III məqalə
Dövlət müstəqilliyi, ərazi bütövlüyü və xalqa ləyaqətlə xidmət Konstitusiyanın Preambulasında dövlətin müstəqilliyi, ərazinin bütövlüyü və xalqa ləyaqətli xidməti özündə ehtiva edən 4 konstitusion niyyət əksini tapmışdır. Onlar aşağıdakılardır:
1. “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
2. Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
3. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
4. Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək”.
Sonuncu bənddə vurğulanan şərtlərdən beynəlxalq miqyasda dövlətin və cəmiyyətin identikliyinin əsas qayəsi ifadə edilmişdir: “ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.
Bu məqamın fəlsəfi anlamı çox mühümdür. Çünki həmin hissədə Azərbaycanın daxili suverenliyi ilə xarici suverenliyini vahid məntiqi müstəviyə gətirən başlıca faktor yığcam vurğulanmışdır. Həmin faktor xalq suverenliyinin yalnız substantiv deyil, həm də funksiya aspektində dövlətin daxili və xarici suverenliyinin təməlini təşkil etməsi ideyası ilə bağlıdır. Konstitusiyada vurğulanan “vətəndaş cəmiyyəti”, “xalqın iradəsi” və “ədalətli iqtisadi və sosial qaydalar” terminlərinin məzmunca qarşılıqlı münasibətlərinin başlıca siyasi, hüquqi və sosial mənasını bu məqam təşkil edir. Ümumi nəzəri səviyyədə bu, Konstitusiyada xalq suverenliyi, dövlət suverenliyi, ali təsisedici sənəd statusu və ictimai münasibətlərin tənzimlənməsi aspektlərinin vəhdəti kimi ifadə olunmuşdur.
Konstitusiyanın bu cür yüksək daxili məntiqi ziddiyyətsizliyi həm də onun praktiki səmərəsinin bazasını yaradır! Azərbaycan Respublikası dövlətinin fəaliyyət təcrübəsi bu qiymətli keyfiyyətin real mövcudluğunu əldə edilən qələbələr timsalında sübut etməkdədir.
Özlüyündə hər bir müstəqil dövlət üçün müstəqillik, suverenlik, ərazi bütövlüyü kimi məsələlərin xalqa (yəni cəmiyyətə, topluma) ləyaqətlə xidmət etməklə ziddiyyətsiz vəhdəti arxiaktualdır. Burada hüquqi “ölçülməsi” çox çətin olan “ləyaqətli xidmət” termininin hər bir nümunədə özəl məzmun alması kimi vacib məsələ də unudulmamalıdır. Çünki “ləyaqət” etik anlayışdır, ona siyasi-hüquqi anlam vermək ayrıca prosesdir. Burada cəmiyyətin təkamülünün tarixi ənənəsi ilə yanaşı, müasir siyasi-elmi kriteriyalara görə “ləyaqətli xidmət”in nə demək olduğu da müəyyən olunmalıdır. Azərbaycan Respublikasının 1993-cü ilin iyunundan başlayaraq keçdiyi yol göstərir ki, Ulu öndər bu vəzifənin də öhdəsindən yüksək səviyyədə gəlmişdir.
İndi hər kəsə aydındır ki, xalqa ləyaqətli xidmət hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycançı olmaq çərçivəsində multikultural dəyərlərə üstünlük vermək, milli adət-ənənələrə və müstəqil dövlətçiliyə istənilən şərtlər daxilində sədaqətli olmaq, Vətənsevər olmaq, ölkənin, dövlətin, cəmiyyətin müdafiəsinə həmişə hazır olmaq kimi əhəmiyyətli keyfiyyətləri özündə ehtiva edir. Dövlətin başçısı üçün bu məsələ xüsusi və dəqiq müddəalarla müəyyən edilmişdir. Azərbaycan dövlət başçısı və liderinin fəaliyyəti baxımında olduqca əhəmiyyətli olan bu məqamın Konstitusiyada vurğulanmış iki ümumi müddəası üzərində dayanaq.
“And içirəm...”
