AZ

Türkiyə nüvə dövlətinə çevrilsə... - yuxusu ən çox qaçan ölkə

Azərbaycanın iki qardaşından biri bu silaha sahibdir, digəri isə...

Türkiyə vətəndaşlarının böyük əksəriyyəti - 71%-i ölkənin milli nüvə silahının yaradılması üzrə işə başlamağı zəruri hesab edib. 18% bunun əleyhinədir, 11% isə hələ qərar verməyib. Bu barədə “Research İstanbul”un keçirdiyi sorğuların nəticələri ilə bağlı məlumatda deyilir. 

Göründüyü kimi, əksəriyyət qardaş dövlətin “Nüvə klubu”nun üzvü olmasının tərəfdarıdır. 

Qeyd edək ki, Türkiyə kifayət qədər uran ehtiyatına malik ölkələrdəndir. Bəs 1 nömrəli strateji müttəfiqimizin nüvə dövlətinə çevrilmək üçün resursu, imkanı necə qiymətləndirilir? Bu istəyə qarşı Qərbin (ABŞ-nin), Rusiyanın reaksiyası necə olar?

Erməni mediasında gedən yazıda bu xüsusda ciddi narahatlıq ifadə edilib. Guya o halda Ermənistan Türkiyə və Azərbaycanın daha güclü təhdidi altında olacaq. Hərçənd Bakının güclü nüvə dövlətləri arasında dostları, sadəcə, daha bir vahid artmış olacaq.

Fikrət

Fikrət Yusifov

Professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da Pakistan nümunəsini önə çəkdi: “Beynəlxalq hüququn işləmədiyi bir dünyada zəif dövlətlər təqib olunur və əzilirlər. Bu, bir gerçəkdir və bu gerçəyi biz bir dövlət olaraq öz dərimizdə yaşadıq. Otuz il beynəlxalq hüquqa söykənib, torpaqlarımızı erməni işğalından azad etmək istəsək də, heç nəyə nail ola bilmədik. İkili standartların hökmranlıq etdiyi dünyada beynəlxalq hüquq yalnız o zaman işləyə bilər ki, sən həm də bir dövlət kimi güclü hərb maşınına sahib olasan. Biz də 44 günlük müharibəyə qədər müasir hərbin bütün çağırışlarına cavab verən bu hərb maşınını yaratdıq və bu maşın işə düşən kimi beynəlxalq hüquq da onunla bərabər işləməyə başladı. Bu müharibədə bizə Fransa kimi məkrli bir ölkədən başqa kimsə "nə üçün torpaqlarınızı hərbi yolla işğaldan azad edirsiz" dedimi? Yox, demədi. Çünki bu zaman biz həm siyasi, həm hüquqi, həm də hərbi cəhətdən üstün idik... Bax, bu üçüncü komponent - hərbi güc mövcud zənciri tamamladı və biz torpaqlarımızı işğaldan azad etdik. Türkiyə bu gün yerləşdiyi regionda necə söz sahibinə çevrilə bilib? Qardaş ölkə bu zirvəyə ilk növbədə hərbi gücü hesabına yüksəlib. Bu gün Türkiyə ordusu dünyanın 10 ən güclü orduları sırasındadır. Ancaq heç şübhə etmirəm ki, döyüş qabiliyyəti prizmasından yanaşılsa, Türkiyə ordusu bu gün ən güclü ordular arasında birinci üçlüyə daxil olar". 

F.Yusifovun fikrincə, bu gün dünyada baş verən geosiyasi proseslər bir daha onu göstərir ki, hərb meydanında geriyə qalmaq olmaz: “İndi Türkiyənin hərbi sənayesi öz inkişafının pik həddini yaşayır. Bu sənaye artıq həm öz ordusunun tələbatı üçün, həm də ixrac üçün müasir hərbin tələblərinə tam uyğun gələn silahlar və sursatlar istehsal edə bilir. Lakin Türkiyə bu gün nüvə silahına sahib olan dövlətlər sırasında dayanmır. Qardaş ölkənin bu sırada dayanması çox qürurverici bir hal olardı. Hesab edirəm ki, Ankara bunun fərqindədir. Bu yerdə yadıma bir zamanlar Pakistanın bu silaha gizli sahiblənməsi hadisəsi düşür. Heç kim bunu ağlına gətirmədiyi bir halda Pakistan nüvə dövləti olduğunu qəfil ortaya qoydu. Biz bunu Türkiyədən də gözləyirik. Prezident Rəcəb Tayyib Ərdoğanın bu mövzudakı danışıqları deməyə əsas verir ki, Türkiyə bu istiqamətdə ciddi düşünür. Çünki indiki dünyada bu çox lazımdır...”

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının sözlərinə görə, qlobal dəyişiklik haqqında intensiv şəkildə bəhs edilən yeni dünya nizamı dünyadakı nüvə arsenalında da dəyişikliklərə səbəb ola bilər: “Qeyri-nüvə dövləti olan, lakin potensial regional və qlobal oyunçu olmağa namizəd olan dövlətlərin belə istəyi aktuallaşır. Bu istəklər əvvəllər olsa da, indi geosiyasi situasiyanın dəyişməsi məsələni aktuallaşdırıb. Regional müstəvidə gücə çevrilən Türkiyənin qlobal oyunçu olmaq istəkləri də bəllidir. Xüsusilə gələcək çoxqütblü dünyanın qurulması perspektivləri belə imkanları önə çıxarır. Rəsmi Ankaranın əsas hədəflərindən biri BMT Təhlükəsizlik Şurasının tərkibini genişləndirmək və orada söz sahibinə çevrilməkdir. Nüvə silahının əldə edilməsinin də qlobal hədəflər arasında olduğu istisna edilməməlidir. Əslində belə bir sorğunun keçirilməsi "nəbzin yoxlanılması" və “Türkiyə xalqı nüvə silahına malik olmaq istəyir” mesajının verilməsi kimi görünür. Türkiyənin belə bir gücə sahib olması Azərbaycanın da güclənməsi deməkdir. Azərbaycanın nüvə silahına malik dost ölkələri var, xüsusilə Pakistan əsas nümunədir. Lakin qardaş Türkiyənin də bu imkanı əldə etməsi perspektivi mövqelərimizi daha da gücləndirəcək. O da həqiqətdir ki, Türkiyənin nüvə silahına malik olmasını nə ABŞ, nə Rusiya, ümumiyyətlə, “nüvə beşliyi” adlandırılan ölkələr, nə də Ankaranın güclənməsini istəməyən regional oyunçular istəyəcək. Bu baxımdan, nüvə silahına sahib olmaq hələ ki çətin görünür. Belə imkanlar mövcud qlobal sistemin çökməsi, dünya siyasətinin yenidən formalaşması halında yarana bilər".

nuve.JPG

P.S. Fotoda “nüvə klubu”nun üzvü olan dövlətlərin 8-nin bayrağı göstərilib. İsrail klubun üzvü olsa da, nüvə silahına malik olduğunu etiraf etmir.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
34
musavat.com

1Mənbələr