AZ

Ermənistanın olduğu ittifaqa qoşulmaq Pakistanın nəyinə lazım?

İslamabad İrəvanla müzakirələrini Azərbaycanla koordinasiya edir

Keçmiş Qarabağ münaqişəsinə görə Ermənistanın dövlət müstəqilliyini tanımayan Pakistanın son zamanlar Ermənistanla danışıqlara başlamasının arxasında onun Avrasiya İqtisadi İtifaqına üzvlüyünə İrəvanı razı salmaq istəyinin dayandığı bildirilir. Elə buna görə də Pakistan Ermənistanla xarici işlər nazirləri səviyyəsində 2025-ci il avqustun 31-də diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıb.

Bəs maraqlıdır, Avrasiya İqtisadi İttifaqı məgər çox əhəmyyətli təşkilatdır ki, Pakistan oraya üzvlüyə can atır? Aİİ Pakistanın nəyinə gərəkdir?

Obrazlı

 Aqil Məmmədov

Siyasi şərhçi Aqil Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olaraq həm də ölkəmizin ərazi bütövlüyünə açıq dəstək ifadə edib. Uzun illər ərzində hakimiyyət dəyişikliklərinə baxmayaraq, rəsmi İslamabadın Azərbaycanla bağlı siyasəti və Qarabağ məsələsində qətiyyətli mövqeyi dəyişməyib: “Pakistan bu günə qədər Ermənistanın müstəqilliyini tanımayıb. Aydın məsələdir ki, Azərbaycan-Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşmalardan sonra Pakistanın da Ermənistanla münasibətlərinə yenidən baxacağı gözlənilən idi. Bu, mənim fikrimcə, tamamilə təbiidir. Çində ŞƏT çərçivəsində iki ölkənin XİN rəhbərlərinin təması zamanı hətta müəyyən sənəd də imzalandı. Həmin sənədin imzalanmasından sonra Pakistan Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasına cavab olaraq Ermənistanın üzvlük məsələsini blokladı. Bu fakt bir daha göstərir ki, Pakistan Ermənistanla təmaslarda Azərbaycan faktorunu və onun maraqlarını əsas götürür. Ümumiyyətlə, mənim fikrimcə, rəsmi İslamabad İrəvanla müzakirələrini Azərbaycanla koordinasiya edir”.

Ekspertin sözlərinə görə, Pakistanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq istəyi bu gün ortaya çıxmayıb: “Uzun illərdir ki, Pakistan bu təşkilatla əməkdaşlıq üçün müxtəlif formatları müzakirə edir. Xüsusilə azad iqtisadi zonanın yaradılması rəsmi İslamabad tərəfindən illərdir gündəmdə saxlanılır. Doğrudur, hazırda mediada Pakistanın üzvlüyünün gündəlikdə olduğu qeyd edilir. Ancaq açığı, mən düşünmürəm ki, bu mərhələdə Pakistan üçün üzvlük aktualdır. Böyük ehtimalla tərəflər azad ticarət zonasının yaradılması məsələsində müəyyən irəliləyiş əldə ediblər və Pakistan bu ideyanın dayandırılmaması üçün Ermənistanı tanımaq müqabilində ondan sözügedən təşəbbüsü tormozlamamaq təminatını alıb.

Avrasiya İqtisadi İttifaqı əsasən iqtisadi birlik hesab edilir və bir növ Avropa İttifaqının prinsipləri əsasında formalaşıb. Burada əsas məqam  malların və işçi qüvvəsinin üzv ölkələr arasında sərbəst dövriyyəsinin təmin edilməsidir".

A.Məmmədovun fikrincə, Pakistan üçün bu ittifaqla əlaqələr bir neçə səbəbdən önəmli hesab edilə bilər: “Birincisi, ittifaqa üzv bütün ölkələri götürdükdə, bu çox böyük bazardır. Əgər bir məhsulu bu qədər geniş bazara ayrı-ayrılıqda çıxarmaq istəsən, hər ölkə ilə ayrıca müqavilələr imzalamalı və prosedurlardan keçməlisən. Ancaq vahid ittifaqla əlaqələrin qurulması və sənədlərin imzalanması Pakistan məhsullarının vahid qaydalarla bütün bu bazarlarda təmsil olunmasına imkan verər. Bu gün Pakistan iqtisadiyyatı üçün hər 100 dollar kifayət qədər əhəmiyyətlidir. İqtisadiyyatın şaxələndirilməsi və istehsal həcmlərinin artırılması üçün yeni bazarlara ehtiyac var və Avrasiya İqtisadi İttifaqı məhz belə bir bazar rolunda çıxış edə bilər. Düşünürəm ki, Pakistanda Avrasiya İttifaqının elə də güclü siyasi birlik olmadığını yaxşı anlayırlar. Ona görə də İslamabad əgər real olaraq bu ittifaqa üzv olmaq istəsə, bunu hansısa siyasi alver predmetinə çevirməz. İttifaqın digər üzvləri vasitəsilə bu planını rahat şəkildə reallaşdıra bilər. Sadəcə, görünən odur ki, Ermənistan Avrasiya İttifaqı ilə Pakistan arasında azad ticarət zonasına dəstək verəcək və daxildəki tənqidlərə cavab olaraq bunu bizim şərtimizi qəbul etdilər, qarşılığında dəstək verdik kimi təqdim edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Seçilən
54
musavat.com

1Mənbələr