Azərbaycan Respublikasının Prezidenti seçilən şəxsin andının birinci bəndi aşağıdakı məzmuna malikdir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
Birincisi, Azərbaycan Respublikasının Konstitusiyasına əməl ediləcəyinə, ikincisi, dövlətin müstəqilliyi və ərazi bütövlüyünün qorunacağına, üçüncüsü, xalqa ləyaqətlə xidmət ediləcəyinə and içilir. Deməli, xalqa ləyaqətlə xidmətin dövlət müstəqilliyi və ərazi bütövlüyünün qorunması ilə vəhdətdə olması şərtinin ödənməsi təminatçısı Konstitusiyadır! Bu, elə təməl şərtdir ki, seçilən dövlət başçısı mütləq ona əməl etməlidir. Prezidentin Andının siyasi-hüquqi, sosial və mədəni-mənəvi “ağırlığı” bu şərtlə müəyyən olunur. Azərbaycan Prezidenti seçilən şəxsin birinci bəndlə bağlı məsuliyyəti əlini Konstitusiyaya basaraq həmin sözləri deməsində ifadə olunur. Bu, Andın siyasi, hüquqi və sosial aspektlərinin konstitusion şərtlər daxilində nəzərə alınması deməkdir. Yəni Azərbaycan Respublikası dünyəvi pinsipləri əsas tutan müstəqil dövlətdir!
Bu baxımdan Andın ikinci bəndi dövlətçilik və xalqa ləyaqətlə xidmətin qarşılıqlı münasibətlərinin məzmunu üçün başqa kontekstdə ciddi prinsipial əhəmiyyət daşıyır.
Andın ikinci bəndi belədir: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”. Bundan sonra Prezidentin “Qurani-Şərif”ə əl basması yalnız rəmzi məna kəsb etmir, həm də praktiki fəaliyyət üçün böyük məsuliyyəti qəbul etməyi ifadə edir.
Bu, Azərbaycan xalqının dövlətçilik həyatında mədəniyyət, mənəviyyat, əxlaq, törə, adət-ənənə, dil kimi faktorların yüksək səviyyədə rol oynadığının konkret nümunəsidir! Burada Prezident seçilən şəxsin məhz “Qurani-Şərif”ə əl basması İslamın, ümumiyyətlə, xalqın həyatında mental səviyyədə tutduğu yeri və oynadığı rolu təsbit edir.
Andiçmənin yekun mərhələsi çox əlamətdardır.
“Gözümün qarası-ağı, Azərbaycan bayrağı”
Azərbaycan Prezidenti olan şəxs yalnız dövlət bayrağına təzim edir, onun qarşısında diz çökür! Bayraq hər bir Azərbaycan vətəndaşı kimi dövlətin başçısının da “gözünün qarası-ağıdır”! Bayraq elə bir müqqədəslik rəmzimizdir ki, ruhu qəlbimizdə, ideyası beynimizdə və məsuliyyəti çiynimizdədir. Bu mənada dövlətin başçısı bayrağı öpüb gözünün üstünə qoyur!
Onun üç ideyası – türkçülük, müasirlik və İslam, bizim üçün üç müqəddəs dəyərin, fikrin, dövlət və mədəniyyət fenomeninin pozulmaz vəhdətini ifadə edir. Türkçü olmağın mühüm aspektlərindən biri milli ilə bəşəriliyin yüksək sintezinin daşıyıcısı olmaq deməkdir, irqi ayrı-seçkilikdən uzaq vətən, yurd, xalq, millət sevər olmaq deməkdir. Türkçü olmaq Azərbaycanda hər bir insana hörmət, sayğıyla, dürüstlüklə və qardaş kimi baxmaq deməkdir. Türkçü olmaq Vətən uğrunda hər bir anlamda Şəhid olmağa hazırlıq səviyyəsinə yüksəlmək deməkdir!
Türkçü irqçi deyil, Vətənçidir, Bəşəridir, ailə, törə, yurd sevəndir! Türkçü əsl Azərbaycançıdır! Azərbaycanı sevməyən azərbaycanlı türkçü deyildir, əksinə, türkçülüyün düşmənidir. Əsl türkçü bəşəriliyi, mədəniyyəti, çalışqanlığı, dürüstlüyü və vətənsevərliyi milli ruhunda yaşatmağı bacarandır.
Müasirlik həmişə inkişafa hazır olmağı ifadə edir. Elə bir inkişafa ki, sivilliyə, dünyada meydana gələn yeni dəyərlərə, müxtəlif mədəniyyətlərə milliliyi gözləməklə açıq olmağı nəzərdə tutur. Müasirləşmək dünyanın inkişaf və yeniləşmə fəlsəfəsinin ruhunu özündə daşımaq anlamını verir.
