AZ

Azərbaycanda qadınların motosikllərə marağı artır - AÇIQLAMA - FOTOLAR

Son illərdə Azərbaycanda qadınların motosikllərə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu marağın formalaşmasında qadınlara dəstək olan xüsusi klubların rolu böyükdür. 2020-ci ildə yaradılan "Moto İKS" (MXC_QUEENS) məhz belə bir təşəbbüsün məhsuludur. Klub qadınlara motosikli təhlükəsiz və düzgün idarə etməyi öyrətməklə yanaşı, bu sahədə cəmiyyətin baxışlarını da dəyişməyi hədəfləyir. Bu gün klubun yaranma ideyası, fəaliyyət istiqamətləri, üzvlük imkanları və gələcək planları haqqında daha ətraflı öyrənməyə çalışdıq.

Mövzu barədə 90deqiqe.Az saytına Azərbaycanın ilk qadın moto klubunun- Moto İKS (MXC_QUEENS)-in prezidenti Evelin xanım danışıb:

"Qadın motosikl klubu «MXC_QUEENS» 2020-ci ildə yaradılıb. İdman mühitində formalaşsa da, bu gün fəaliyyəti daha geniş və praktik yönümlüdür. Klubun ideyası MXC məktəbinin bazasında ortaya çıxıb. Məktəbin əsasını qoyan peşəkar idmançı, çoxsaylı çempion Sabir Babayevdir. Onun 41 illik təcrübəsi və idman metodikası klubun unikal qadın motosikl mədəniyyətinin formalaşmasında möhkəm təməl olmuşdur.

Klubun əsas məqsədi qadınlara motosikli təhlükəsiz və düzgün idarə etməyi öyrətmək, onu nəqliyyat vasitəsi kimi etibarlı şəkildə istifadə etməyə imkan yaratmaqdır. Xüsusi diqqət praktik tətbiqə yönəldilir: şəhər şəraitində sürmə, motosikl səfərləri və gündəlik motosikl mədəniyyətinin inkişafı.

Klubun üzvlüyü istənilən hazırlıq səviyyəsinə malik qadınlar üçün açıqdır — həm yeni başlayanlar, həm də təcrübəli sürücülər üçün. Xüsusi diqqət uşaqlara yönəldilir; onlar erkən yaşlarından motosikl intizamına, yol hərəkəti qaydalarına və klub ənənələrinə cəlb olunurlar.

Missiyamız qadının motosikldə olmasının cəmiyyətə çağırış deyil, təbii və layiqli bir hal olduğunu göstərməkdir. Qadın motosikli inamla, düzgün və təhlükəsiz idarə edə bilər. Bu gün bizə həm Azərbaycanda, həm də ölkə xaricində maraq və hörmətlə yanaşılır. Avtomobil sürücülərinin yol hərəkətində daha tolerant və diqqətli davranmağa başlaması da əsas nailiyyətlərimizdən biri hesab olunur.

Azərbaycanda qadınların motosikllərə marağı davamlı olaraq artır. Getdikcə daha çox qadın motosikli yalnız nəqliyyat vasitəsi kimi deyil, həm də özünüifadə və azadlıq vasitəsi kimi görür. Bir qədər əvvəl təəccüblə qarşılanan bu sahə bu gün daha çox dəstək qazanır.

Planlarımız arasında klubun fəaliyyətini genişləndirmək, xeyriyyə və təhsil proqramları təşkil etmək, birgə motosikl səfərləri və tədbirlər keçirmək də var. Bu addımlar ölkədə motosikl mədəniyyətini daha əlçatan, təhlükəsiz və rəngarəng edəcək".

Evelin xanım həmçinin qeyd edib ki, Türkiyənin Keşan şəhərində "Moto İKS" (MXC_QUEENS) klubunun ilk rəsmi nümayəndəliyi açılıb:

"Bu, klubun inkişafında mühüm bir addımdır və Azərbaycanda qadınların da motosiklet idarə etməsi mədəniyyətinin beynəlxalq səviyyəyə yüksəldiyini göstərir".

Fəxriyyə Adil

Seçilən
9
90deqiqe.az

1Mənbələr