BAKI, 11 sentyabr. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətəri terrorçulara sığınacaq verməkdə ittiham etməsini qətiyyətlə pisləyib və bu bəyanatların regionda sabitlik imkanlarını zəiflətdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Qardaş ölkə Qətərin təhlükəsizliyi və sabitliyi Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin təhlükəsizliyinin və sabitliyinin ayrılmaz hissəsidir. Körfəz dövlətlərinə edilən hər hansı hücum KƏŞ-in vahid təhlükəsizlik sisteminə yönəlmiş təhdid kimi qiymətləndirilir”.
Nazirlik İsrailin Qətərə qarşı irəli sürdüyü təhdid dolu bəyanatları tamamilə rədd edərək, bu təxribatçı və aqressiv yanaşmanın sabitliyə nail olmaq imkanlarını sarsıtdığını, regionu son dərəcə təhlükəli istiqamətə apardığını bildirib.
Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.