Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.
Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində bir neçə nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərinin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.
Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlifkalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.
Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.
Elan olunan digər sənədlər 1990-cı ilin mart ayında Sədərəyə hücum edilməsi, Şuşada Ağalarov Əşrəf Salman oğlunun girov götürülməsi, aprelin 25-də Babək rayonu Gərməçataq kəndini düşmənin odlu silahdan atəşə tutması, nəticədə müxtəlif şəxslərin xəsarət alması, iyunun 13-də Əsgəran rayonunun Badara kəndində avtomobil karvanının atəşə tutulması, nəticədə yaralananların olması faktları ilə bağlı olub.
Gədəbəy rayonunun Göyəlli kəndinə silahlı hücum edilməsi nəticəsində isə Nuriyev İsmayıl Mustafa oğlu, Nağıyev Mədəd Şəmil oğlu və Orucov İbrahim Şəmil oğlu öldürülüb, İsmayılov İlham Tahir oğlu döyüldükdən sonra girov götürülərək Ermənistana aparılıb. O, girovluqda 21 gün saxlanılıb.
Bundan başqa, Əzizov Dönməz Soltan oğlunun, Çobanov Şamo Məhəddin oğlunun, Əsgərova Səhər Müslüm qızının, Əliyev İlham Müzəffər oğlunun öldürülmələri, Əliyev Eldar Şahmar oğlunun girov götürülməsi, Talışov Razi Mehdi oğlunun yaralanması faktları üzrə sənədlər elan edilib.
1990-cı il avqustun 17-də Mehtiyev Fazil Əli oğlunun öldürülməsi zamanı daha iki nəfər - Həsənov Viktor Əli oğlu və Eminov Kəmaləddin Mustafa oğlu yaralanıb. Sənədlərə əsasən, yaralanmış şəxslər ifadələrində onlara atəş açan şəxslərin üç nəfər üzü saqqallı hərbçi olduğunu, bir-biriləri ilə erməni dilində danışdıqlarını deyiblər.
Elan olunan növbəti sənədlər Mustafayev Faqət Mirzalı oğlunun, Məmmədov Məmməd Əli oğlunun, Quliyev Yunis Əli oğlunun, Qarayev Ülfət Mansır oğlunun, Nağıyev Tanrıverdi Abdulla oğlunun, Poladov Hümbət Allahverdi oğlunun, Namazov Elçin Yolçu oğlunun, Əliyev Etibar Cəbrayıl oğlunun və Rəhimov Gündüz Səməd oğlunun xəsarət almaları ilə bağlı olub.