AZ

TRIPP geniş dəstək qazanır

Orta Dəhlizin bu xətti işlək fazaya keçəcək

Azərbaycanla ABŞ arasında münasibətlərin yeni məzmun və strateji dərinlik qazanması artıq reallığa çevrilir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksəkvəzifəli rəsmisi Brenden Hanrahan ilə görüşü də bu prosesin bariz nümunəsidir. Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər fonunda iki ölkə arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoyub.

Energetika naziri Pərviz Şahbazovun Brendan Hanrahan ilə görüşü də Azərbaycan – ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Söhbətin əsas qayəsini 8 avqust tarixində Vaşinqtonda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş tarixi görüşün nəticələri təşkil edib. Həmin danışıqların ikitərəfli münasibətlərə və bütövlükdə, regiona verdiyi strateji töhfələr, xüsusən də enerji əməkdaşlığını daha yüksək müstəviyə qaldırması diqqət mərkəzində olub.

Görüşdə enerji sahəsində sərmayələrin təşviqi, eləcə də regional bağlantıları möhkəmləndirəcək iri infrastruktur layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər gündəmə gətirilib.

Azərbaycanın enerji təhlükəsizliyinə dair qlobal əhəmiyyətli layihələrinin həyata keçirilməsində ABŞ-ın xüsusi rol oynadığı vurğulanıb. Ölkəmizin Avropaya enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış etməsi fonunda Birləşmiş Ştatlarla bu sahədə əməkdaşlığın davamlılığının vacibliyi qeyd edilib. Bu çərçivədə Azərbaycanın uzunmüddətli tərəfdaşı “ExxonMobil” ilə quruda yeni layihələrin icrası müzakirə olunub. Paralel olaraq, “SOCAR Trading” vasitəsilə ABŞ bazarında mayeləşdirilmiş təbii qaz (LNG), xam neft və neft məhsullarının ticarətinə dair əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib.

Göründüyü kimi, tranzit imkanları, rəqəmsal infrastruktur, süni intellekt, kibertəhlükəsizlik kimi sahələr ABŞ – Azərbaycan dialoqunda ana xətti təşkil edir. Bu, XXI əsrin tələblərinə cavab verən, gələcəyin inkişaf trayektoriyasını müəyyənləşdirən mövzuların gündəmdə olduğunu göstərir. Lakin danışıqların mərkəzində xüsusi yer tutan məsələ Orta Dəhliz və onun ayrılmaz hissəsi olan Zəngəzur dəhlizi (TRIPP) idi. Çünki məhz bu layihə Azərbaycanla ABŞ arasında iqtisadi və strateji əməkdaşlığı daha konkret müstəviyə daşıyır.

Məlumdur ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından böyük əhəmiyyətə malik olacaq. Bu gün dünyanın ən iddialı iqtisadi təşəbbüslərindən biri sayılan layihə Çini Avropa ilə müasir magistrallar, yüksəksürətli dəmiryol xətləri, enerji ötürücü xətlər, limanlar, boru kəmərləri və digər infrastruktur vasitələri ilə birləşdirməyi qarşısına məqsəd qoyub.

Layihə 65-dən çox ölkəni əhatə edir və dünya iqtisadiyyatının ümumi həcminin təxminən 40 faizini təşkil edən bir məkanı özündə birləşdirir. Dünya Bankının hesablamalarına görə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində dəhliz üzərində yerləşən 70 ölkəyə yatırılmış investisiyaların dəyəri artıq 575 milyard ABŞ dollarına çatıb.

Öz növbəsində, işğaldan azad edilən ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun qurulması, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi Orta Dəhlizin marşrut xəritəsinə əlavə güc verəcək, yeni nəqliyyat damarının formalaşmasına yol açacaq. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrinin davamlı inkişafı Orta Dəhlizin potensialını yüksəldəcək, həm siyasi, həm də investisiya dəstəklərinin daha da genişlənməsinə təkan verəcək.

Zəngəzur dəhlizi (TRIPP) Avrasiyanın nəbzini sürətləndirən, Şərqlə Qərbi daha da yaxınlaşdıran yeni iqtisadi arteriyadır. Bu dəhlizin işə düşməsi ilə Orta Dəhlizin marşrutu qısalır, yükdaşımalar daha səmərəli olur, Cənubi Qafqaz isə qlobal logistika şəbəkəsinin əvəzsiz qovşağına çevrilir. Bu, Azərbaycanın illərdir apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bakı – Tbilisi – Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng layihələr məhz bu strateji baxışın ayrılmaz həlqələridir.

Elman SADIQOV,
iqtisadçı-ekspert

Yeni düzəndə ən vacib məqamlardan biri ticarət marşrutlarının və nəqliyyat dəhlizlərinin açılması, formalaşması və istiqamətlərinin müəyyən edilməsidir. Hazırda istər Yaxın Şərqdə, istərsə də Rusiyada baş verən proseslər Orta Dəhlizi daha çox gündəmə gətirir, onun aktuallığını artırır. Əslində, üç böyük dəhliz nəzərdə tutulmuşdur – Orta Dəhliz, Cənub Dəhlizi və Şimal Dəhlizi. Yəni Çin və Cənub-Şərqi Asiya ölkələrinin Avropa İttifaqına çıxışını təmin edən əsas üç marşrutdan söhbət gedir.

Cənub Dəhlizi Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məsələlərini ön plana çıxardı. Bütün güc mərkəzləri isə əslində Zəngəzur dəhlizinə (TRIPP) yaşıl işıq yandırıblar. Bu marşrutun ən böyük maneəsi, başqa sözlə desək, qırılan halqası Ermənistanın mövqeyi idi.

Artıq bu məsələ də həllini tapıb və gözlənilir ki, Zəngəzur dəhlizi 2026-cı ilin sonuna qədər istifadəyə verilsin. Bu isə o deməkdir ki, gələn ildən etibarən həm avtomobil, həm də dəmir yolu ilə yüklərin daşınmasına başlanacaq. Beləliklə, Qafqazın Türkiyə ilə əlaqələri daha da möhkəmlənəcək. Eyni zamanda dəhliz Ermənistanın Türkiyə və Avropaya birbaşa quru yolu ilə çıxışını təmin edəcək ki, bu da olduqca əhəmiyyətli məqamdır. Bundan əlavə, Şimal – Cənub dəhlizinin Türkiyə vasitəsilə Yaxın Şərqə çıxış imkanları da genişlənəcək.

Xüsusilə qeyd edilməlidir ki, Rusiya da bu dəhlizə qarşı ciddi etiraz irəli sürmür. Moskvanın əsas narahatlığı yalnız dəhlizə kimin nəzarət edəcəyi ilə bağlı idi. Lakin avqustun 8-də keçirilmiş Vaşinqton görüşündə Prezident Tramp bu məsələyə aydınlıq gətirərək mübahisələrə son qoydu. Nəticə etibarilə, Zəngəzur dəhlizi artıq daha çox iqtisadi məna kəsb edən strateji bir yol kimi formalaşır.

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün Avrasiya üçün mühüm əhəmiyyət daşıyır. Çünki o, Şərq – Qərb dəhlizinin mühüm bir seqmenti kimi çıxış edəcək. Eyni zamanda Şimal – Cənub dəhlizi də Azərbaycandan keçdikdən sonra dördüncü seqmentini təşkil edəcək.

Hazırda bir xətt Mərkəzi Asiya respublikalarından keçir, digəri Xəzər dənizi üzərindən, üçüncüsü isə Azərbaycan ərazisindən keçir. Bundan əlavə, Azərbaycan üzərindən keçərək Zəngəzur dəhlizi vasitəsilə davam edən marşrut isə dördüncü seqment olacaq. Lakin məsələ ondadır ki, bu dəhlizlə bağlı açıq qalan suallar kifayət qədər çoxdur. Bu səbəbdən ABŞ, Ermənistan, Azərbaycan və digər maraqlı tərəflərin həm gizli, həm də açıq formatda müzakirələrinə ehtiyac var.

Hələ də cavablandırılmalı suallar çoxdur. Məsələn, dəhliz hansı xətlərdən ibarət olacaq? Yüklərin əsas hissəsi dəmir yolu ilə, yoxsa avtomobil yolu vasitəsiləmi daşınacaq? Neft, qaz və digər enerji resursları buradan keçəcəkmi? Hansı ölkələrin tranzit maraqları üstünlük təşkil edəcək? Gömrük və tarif mexanizmləri necə tənzimlənəcək? Deməli, Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirə olunmalı məsələlər hələ də çoxdur.

İstənilən halda, qalib ölkə kimi Azərbaycanın Zəngəzur dəhlizindən əldə edəcəyi iqtisadi dividendlər mövcud dövrdə regional inkişafa öz töhfəsini verəcək.

Nurlan ABDALOV
XQ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr