AZ

ABŞ-də sosial şəbəkələr üzrə təhlükəsizlik tədbirləri

Sosial şəbəkə platformaları özlərinin inkişafsəviyyəsi ilə yalnız ünsiyyət vasitəsi olmaq həddini aşıb. İndi onlar həm də siyasət, iqtisadiyyat və milli təhlükəsizlik məsələlərinə təsir edən əsas faktorlardan biri kimi dəyərləndirilirlər. ABŞ-də aparılan müzakirələrdən belə nəticə çıxır ki, onlar sosial şəbəkələrə hətta “geosiyasi silah” kimi baxırlar. Bu tendensiya ABŞ-də 2016-cı il prezident seçkilərindən sonra aparılan müzakirələr fonunda daha aydın sezilir. Dezinformasiya, kiberhücumlar, məxfilik pozuntuları, xarici təsirlər məsələsi sosial şəbəkələrin tənzimlənməsi mövzusunu ölkə siyasətinin prioritet istiqamətinə çevirib. Çağırışlara uyğun olaraq, ABŞ-də sosial media seqmentinin tənzimlənməsi üçün addımlar atılıb. 2019-cu ildən etibarən həmin dövrün prezidenti olan Donald Tramp ilk növbədə Çin şirkətlərinə məxsus olan “TikTok”un fəaliyyətini məhdudlaşdırmaq üçün müxtəlif sərəncamlar imzalayıb. Lakin, məhkəmələrdə uduzduğu üçün, qərar geri götürülüb. Co Bayden administrasiyası isə 2021-ci ildən etibarən sosial şəbəkələrin tənzimlənməsi üçün yeni qaydalar hazırlamağa başlayıb. Milli təhlükəsizliklə bağlı arqumentlər Qadağaların məğzi budur ki, ABŞ rəsmiləri “TikTok” adminlərinin istifadəçilərə məxsus məlumatları Çin hökumətinə ötürə biləcəyindən narahatdırlar. Düzdür, açıq mənbələrdə “Çinə ötürülmüş məxvi məlumatlar”a dair dəlillər təqdim edilməyib. Amma ölkənin kəşfiyyat orqanlarının hesabatlarında göstərilir ki, “Çin sosial şəbəkələr vasitəsilə ABŞ seçkilərinə təsir göstərə bilər”. Qeyd olunur ki, "ByteDance-nin Çin Kommunist Partiyasıilə əlaqələri sübuta yetirilib. Çin tərəfi TikTok-un verdiyi istifadəçi məlumatları ilə ABŞ-də kütləvi izləmə aparmaq imkanına malikdir” ( https://apnews.com/article/trump-tiktok-china-extension-deadline-4a66fbd0e485db5b3da83c176f22ad11 ). Bu tip arqumentlərə istinad edərək, ABŞ 2023-cü ildə “Hökumət qurumlarının istifadəsində olan cihazlarda “TikTok”a qoşulmaq qadağası”nı qəbul edib. Bu qaydalar sosial şəbəkələrə daha geniş miqyaslı məhdudiyyətlərin tətbiq edilməsi üçün zəmin yaradıb. 2024-cü ildə “Amerikalıların xarici düşmənlər tərəfindən idarə olunan tətbiqlərdən qorunması Qanunu (Protecting Americans from Foreign Adversary Controlled Applications Act -PAFACA) qəbul edilib. Əlavə olaraq, “Yalan məlumatların yaradılması və yayılmasına qarşı Qanun” (U.S. Code § 35 - Imparting or conveying false information) təkmilləşdirilərək, sosial şəbəkələrin fəaliyyətini də əhatə dairəsinə alıb. Beləliklə, Amerika Birləşmiş Ştatlarında sosial şəbəkə seqmentinin tənzimlənməsi üçün tam bir hüquqi baza formalaşdırılıb. “Yalan məlumatların yaradılması və yayılmasına qarşı” Qanun Yalan məlumatların (dezinformasiyanın) yaradılması və yayılması həm ictimai təhlükəsizlik, həm də insan həyatı üçün ciddi risklər yaradır. Bu baxımdan, müasir dünyada informasiya təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsi sayılır. ABŞ qanunvericiliyi də bu məsələyə xüsusi diqqət ayırır. “18 U.S. Code § 35 - Imparting or conveying false information" Qanunu da bu istiqamətdə mühüm normativ aktlardan biridir. Həmin qanuna əsasən, hər hansı bir şəxs bilərəkdən saxta məlumat yayarsa və həmin məlumat cəmiyyət üçün təhlükə yaradarsa, bu, ciddi hüquqi məsuliyyət doğurur. Qanunun ilk 2 müddəasında bu əməl “mülki məsuliyyət” və “cinayət məsuliyyəti” kimi təsnif edilir: • Mülki məsuliyyət (a-bəndi):
Əgər şəxs bilərəkdən yalan məlumat yayırsa, lakin bu hərəkət insan həyatına birbaşa təhlükə yaratmırsa, onda 1000 ABŞ dollarına qədər cərimə nəzərdə tutulur. Bu məbləğ dövlət adından mülki qaydada tutulur.