İslam isə Azərbaycan insanının həmişə mədəniyyət, mənəviyyat, əxlaq, ailə kimi faktorlara üstünlük verməsinin ifadəsidir. Bayraqda Azərbaycan dövlətinin din amilinə yüksək qiymət verdiyi əks olunmuşdur. Azərbaycan xalqı və dövləti əbədi olaraq İslamı ən yüksəkdə tutacaqdır!
Vurğulanan məqamlar bizi özlüyündə Konstitusiyanın ictimai münasibətləri tənzimləyən güc kimi konseptual dərki məsələsi üzərində geniş dayanmağa gətirib çıxarır. Bunun bir tərəfi Konstitusiyanın özünün mahiyyəti ilə əlaqəlidirsə, digər cəhəti Azərbaycan dövlətçilik ənənəsinin özəlliyinə bağlıdır. Bu tezisin mənasını açmağa çalışaq.
Dövlət və cəmiyyət: münasibətlərin Azərbaycan təcrübəsi
Bütövlükdə Azərbaycanda dövlətlə cəmiyyət arasında münasibətlərin üç hüquqla (qanunla) tənzimləndiyi haqqında mənbələr mövcuddur. Onların müəyyən qismi “Xalq” qəzetində dərc edilmiş məqalələrdə də əksini tapmışdır. Burada məsələyə Konstitusiya və suverenlik kontekstində qısa nəzər salmaq istəyirik.
Vurğulanan tənzimləyici və təsisedici hüquqlar - hökmdar hüququ, parlament (və ya Divan) hüququ və Yosun (və ya mamır) hüququdur. Türklər hüququ əsas olaraq ontoloji anlamda dərk etdiklərinə görə, vurğulanan hüquq sistemlərini (Əgər belə demək elmi cəhətdən korrektdirsə. Hərçənd bu prinsipial tezisi konseptual olaraq əsaslandırmaq gərəkdir, çünki dünya tədqiqatçıları adətən Roma hüquq sistemindən bəhs edirlər və Konstitusiya kontekstində türk hüquq sisteminin özəllikləri aydınlaşdırılmalıdır) həm də fərdi və kollektiv səviyyələrdə real mövcud olmanın təbii şərtləri kimi qəbul edirlər.
Hökmdar hüququ dövlət başçısının yaratdığı hüquqi dəyərləri əhatə edir. Bu, özünün təcəssümünü fərmanlarda, sərəncamlarda, əmrlərdə və başqa uyğun sənədlərdə tapır. Parlament hüququnun əsasında birgəyaşam formasından asılı olmayaraq kollektivin təmsilçilərinin yaratdıqları qanunları əhatə edir. Yosun (mamır) hüququ isə xalqın (tayfanın, qövmün, cəmiyyətin, millətin) özünüyaratmasının ümumi qəbul edilən qanunlarını və bu anlamda xalqın hüququnu əks etdirir.
Azərbaycan dövlətçilik ənənəsində xalqın özünü yaratması qanunu (və ya hüququ) təməl rol oynamışdır. Yəni son məqamda Yosun hüququ hökmdar və parlament hüququnu müəyyən etmişdir. Cəmiyyətə verilən bu yüksək imtiyaz tarix boyu Azərbaycanın siyasi, sosial, mədəni və iqtisadi həyatında özəl dəyərlər formalaşdırmışdır. O cümlədən dövlət qurmaq anlayışına xüsusi çalar vermişdir. Onun hüquqi aspektdə ümumi mənası müasir mərhələdə “xalq suverenliyi” və “dövlət suverenliyi” anlayışlarında ehtiva olunmuşdur. Dövlətçiliyin geniş təsbiti kontekstində isə Konstitusiyada xüsusi anlamda işlədilməkdədir.
Beləliklə, tarixin hər bir dönəmində özəl məna çalarlarının meydana gəlməsi istisna olunmaqla, bütövlükdə xalqın hüququ, qanunu və özünütəşkiletmə fəlsəfəsi sosial-mədəni səviyyə ilə yanaşı, dövlət quruculuğu konteksti üçün də aparıcı olmuşdur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru