AZ

“Sülh bazarı”

Alen Simonyan “yaxşı”ya köklənib, amma...

“Azərbaycanlıların da öz yaraları var. Düz və ya səhv olduğunu demirəm. Azərbaycanda hesab edirlər, belə düşünürlər ki, Ermənistan 30 il ərzində onların ölkəsinin 20 faiz ərazisini işğal altında saxlayıb”. Bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Əslində, A.Simonyan, bütövlükdə erməni cəmiyyətinin anlamağı olduğu mühüm reallığa diqqət çəkib və onun kimi yüksəkvəzifəli birinin məsələdən söz açması təqdirəlayiqdir. Ümumən, Simonyanın açıqlamasını pozitiv qiymətləndirmək mümkündür.

Bəli, Azərbaycana Ermənistanın bir daha işğalçılığa köklənməyəcəyinə, torpaqlarımıza qəsb reallaşdırmayacağına dair real təminat lazımdır. Əslində, rəsmi Bakının İrəvanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərt də məhz bundan qaynaqlanır.

Özündə münaqişə məntiqini və ərazilərimizin işğalına leqallıq qazandıran ATƏT-in Minsk qrupu fəaliyyətini rəsmən dayandırıb. İndi qalır Ermənistan konstitusiyasının dəyişdirilməsi, daha doğrusu, sənədin İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxması. İstinad isə ona görə aradan qalxmalıdır ki, bəyannamədə müstəqil Ermənistanın formalaşması üçün əsaslardan biri qismində ölkənin ərazisində mövcud olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası deyilən saxta orqanın qondarma qərarı götürülür. Dərindən düşünəndə, bu, Ermənistanın özünə də ziyanlı haldır və anormaldır.

A.Simonyan isə açıqlamasında dolayısı ilə ziyanlardan uzaq durmağı və xeyirə can atmağı təbliğ edir. Bu barədə söz açacağıq. Hələlik isə spikerin sırf Azərbaycanın təminat istəyi xüsusunda daha nələri bildirdiyinə nəzər salaq. “Aydındır ki, Azərbaycan üçün hər hansı gələcək təhlükənin qarşısını almaq və məsələn, 50 və ya 100 ildən sonra nə isə baş verməsinə imkan verməmək vacibdir. Hər şey ola bilər”, - deyən parlament sədrinin örtülü şəkildə rəsmi Bakının irəli sürdüyü və haqqında söz açdığımız şərtin əsaslı olduğunu vurğuladığı aşkardır. Amma Simonyanın başqa diqqət yetirdiyi məqamlar da var.

Erməni spikerin sözlərinə görə, məsələ elə deyil ki, ermənilərin əksəriyyəti azərbaycanlı sərhədçiləri görmək istəsin. “Bu (görmək istəməmək – red.), pisdir, amma zamanla bu da ötüb keçəcək. Həmin o ermənilər və azərbaycanlılar Moskvada biznes qurur və dostluq edirlər. Eyni şey başqa ölkələrdə də baş verir. Gərginlik var, yaralar təzədir. Bəs biz, insanları öldürmədikmi? Azərbaycan tərəfdən insanlar ölmədimi? Etimadın bərpası dövründə məqsəd ünsiyyəti minimuma endirməkdir. Bu, o demək deyil ki, 5-10 ildən sonra belə bir zərurət olacaq”, - deyən Simonyanın dediklərindən gəlinən daha bir qənaət budur ki, qarşılıqlı etimadın bərpası üçün vacib olan məqam ticarətdir. Buna görə də erməni spiker kommunikasiya xətlərinin mümkün qədər tez açılmasının vacibliyini vurğulayarkən bildirib ki, “bu emosional məsələlər tez həll olunacaq”. Yəni yaraları sağaldan ticarət və gəlirlər olacaq…

Simonyanın nikbinliyinin növbəti fazası isə budur ki, o, çox qısa müddət ərzində ermənilərin və azərbaycanlıların ticarətlə məşğul olacaqlarını vurğulayıb: “Bizim ortaq bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları, Bakıda və Azərbaycanın digər şəhərlərində isə erməni məhsulları satılacaq. Bu, qaçılmazdır. Ermənilər də (Azərbaycanın – red.) benzinini almağa gedəcəklər. Çünki bu, sərfəlidir”.

A.Simonyan açıqlamasında Ermənistan üçün sərfəli yolun konturlarından da söz açıb və bu zaman “Tramp marşrutu” üzərində dayanıb. O marşrut ki, onu Azərbaycan Zəngəzur dəhlizi adlandırır. Söhbət Naxçıvana maneəsiz yoldan gedir. Erməni spikerin yolla bağlı izahı da maraqlıdır və daha çox daxili auditoriyaya hesablandığı aydındır. Belə ki, o, “Zvartnos” hava limanını idarə edən Argentina şirkətinin modelini misal gətirib. “Abstrakt desək, şərti olaraq enerji infrastrukturunun tikintisi ilə erməni şirkəti, dəmir yolunun tikintisi ilə isə başqa bir şirkət məşğul ola bilər. Bu məsələləri birgə Erməni-Amerikan təşkilatı həll edəcək”, - deyən Simonyan əlavə edib ki, hər şey beş məlum prinsip əsasında həyata keçiriləcək və həmin prinsiplərdən kənarda heç nə baş verməyəcək. Bilavasitə Naxçıvana yolda hərəkətə gəlincə: “Şərti olaraq, belə bir şey istisnadır ki, biz bilməyək Ermənistana bomba gətirilir və o, yolun ortasında partlayar. Ermənistan hansı yüklərin daşındığını biləcək. Bunlar texniki məsələlərdir. İndi skanerlər və başqa texniki vasitələr mövcuddur”.

Əlbəttə, istər Simonyan, istərsə də başqa hansısa erməni tam əmin ola bilər ki, Naxçıvana yolda bomba daşınmayacaq. Təkcə ona görə yox ki, elə bir niyyətimiz yoxdur. Həm də o səbəbdən ki, bomba lazım olsa, alternativ marşrutlarımız var. Çox güman, Simonyan da məsələyə sırf təhlükəsizlik nöqteyi-nəzərdən izah verir və sadəcə arqument gətirir. Onun arqumentinin nə dərəcədə yerində olduğuna münasibət bildirmək istəməzdik, əsas odur ki, erməni spiker gələcəyə pozitiv baxır və bu bu məqamı vurğuladıq.

Sonda onu da deyək ki, A.Simonyanın açıqlaması bir el misalımızı xatırladır – avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Əlbəttə, demək istəmirik ki, erməni spiker fikirlərində qeyri-səmimidir. Bunu ölçəcək hansısa cihazımız da yoxdur. Başlıca məsələ Azərbaycanla Ermənistan arasında inam və etimadın yaranmasıdır. Bu yerdə Simonyanın lap əvvəldə səsləndirdiyi fikirlərə diqqət yetirək. Çünki, o, sanki oxu atıb yayı gizlədən ampluasındadır.

Məsələ ondadır ki, Azərbaycan torpaqlarını işğal edən, bir milyona yaxın soydaşımızı öz doğma yurd-yuvasından didərgin salan, onları olmazın məşəqqətlərə sürükləyən, otuz ilə yaxın müddətdə işğalı davam etdirən Ermənistan olub. Bu o deməkdir ki, Azərbaycana təcavüzün təkrarlanmayacağına dair maksimum təminatı erməni xalqı verməlidir. Təminat verməlidir ki, Azərbaycanla Simonyanın arzuladığı və təsəvvüründə canlandırdığı sərfəli ticarət reallaşsın, kiçik Ermənistan, ən azından, Azərbaycan kimi böyük bazar əldə etsin. Nəzərə alaq ki, bu bazarın daha böyük perspektivləri var.

Ən sonda onu da bildirək ki, A.Simonyanın təmsil olunduğu iqtidar komandası üçün 2026-cı ilə qədər vaxt var. Bu iqtidar spikerin müştərək bazar anlayışının nə demək olduğunu, hansı fayda və mənfəətlər gətirəcəyini erməni cəmiyyətinə anlatmalıdır. O şəkildə anlatmalıdır ki, ölkədəki revanşist və şovinistlərin meydana başqa siyasi gündəlik daşımaq cəhdləri iflasa uğrasın. Nəhayət, o şəkildə anlatmalıdır ki, erməni xalqı referendumda konstitusiya dəyişikliyinə “hə” desin.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
2
xalqqazeti.az

1Mənbələr