• Cinayət məsuliyyəti (b-bəndi):
Əgər yalan məlumat qəsdən, zərərli niyyətlə və ya insan həyatına təhlükə yarada biləcək formada yayılıbsa, onda beş ilə qədər azadlıqdan məhrumetmə və ya yüksək məbləğli pul cəriməsi tətbiq olunur( https://www.law.cornell.edu/uscode/text/18/35 ). Məlumat üçün qeyd edək ki, bu qanun ilk dəfə 1956-cı ildə qəbul olunub, media müstəvisində saxta xəbərlərin yayılmasına qarşı tədbirləri ehtiva edib. Sonrakı illərdə isə (1961, 1965 və 1994-cü illərdə) bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Nəhayət, sosial şəbəkələrin yaranıb inkişaf etməsindən sonra, bir daha təkmilləşdirilərək, bu sektorda informasiya təhlükəsizliyinin tənzimlənməsinə də şamil edilib. PAFACA qanunu və onun yaratdığı presedent Amerikalıların xarici düşmənlər tərəfindən idarə olunan tətbiqlərdən qorunması Qanunu” (PAFACA - Protecting Americans from Foreign Adversary Controlled Applications Act )24 aprel 2024-cü ildə imzalanaraq qüvvəyə minib. Qanuna görə, əgər ABŞ prezidenti müəyyən edərsə ki, hər hansı sosial şəbəkə xidməti “xarici düşmən tərəfindən idarə olunan tətbiq”dir və milli təhlükəsizlik üçün təhdid yaradır, həmin tətbiqi 270 gün ərzində ölkə daxilində qadağan edə bilər. Bu müddət əlavə 90 gün uzadıla bilər (https://en.wikipedia.org/wiki/Protecting_Americans_from_Foreign_Adversary_Controlled_Applications_Act ). Qanun ilk növbədə Çinin “ByteDance Ltd” şirkətinə və onun törəmə komponentlərinə, xüsusilə də “TikTok”a şamil olunur. Qanun “H.R. 7521”adı ilə 118-ci Konqresdə respublikaçı Mayk Qallagher və demokrat Raja Krishnamoorthi tərəfindən təqdim olunub. Federal qanunvericilər uzun illər ərzində “TikTok”un qadağan edilməsi istiqamətində göstərilən cəhdlərə istinad edərək, bu qanunun layihəsini hazırlayıblar. Layihənin təkmilləşdirilmiş versiyası 20 aprel 2024-də Nümayəndələr Palatasında qəbul edilib və 23 apreldə Senatda təsdiqlənib. Qanuna əsasən, “TikTok” şirkəti 19 yanvar 2025-ci ilə qədər ABŞ-nin tələblərinə uyğunlaşmalı idi. Ya tətbiq ABŞ şirkətlərinə satılaraq “xarici düşmən” siyahısından çıxmalı, ya da fəaliyyəti qadağan edilməli idi. Həmin ana qədər “TikTok”un ABŞ-də 150 milyon nəfərdən çox istifadəçisi olub. 2024-cü ildə qəbul edilmiş PAFACA qanunu ABŞ tarixində ilk dəfə sosial şəbəkələri milli təhlükəsizlik mülahizələri əsasında qadağan etmək presedenti yaradıb. Qadağa qərarı yalnız texniki təhlükəsizlik məsələsi deyil, həm də siyasi mülahizələrlə bağlı idi: Qəzza müharibəsi fonunda gənclərin pro-Fələstin meyllərinin “TikTok”da güclü təzahürü Konqresdə