BAKI, TurkicWorld, Səməd Əyyubov
Vaşinqton İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı hücumunda məsuliyyət daşıyır.
TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Fauzi Bərhum mətbuat konfransında bildirib.
“ABŞ administrasiyası bu cinayətin şərikidir” – deyə o vurğulayıb. Bərhum həmçinin hücumu danışıqlar prosesinin tamamilə məhv edilməsi kimi qiymətləndirib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Dohada HƏMAS rəhbərliyinin nümayəndələrinin yerləşdiyi binaya hava zərbəsi endirib. HƏMAS-ın açıqlamasına görə, hücum nəticəsində rəhbərliyin bütün yüksək rütbəli üzvləri sağ qalıb, lakin altı nəfər həyatını itirib. Ölənlər arasında HƏMAS lideri Xəlil əl-Həyyanın oğlu Həmam Xəlil əl-Həyya da olub.