanın bütün regionlarını əhatə edib.

İnsanlar yenidən nağd pul işlətməli olur, taksi çağıra bilmir, telefon vasitəsilə işləyə bilmirlər. Mobil operatorlar və çatdırılma xidmətləri isə zərərlə üzləşirlər.

Rusiya hökuməti isə bu kəsintilərlə bağlı az danışır və onların nə vaxt bitəcəyi barədə heç bir məlumat vermir.

"Gup!" və heç nə işləmir"

Tula vilayətində mobil internetin kəsilməsi ilə bağlı şikayətlər bu ilin may ayından başlayıb. Bu, region sakini, frilanser Marinanın işini xeyli çətinləşdirib (məqalədəki bütün adlar təhlükəsizlik məqsədilə dəyişdirilib).

Əvvəllər o, tez-tez materiallar göndərir, redaktə edir və işini mobil telefondan birbaşa həll edirdi, amma indi bu, mümkün deyil.

"Əgər evdən çıxmalı olsam, bütün iş çatlarında tələsik yazıram və xəbərdarlıq edirəm: evdən çıxdım, bir neçə saat olmayacağam, məni onlarca məktub gözləyə bilir, mən isə əvvəllər yolda onlara cavab verə bilirdim, amma indi mobil internet yoxdur. İndi həyatım routerdən routerə qaçmaqla keçir", - Marina danışır.

Əvvəllər Marina yolda müştərilərlə istənilən messencer vasitəsilə əlaqə saxlayırdı, indi isə Zoom-a qoşulmaq üçün bütün tərəflərin internetə əli çatdığı vaxtı seçmək məcburiyyətində qalır.

"Bəzən internetin olmaması tam gözlənilməz vəziyyətlərə gətirib çıxarırdı, məsələn, alkoqollu içki almaq mümkün olmur, çünki aksiz kodu keçmir, yaxud xüsusi nişanlamadan keçən süd məhsullarını almaq olmur", - Marina danışır.

"Ən narahat edici məqam isə Rusiya poçtundan bağlama götürməkdir. QR kod cəmi 10 dəqiqəlik işləyir, poçt şöbəsi isə evdən 5 dəqiqəlik məsafədədir. Bu QR kod sanki estafet çubuğudur, onunla elə sürətlə qaçıram ki, çatım, poçt işçisi isə məni növbəsiz buraxır, çünki başqa cür mümkün deyil", - o deyir.

Bu yay oxşar problemlər Rusiyanın əksər regionlarına təsir edib. İstifadəçilərin şikayətlərini toplayan "Na svyazi" layihəsinin hesablamalarına görə, may ayından bəri mobil internetin kəsilməsi bütün regionlarda baş verib, pik günlərdə isə eyni vaxtda 77 regiona təsir göstərib.

Bəzi regionlarda kəsintilər lokal və ya müvəqqəti xarakter daşıyıb - internet müəyyən müddətə və ya şəhərin bəzi rayonlarında işləməyib. Digər regionlarda isə, məsələn, Krasnoyarsk diyarında, Nijni Novqorod və Omsk vilayətlərində mobil internet artıq bir aydan çoxdur ki, stabil işləmir.

Eyni zamanda, Vladimir şəhərinin dövlət televiziyası regionda mobil internetin kəsilməsini "rəqəmsal detoks" adlandırıb.

"Vladimir"in reportajında şəhər sakinləri gülümsəyərək bildiriblər ki, mobil internetsiz daha çox dostları ilə ünsiyyət qurmağa, gəzintiyə çıxmağa, kitab oxumağa başlayıblar və narahatlıq hissindən qurtulublar.

Eyni fikri Nijni Novqorod qubernatoru Qleb Nikitin də səsləndirib. "Bunu sağlamlaşdırıcı prosedur, detoks kimi qəbul edin", - deyə o regionda mobil internetin uzunmüddətli kəsilməsi barədə bildirib.

Udmurtiya rəsmiləri isə internetin kəsilməsi üçün yeni ad da düşünüblər: "mobil internetin deqradasiyası".

