AZ

“Qarabağ” üçün ağır dönəm – Qurban Qurbanov nə düşünür?

Premyer Liqanın 4-cü turunun ilk günündə diqqətlər “Qarabağ” – “Zirə” matçında olacaq.

Son iki mövsümün yekununda ilk iki pilləni heç kimə güzəşt etməyən komandaların duelləri hər zaman gərginliyi ilə yadda qalıb. Hətta zirəlilərin böyük hesabla uduzduğu oyunlarda belə, intriqa özünü göstərib.

Ortada Qurban Qurbanov – Rəşad Sadıqov amili varsa, əlavə şərhə nə ehtiyac?

Kağız üzərində favorit sözsüz ki, Ağdam təmsilçisidir. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komanda ilə Konfrans Liqasında bir mərhələ keçə bilməyən kollektivi tərəzinin eyni gözlərində görmək ağılsızlıq olar.

Di gəl, zamanın tələb etdiyi şərtlər fərqli ab-havadan xəbər verir. Açıq danışsaq, “Qarabağ” bu dəqiqə Premyer Liqa atmosferindən uzaqdır. Üstəlik, çempionat görüşlərində istifadə olunan “ikinci heyət” heç bir halda “əsas”ın yerini vermir.

Çempion sentyabrın 16-da çətin Portuqaliya səfərində “Benfika”nın qarşısında imtahan verəcək. Belə oyundan əvvəl Qurbanovun ilk dəqiqələrdən əsas heyət üzvlərinə güvənəcəyi inandırıcı görünmür. Yorğunluq və zədə riski qaçılmazdır. Bununla yanaşı, milli komandalardan qayıdan futbolçular yetərincədir.

Nəriman Axundzadənin təxminən 1 aylıq sıradan çıxması, Musa Qurbanlının ailə həyatı qurması, Qurban Qurbanovun sıx iş qrafikində, qayğılar içində olması hər bir halda öz təsirini göstərəcək. Təcrübəli çalışdırıcı üç yerə bölünüb – Musanın toyuna, “Zirə” və “Benfika” ilə matçların hazırlıqlarına.

“Sumqayıt”ı uda bilməyən, “Sabah”la oyunu təxirə salınan, yalnız “Karvan-Yevlax” üzərində qələbəyə sevinən ağdamlılar üçün “Zirə”ylə matçın nəticəsi istər turnir cədvəlindəki vəziyyət, istərsə də “Benfika” ilə oyun öncəsi psixoloji hazırlıq baxımından olduqca önəmlidir.

“Zirə” mümkün qələbə sayəsində liderlər qrupundakı yerini bərkidə bilər. Təbii ki, əlinə düşən fürsətdən yararlana bilsə.

Sentyabrın 12-də “Azersun Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr