AZ

İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

BAKI, TurkicWorld, Səməd Əyyubov

Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib.

Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub.

Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib.

Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.

Lakin martın əvvəlində atəşkəsin pozulmasının ardınca husilər yenidən Qırmızı dənizdə İsrail gəmilərinə hücum etdiklərini, daha sonra isə İsrail ərazisindəki obyektləri hədəf almağa başladıqlarını açıqlayıblar. Cavab olaraq İsrail dəfələrlə husilərin infrastruktur obyektlərinə, o cümlədən Səna hava limanına və Qırmızı dəniz sahilindəki limanlara hava zərbələri endirib.

Seçilən
53
turkic.world

1Mənbələr