Mobil internetin kəsilməsinə verilən əsaslandırma isə birdir: "Bunların hamısı təhlükəsizliklə bağlıdır. PUA-lar hər yerdə uçur", - deyə böyük rabitə operatorlarından birinə yaxın mənbə BBC-nin Rusca xidməti ilə söhbətində bildirib. Onun sözlərinə görə, əvvəlcə mobil şəbəkə yalnız müəyyən yerlərdə, - məsələn, 9 May günü - kəsilirdi. Lakin sonra regionlarda "işçi qrupların yaradılması təşkil edildi və yerli hakimiyyətlərə kəsinti tələb etmək səlahiyyəti verildi".

"Əvvəllər operatorlar hüquq-mühafizə orqanlarını hətta danlaya bilirdilər: "Qoy mərkəzdən xüsusi məktub gəlsin, onsuz biz bunu etməyəcəyik" deyirdilər. İndi isə hər şey hüquq-mühafizə orqanlarının sorğusu ilə baş verir. Amma hələ də operatorlar əvvəlcədən xəbərdar edilirlər, kimsə şəbəkəni qəfil kəsmir", - deyə mənbə bildirir.

"İndi vəziyyət belə görünür: "Gup!" və heç nə işləmir, - BBC-yə çatdırılma xidməti işçisi deyir, - operatorlar bilirlər harada kəsinti olacaq, biz isə yox".

O deyir ki, 9 Maydakı ilk genişmiqyaslı kəsintilər barədə biznes xəbərdar edilmişdi, lakin indi kəsintilərin harada olacağı barədə məlumat verilmir.

Amma xəbərdarlıq etmək mümkün deyil, çünki bu, "tamamilə situativ, planlaşdırılmamış məsələdir, mobil əlaqə yalnız hər hansı təhlükə yarananda məhdudlaşdırılır", - deyə Udmurtiyanın rəqəmsal inkişaf naziri Mixail Fominov rəsmi mövqeni izah edib.

"Biz operatorlardan soruşduq ki, bu nə qədər davam edəcək, onlar özləri də bilmir. Görünür, PUA-lar uçmağı dayandıranda. Taksi, çatdırılma zərər çəkir. Kafedə wi-fi yoxdur, terminal işləmir, sən isə ağılsız kimi gəzirsən. Üstəlik, əgər Moskvada yalnız geolokasiyanı məhdudlaşdırırlarsa, regionlarda sən tam şəkildə əziyyət çəkirsən", çatdırılma xidməti mənbəsi bildirir.

İnternetsiz, xəritəsiz, pulsuz və taksisiz

Yay ərzində Vladimir vilayətinin sakinləri, eləcə də Rusiyanın bir çox digər regionlarının əhalisi tez-tez baş verən mobil internet kəsintilərinə görə oflayn xəritələrdən istifadə etməyi öyrəndilər, nağd pulun vacibliyini xatırladılar və taksi və kuryerlərdən daha az istifadə etməyə başladılar.

Vladimir şəhərində mobil internet ilk dəfə 9 Mayda kəsildi, daha sonra bir-üç gün davam edən müvəqqəti məhdudiyyətlər oldu, 10 avqustdan etibarən isə "tamamilə kəsildi", şəhər sakini Konstantin BBC-yə danışır.

Onun sözlərinə görə, hazırda Vladimirin üç rayonundan ikisində mobil internet yoxdur.

Mobil internetin olmaması ən çox dayanacaqlarda hiss olunur - "Yandex Xəritələr"də ictimai nəqliyyatın hərəkətini izləmək və cədvəli öyrənmək mümkün deyil. "Dayanacaqlardakı informasiya tabloları da indi yanlış işləyir. Buna görə də çoxları uzun müddət məlumat ala bilmədən gözləyirlər",- deyə Konstantin bildirir.

O, həmçinin şəhərdə taksi qiymətlərinin bahalaşmasından şikayətlənir.

Nə taksi sürücülərinin sifarişi qəbul etmək üçün mobil interneti var, nə də istifadəçi tətbiqdən sürücünün nə vaxt gələcəyini anlaya bilir, deyə Konstantin əlavə edir.