narahatlıq yaratmışdı. Qanunların ictimai narazılıq doğuran tərəfləri ABŞ-də sosial şəbəkələrin tənzimlənməsinə yönəlmiş hüquqi aktlar ilk görünüşdə Çin şirkəti ByteDance-yə məxsus “TikTok”a şamil olunsa da, təhlilçilər onun gələcəkdə Rusiya və hətta Avropa mənşəli platformalara da tətbiq oluna biləcək statusda olduğunu deyirlər. Onların fikrincə, PAFACA ABŞ-də sosial şəbəkələrə “geosiyasi silah” kimi yanaşıldığını nümayiş etdirir. Buna uyğun olaraq, qlobal rəqəmsal bazarın milli sərhədlər üzrə parçalanması tendensiyasını yaradır. Proses ABŞ ilə Çin arasında rəqəmsal müharibə kimi dəyərləndirilir. Amma ABŞ qanunlarının ictimai etiraza səbəb olan daha mühüm bir cəhəti mövcuddur. Təhlilçilər vurğulayırlar ki, adı çəkilən qanunlar bir tərəfdən milli təhlükəsizliyin qorunması üçün güclü hüquqi mexanizmlər yaradırlar. Digər tərəfdən isə söz azadlığının məhdudlaşdırılması təhlükəsi ortaya çıxır. Məsələn, 2023-cü ilin oktyabrında ABŞ-ın 33 ştatının baş prokurorları Meta şirkətinə qarşı Kaliforniya məhkəməsində iddia qaldırıblar. Meta-nın alqoritmləri və məzmun yayım mexanizmlərinin yeniyetmələrdə asılılıq yaratdığı, onların psixi sağlamlığını zədələdiyi və qeyri-real gözləntiləri gücləndirdiyini vurğulayıblar ( https://voz.us/en/society/240601/11107/social-media-platforms-are-in-the-spotlight-for-harming-young-peoples-mental-health.html ). Düzdür, burada əsas diqqət “sonsuz skrollinq” funksiyasına yönəlib. İddiada deyilir ki, bu funksiya istifadəçiləri daim ekranda saxlayır. Amma ölkədə sosial şəbəkələrin məhkəməyə verilməsi hallarının tendensiyaya çevrilməsi fikirləri qarışdırır. 2023-cü ilin yanvarında Sietl İctimai Məktəbləri də bir neçə sosial şəbəkə platformasını məhkəməyə veriblər. “TikTok”la yanaşı, Google, Meta və Snapchat-a qarşı iddia qaldırıblar. Məktəb rəhbərliyi bu platformaların şagirdlərə “zərərli məzmun” yönəltdiyini qeyd edib. Tənqidçilər qeyd edirlər ki, ABŞ Konstitusiyasının Birinci əlavəsi söz və mətbuat azadlığına təminat verir. Amma bu azadlıq mütləq deyil. PAFACA və “18 U.S. Code § 35”in yalnız xaricdən gələn saxta məlumatları əhatə edəcəyinə şübhələr vardır ( https://academic.oup.com/ajcl/article/70/Supplement_1/i278/6597032 ). Bu qanunlar yerli ictimaiyyətin tənqidi fikirlərinin məhdudlaşmasını da reallaşdıra bilər. Balansın necə qorunacağı, yalnız ABŞ üçün deyil, həm də bütün dünya üçün müəyyənedici olacaq. Çünki sosial şəbəkələr artıq qlobal informasiya məkanında əsas faktordur.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
54
metbuat.az

1Mənbələr