Siyasətçi Etibar Əliyev Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevi sərt tənqid etməsinə AFFA-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu səssiz qalmayıb.
Köhnə AFFA rəsmisi "Sportinfo"nun "Feysbuk" hesabından yayımlanan xəbərin şərh bölümündə Musayevin müdafiəsinə qalıb.
Onun fikirlərini təqdim edirik: "Millinin uğursuz nəticələrinə görə PFL-i və Ramin Musayevi təqsirləndirmək sadəcə reallığı bilməmək və həqiqəti gizlətməkdən irəli gəlir. Özünü ziyalı sayan bir şəxsin belə fikirdə olması düzgün deyil:.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı (2020-2024-cü illər) Ramin Musayev barədə kəskin fikirlərini öz sosial şəbəkə hesabından yazmışdı.
O, Musayevin bir müddət əvvəl Azərbaycan millisi ilə bağlı mətbuata açıqlamasını belə qınayıb:
"Azərbaycan Peşəkar Futbol Liqasının keçmiş prezidenti (2008—2022) Ramin Musayev bu yaxınlarda deyib:
"Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”
Azərbaycan futbolunu yaman günə qoyanlardan biri də bu Ramindir. Rövnəq Abdullayevin qardaşının dostu olduğuna görə uzun illər Futbol sahəsində mühüm vəzifələr tutub. Yalnız varlanmaqla məşğul olublar. Adamın özü İnşaat Mühəndislər İnstitutunu bitirib. Demək bizdə ənənədir: Vəzifədə olanların əksəriyyəti vəzifədən çıxdıqdan sonra destruktiv hərəkətlərini unutdurmaq üçün tənqidçi cildinə girirlər.
Bu gün qeyri/peşəkarlar əksər sahələrdə hegemondurlar..."
XANOĞLAN / SPORTİNFO.AZ