Rusiya hakimiyyəti mobil rabitənin kəsilməsini Ukrayna dronlarına qarşı təhlükəsizlik tədbirləri ilə izah edir.

Smolensk şəhərinin Zadniprovski rayonu tez-tez dron hücumlarına məruz qalır, buna görə də orada internet "ümumiyyətlə yoxdur", şəhər sakini Nikolay danışır.

"Bu, sözün əsl mənasında kor zonadır: nə messencerlər, nə mobil banklar işləyir , - o deyir . - Taksi çağırmaq üçün gərək dostlarından birinə zəng edəsən ki, [sürücünü] çağırsın".

Amma bu yay kəsintilər artıq Ukrayna sərhədindən uzaqda yerləşən və demək olar ki, pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmayan regionlarda da baş verməyə başladı.

Məsələn, BBC ilə danışan Vladivostok sakini Fyodor bildirib ki, avqust ayından bəri vaxtaşırı şəhərdə mobil internetin kəsilməsi müşahidə olunur, Rus adasına gedən körpü ərazisində isə mobil şəbəkə ümumiyyətlə işləmir.

Krasnoyarskda iyulun sonunda mobil internet üç günlüyə kəsildi, bundan sonra əlaqə bərpa olundu, amma şəhərin üç rayonunda məhdudiyyətlər hələ də qalmaqdadır. Bu vəziyyətdə insanlar tez bir zamanda nağd pul ehtiyatı yığmağa başladılar və bankomatlarda növbələr yarandı, Krasnoyarsk sakini İvan danışır.

"Biz bunun nə qədər davam edəcəyini bilmirdik, buna görə də daim nağd pul ehtiyatı saxlamaq vərdişi bizdə uzun müddət qaldı, - deyə o bildirir. - İki gündən sonra internet geri qaytarıldı. Amma paranoya hələ də qalır, və mən böyük məbləğləri dərhal nağdlaşdırıram. Bütün ailə üzvləri naviqasiya üçün oflayn xəritələr quraşdırdı. Dövlət bizi uzaqgörən etdi".

Moskvaətrafı şəhər sakini Tatyana Koroleva BBC-yə danışıb ki, avqust ayında qızı ilə birlikdə xəstəxanada yatırdı, oğlu isə evdə qalmışdı. Bu müddət ərzində mobil internet yeddi gün ərzində "tamamilə yox idi" və Tatyana internet-bank vasitəsilə oğluna pul köçürə bilmirdi.

"Mən məcbur idim valideynlərimə, Uzaq Şərqə zəng edim ki, onlar oğlumun kartına pul köçürsünlər və o, ərzaq ala bilsin. Xəstəxanada uzanırsan və internet yoxdur, halbuki hər şey internet üzərində qurulub, hətta musiqi və elektron kitablar belə. Bu çox kədərlidir", - o deyir.

İnternet problemi yalnız Moskva ətrafında deyil, Saratovda da yerli xəstəxananın xəstələri bu problemlə bağlı qubernatora şikayət ediblər. Bundan sonra vilayətdəki xəstəxanalarda Wi-Fi nöqtələrinin yaradılması tapşırılıb.

Avqustun sonunda Vladimir vilayətinin hakimiyyəti ictimai Wi-Fi nöqtələrinin xəritəsini dərc edib. Hazırda vilayətdə 200-dən çox belə nöqtə mövcuddur.

Lakin Konstantinin sözlərinə görə, bu nöqtələr çox azdır, onlar yalnız bəzi park və xiyabanlarda yerləşdirilib.

Bir neçə başqa regionda da ictimai internet nöqtələri kütləvi şəkildə yaradılmağa başlayıb.

Xüsusilə çoxlu problemlər Vladimirin tarixi mərkəzində yaranır, burada həmişə çoxlu turist olur. Yerli bir nəşr hətta şəhər üzrə internetsiz bələdçi də dərc edib.

