Ramil Məmmədli: “Bu o deməkdir ki, Rusiyanın dərinliklərindəki mühüm obyektlər vurulacaq”
Ukrayna 3000 km-ə qədər uçuş məsafəsinə malik yeni “Flamingo” da daxil olmaqla, ağır uzaqmənzilli raketlərin istehsalını fəal şəkildə inkişaf etdirir.
Ukrayna prezidenti Volodimir Zelenski bunu ən uğurlu inkişaf adlandırıb və tezliklə bu silahların kütləvi istehsalına başlanılacağını bildirib. Bundan əlavə, Ukrayna Rusiyanın dərinliklərindəki hədəfləri vura bilən digər ballistik raketlər üzərində işləyir. Və ABŞ Kiyevə böyük bir aviasiya döyüş sursatı partiyasının tezliklə çatdırılacağını elan edib.
Həmçinin, Böyük Britaniya Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. Qeyd olunub ki, vəsait hesabına Ukrayna Silahlı Qüvvələri vacib hərbi texnika tədarük edəcək. Bildirilib ki, Ukrayna Beynəlxalq Fondu (IFU) artıq Kiyevə mindən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron müharibə sistemləri və hava hücumundan müdafiə radar stansiyaları təqdim edib. Yaxın həftələrdə yeni tədarüklər gözlənilir.
Bütün bu deyilənlərin fonunda, Ukraynanın 3 min km-ə qədər uçuş məsafəsinə malik yeni ağır raket istehsalı müharibənin gedişinə necə təsir edə bilər?
“Neft emalı zavodları mütəmadi olaraq Ukrayna ordusunun zərbələrinə məruz qalır”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasına bildirdi ki, bu cür raketlərin istehsalı müharibənin gedişinə güclü təsir göstərəcək: “Əvvəla onu qeyd edim ki, Ukrayna hələ SSRİ dövründə güclü hərbi sənaye kompleksinə malik olub. Həmin zavodlar indi də qalmaqdadır. Müstəqillikdən sonra Ukrayna malik olduğu böyük silah arsenalının əhəmiyyətli hissəsini satdı. Ölkədə mövcud olan korrupsiya səbəbindən həmin sənaye kompleksi işləksiz vəziyyətə gəldi. Ancaq Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkənin silah sənayesi yenidən canlanmağa başlayıb. Bunun üçün həm SSRİ-dən qalma güclü baza var, həm də Ukraynanın xarici tərəfdaşları yaxından kömək edirlər. Məsələn, Almaniyanın "Rheinmetall" müdafiə konserni Unterlüss şəhərindəki yeni zavodundan Ukraynaya hər il 100-200 min aralığında mərmi tədarük etmək niyyətindədir. O cümlədən, Ukraynada birgə silah istehsalına dair işlər sürətləndirilir. Ukraynanın özünün raket istehsalı zavodları var. Həmçinin ötən ildən Ukrayna “Boqdan” artilleriya topları istehsal edir. 3000 km-ə qədər məsafədə hədəfləri vura bilən yeni “Flamingo” raketlərinin istehsalı o deməkdir ki, Rusiyanın dərinliklərindəki mühüm obyektlər vurulacaq. Onsuz da neçə müddətdir Ukrayna Rusiyanın neft emalı zavodlarının fəaliyyətini iflic edib. Ard-arda endirilən zərbələrdən sonra Rusiyada dizel yanacağı, benzin çatışmır. İki ildir bu səbəbdən Rusiya dizel yanacağının ixracına qadağa qoyulub. Halbuki, müharibəyə qədər Rusiya 45 milyon ton neft emal edirdi və bunun 5 milyon tonunu ixrac edirdi. İndi nəinki dizel yanacağı ixrac edir, heç ölkənin tələbatını belə ödəyə bilmir. Çünki neft emalı zavodları mütəmadi olaraq Ukrayna ordusunun zərbələrinə məruz qalır. Yeni raketlər hesabına Rusiyanın dərinliklərində yerləşən strateji əhəmiyyətli müəssisələr, obyektlər və digər vacib sahələr vurulacaq ki, bu da ölkənin tükəndirilməsi deməkdir. Müharibənin uzanması isə Rusiya üçün yaxşı perspektiv vəd etmir”.
Vidadi ORDAHALLI