Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 11 sentyabr, AZƏRTAC
AZƏRTAC nəqliyyat və logistika üzrə ekspert, “MALBI-trans” beynəlxalq logistika şirkətinin baş direktoru Liliana Krutonoq ilə müsahibəni təqdim edir.
“MALBI-trans” Avropa ilə Şərq ölkələri arasında nəqliyyat marşrutlarında ixtisaslaşır, əsas diqqəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına yönəldir.
– Sizin fikrinizcə, Azərbaycanın Trans-Xəzər marşrutunda əsas logistika qovşağı kimi beynəlxalq ticarətdə əhəmiyyətini bu qədər sürətlə artırmasına hansı amillər təsir göstərir?
– Şübhəsiz, Azərbaycanın coğrafi mövqeyi beynəlxalq ticarətin inkişafı üçün ölkəyə bir sıra üstünlüklər qazandırır. 2022-ci ildən dəyişən geosiyasi vəziyyət, həmçinin Avropa İttifaqının (Aİ) Rusiya və Belarusla bağlı sanksiya siyasəti ənənəvi ticarət marşrutlarının istiqamətinin dəyişməsinə səbəb olub. Bu isə ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni imkanlar açıb. Bundan əlavə, logistika layihələrinə fəal investisiya yatırımları Azərbaycanın Trans-Xəzər istiqamətində mühüm qovşaq rolunu sürətlə möhkəmləndirməsinə şərait yaradır.
– “MALBI-trans” hansı azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq edir? Bakıda və ya ölkənin digər şəhərlərində nümayəndəliyi genişləndirmək və ya filial açmaq planlaşdırılırmı?
– Regionda bir çox şirkətlə əməkdaşlıq edirik. Orta Dəhliz üzrə tərəfdaşlarımız arasında Qazaxıstan və Avropanın bir sıra şirkətləri, məsələn, “Caspian Global”, “PTS Cargo” və başqaları var. Bakıda filial açmaq və ya birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirmişik. Hazırda bir sıra yerli operatorlarla danışıqlar aparırıq və artıq konkret təkliflər almışıq.
– “MALBI-trans” Azərbaycan üzərindən davamlı (“yaşıl”) logistika həllərinin tətbiqini, məsələn, elektrik dartı qüvvəsini, alternativ yanacaq və ya ekoloji terminallardan istifadə etməyi planlaşdırırmı?
– Dəmir yolu nəqliyyatı özü-özlüyündə artıq yaşıl logistikanın elementidir və daşımalarımızın təxminən 90 faizi dəmir yolu ilə həyata keçirilir. Şübhəsiz ki, Avropa şirkəti olaraq biz CO₂ emissiyalarının azaldılmasının tərəfdarıyıq. Buna görə də əsas diqqət dəmir yolu daşımalarına yönəldilir. Aİ ölkələrində yüklərin böyük hissəsi elektrik dartımı ilə daşınır, lakin hər ölkədə tezlik və elektrik təchizatı sistemləri fərqlidir. Müasir operatorlar getdikcə daha çox “Siemens Vectron” kimi çoxsistemli lokomotivlərdən istifadə edirlər. Bu lokomotivlər uzun marşrut boyu əvəz edilmədən, sadəcə, uyğun tezliyə keçid etməklə hərəkət edə bilir ki, bu da daşınma müddətini əhəmiyyətli dərəcədə qısaldır.
– Sanksiyalar, qeyri-sabitlik və geosiyasi dəyişikliklər yük göndərənləri alternativ marşrutlar axtarmağa vadar edir. Bu prosesdə Azərbaycan Avrasiya logistik zəncirlərinin şaxələndirilməsində hansı rolu oynaya bilər?
– Qədim İpək yolunun mərkəzində yerləşən Azərbaycan bu gün də regionda mühüm mövqeyə malikdir. Dinlərin və mədəniyyətlərin qovuşması, müxtəlif icmaların və dini konfessiyaların əsrlər boyu dinc yanaşı yaşaması ölkənin müdrik və balanslaşdırılmış xarici siyasətindən xəbər verir. Belə sabit daxili və xarici mühit iri beynəlxalq sərmayələrin cəlb olunmasına imkan yaradır ki, bu da öz növbəsində Azərbaycanın Avrasiya nəqliyyat dəhlizlərinin aparıcı iştirakçılarından biri kimi mövqeyini gücləndirəcək.
– Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, həm də logistik əhəmiyyət daşıyır. Bu marşrut Azərbaycan üzərindən keçən yollara hansı real dəyişikliklər gətirəcək və Avrasiya logistikasının ümumi arxitekturasında hansı rolu oynaya biləcək?
– Zəngəzur dəhlizi Ermənistanın cənubundan keçən və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə, oradan isə Türkiyə ilə birləşdirməli olacaq planlaşdırılan nəqliyyat marşrutudur. Bu layihə həm geosiyasi, həm də logistik baxımdan mühüm əhəmiyyət daşıyır.
Birincisi, o, İran ərazisini və Gürcüstan limanlarından yan keçməklə Xəzər hövzəsi ilə Türkiyə arasında birbaşa quru əlaqəsi yaradacaq. Bu, yüklərin Türkiyəyə, oradan isə Aralıq dənizi limanlarının inkişaf etmiş dəmir yolu və liman infrastrukturu vasitəsilə Avropaya çatdırılma müddətini qısaldacaq.
İkincisi, Zəngəzur dəhlizi Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əsas yollardan birinə çevrilə bilər. Bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyəni Avropa bazarları ilə birləşdirərək Rusiyadan keçən Şimal marşrutundan və İrandan keçən Cənub marşrutundan asılılığı azaldacaq. Çin və Avropa İttifaqı üçün bu, təchizatların şaxələndirilməsində əlavə strateji alternativ olacaq.
Üçüncüsü, layihənin həyata keçirilməsi bütün region üçün əhəmiyyətli iqtisadi təsir yaradacaq. Azərbaycan, Ermənistan və Türkiyənin kəsişməsində multimodal logistika mərkəzlərinin formalaşması mümkün olacaq. Bu isə Cənubi Qafqaz üzərindən yeni təchizat zəncirlərinin yaradılmasına və Naxçıvanın mühüm tranzit qovşağı kimi əhəmiyyətinin artmasına şərait yaradacaq.
Beləliklə, Zəngəzur dəhlizi Avrasiya logistikasının arxitekturasına ciddi dəyişikliklər gətirə, Azərbaycanın Şərq və Qərb arasında strateji logistika mərkəzi kimi rolunu daha da gücləndirə bilər.
– Növbəti beş ildə Azərbaycan üzərindən keçən hansı logistika marşrutlarını ən perspektivli hesab edirsiniz? Məsələn, Çin–Avropa, Hindistan–Rusiya və s. istiqamətlərdə yükdaşımalar?
– Şübhəsiz ki, ən perspektivli istiqamətlərdən biri Çin–Avropa, eləcə də Çin–Türkiyə və Çin–Azərbaycan marşrutları olacaq. Beynəlxalq logistik zəncirlərin davam edən yenidən qurulması prosesləri fonunda bu istiqamətlərə tələbat yalnız artacaq. Azərbaycan isə Şərq ilə Qərb arasında etibarlı və proqnozlaşdırılan əlaqəni təmin edən tranzit ölkə kimi əsas rol oynayır. Xüsusilə də Trans-Xəzər dəhlizi üzərindən keçən marşrutlar aktuallıq qazanır və burada Azərbaycan Mərkəzi Asiya ilə Avropa bazarları arasında əlaqələndirici mərkəz funksiyasını yerinə yetirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.