"Moskvada çoxsaylı turistlər çox təəccüblənirlər, çünki onların hər şeyi qaydasındadır, amma qonşu vilayətdə belə şeylər baş verir(Moskva şəhərində uzunmüddətli kəsintilər olmadı, yalnız geolokasiya dayandırılır - BBC). Şəxsən bu hal məni əsəbiləşdirir. Mən gənc adamam və demək olar ki, mobil internetdən əvvəlki dövrü görməmişəm. Mənim üçün bu, həmişə mövcud olmuş bir şeydir", - deyə Konstantin danışır.

Drona qarşı başqa yol yoxdur?

İyul ayında Dmitri Peskov Rusiyada internetin kəsilməsini vətəndaşların təhlükəsizliyini təmin etmək üçün "əsaslı tədbir" adlandırıb. Regional hakimiyyət orqanları da kəsintilərin səbəbləri və internetin bərpa olunma imkanları barədə çox danışmayıblar.

Bir çox hallarda region rəhbərləri quru bir şəkildə bildirirlər ki, məhdudiyyətlər təhlükəsizlik tədbirləri ilə bağlıdır və sakinlərdən səbir və anlayış göstərmələri xahiş olunur; bəzi regionlarda isə hakimiyyət hələ də bu barədə heç bir şərh verməyib, bunu "Roskomsvoboda" təhlil edib (Rusiya Ədliyyə Nazirliyi təşkilatı "xarici agent" hesab edir).

Orlov vilayəti qubernatoru hətta bildirib ki, regionda mobil internetin kəsilməsi "Ukraynada döyüşən qəhrəmanların igidlikləri ilə müqayisədə heç bir şey ifadə etmir".

Rusiya sakinlərinin mobil internet kəsintilərinə dair şikayətlərinə cavab olaraq, Krasnoyarsk şəhərinin bir rəsmisi uzaqdan işləyən və gəlir itirən şəxslərə "SVO-da (xüsusi hərbi əməliyyat) işləməyə getmək" təklifini edib, lakin sonra "emosional" şərhi üçün üzr istəyib.

Məhdudiyyətləri "hüquq-mühafizə orqanları mobil operatorlarla birlikdə müəyyən edir", - deyə Voronej vilayəti rəhbərliyi açıqlayıb. Amma bu tədbirlərin nə vaxt dayandırılacağı barədə rəsmi səviyyədə heç bir məlumat verilməyib.

Telegram kanalı Baza yazıb ki, mobil internetin pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün kəsilməsi üsulu ilk dəfə 9 May öncəsi tətbiq olunub. Bundan sonra bu tədbir uğurlu sayılıb və hakimiyyət onun aktiv şəkildə tətbiq olunmasını planlaşdırıb.

İyunun 1-də Ukrayna xüsusi xidmət orqanları "Pautina" əməliyyatını keçiriblər: onlarla dron Rusiyanın içərisinə gizli şəkildə gətirilib və dörd hərbi aerodroma buraxılıb. Bu səbəbdən, rəsmi şəxslər qorxub ki, indi dronlar istənilən Rusiya regionunda peyda ola bilər, - "Roskomsvoboda"da şərh edilib.

"Bu dronlara görə məsuliyyəti regional hakimiyyətin üzərinə qoydular, onlar təhlükəsizliyi təmin etməlidirlər, amma nə edə bilərlər? Hava hücumundan müdafiə yoxdur, hərbçilər yoxdur, hamısı cəbhəyə gedib. Onlar çıxış yolu tapdılar: mobil interneti kəsmək. Tərs "kargo-kult": interneti kəsdik, dron gəlmədi, deməli, işləyir", - deyə İnternetin Müdafiəsi Cəmiyyətinin rəhbəri və "ZaTelekom" Telegram kanalının müəllifi Mixail Klimaryev izah edir (Rusiya Ədliyyə Nazirliyi onu "xarici agent" hesab edir).

Mobil internet kəsintilərindən sonra Rusiya qubernatorlarının sosial şəbəkə hesabları şikayətlərlə dolub: heç də hamı bu tədbirin işlədiyini düşünmür.

Smolensk sakini Nikolay BBC-yə deyib ki, onun regionunda hər həftə vurulmuş PUA-lar barədə məlumat verilir.

"Yəni bu mənasız tədbirdir və hücumlara heç bir təsiri yoxdur", - deyə o bildirib.

Mixail Klimaryev qeyd edir ki, Ukraynadan uzaq Rusiya regionlarında mobil interneti kəsməyin heç bir mənası yoxdur.

"Sadəcə baxın Amur vilayətindən Ukraynaya qədər məsafəyə. Orada elə gecikmələr olacaq ki, dronu texniki baxımdan idarə etmək mümkün olmayacaq. Bu, mobil internet vasitəsilə işləmir, onlar internet olmayan ərazilərdə də uça bilirlər. Sadəcə bürokratik mexanizm belə işlədi, çünki bu dronlara qarşı başqa alətləri yoxdur", - deyə o şərh edir.

Hər evdə internet?

Mobil internetlə bağlı vəziyyət genişzolaqlı internetə (Wi-Fi/ŞPİ) tələbatı kəskin artırıb. Wildberries-in məlumatına görə, Wi-Fi routerlərin satışı keçən ilin iyul ayı ilə müqayisədə 112 faiz artıb.

İyun–iyul aylarında ev internetinə qoşulma müddətləri də xeyli uzanıb, təxminən hər dörd müraciətdən birinə baxma müddəti 30 günü ötüb, "Vedomosti" yazıb.

"Hər kəs özünə genişzolaqlı internet təmin etməyə çalışır, hətta əvvəldən mövcud olmayan yerlərdə belə. Məsələn, bağ evlərində. Əvvəllər belə bir konsepsiya var idi: bağ evinə kabel lazım deyil, SIM kartlı router qoy. İndi biznes bunu dəyişdirib və insana şəhərdən kənarda kabel təklif etməyə başlayıb", - deyə böyük rabitə operatorlarından birindən BBC-yə bildirilib.

Rosstat-ın məlumatlarına görə, Rusiyada genişzolaqlı internetə çıxış 2014-cü ildən etibarən ardıcıl artıb və koronavirus pandemiyası zamanı bu proses xeyli sürətlənib. 2024-cü ilə qədər ölkədə orta hesabla evlərin təxminən 90 faizi belə çıxışa malik olub.

Hazırda ŞPİ-nin əlçatanlığına görə lider Tatarıstandır — burada evlərin 99 faizi internetə qoşulub. Moskvada isə bu göstərici 97 faizdir. Eyni zamanda, Kirov və Kaluga kimi daha kasıb regionlarda rəqəmlər daha aşağıdır, 78–79 faiz.

Rəqəmsal inkişaf Nazirliyinin məlumatına görə, Rusiyada sosial əhəmiyyətli obyektlərin 100 faizi artıq belə çıxışa malikdir.

Amma əslində, 2025-ci ilin yayındakı genişmiqyaslı bloklamalara qədər, əksər abunəçilər mobil internetdən istifadə etməyi üstün tuturdular. VŞE araşdırmasına görə keçən il Rusiyada 100 nəfərə 123 mobil genişzolaqlı internet abunəçisi düşürdü: bu, bir neçə SIM kart və cihazdan istifadəyə görə izah olunur və yalnız 18 nəfər sabit yüksək sürətli internet abunəçisi idi.

Hazırkı hakimiyyətin internet bloklamaları siyasəti Prezident Vladimir Putinin 2030-cu ilədək xidmət keyfiyyətini köklü yaxşılaşdırmaq və evlərin 97 faizini, o cümlədən peyk və mobil şəbəkələr vasitəsi ilə yüksək sürətli internetlə təmin etmək hədəfi ilə ziddiyyət təşkil edir.

Ekspert Mixail Klimaryev qeyd edir ki, çətin əlçatımlı regionlar üçün həll yolu ola biləcək peyk interneti hələlik bahadır və keyfiyyətli əlaqə yaratmır.

Məsələn, Tula vilayətindən Marina BBC-nin Rusca xidmətinə bildirib ki, dostuna peyk internetinə qoşulmaq 80 min rubla (təxminən 1600 manata) başa gəlib.

Seçilən
9
bbc.com

1Mənbələr