AZ

Rəsmi Bakıdan Asiya və Afrika ölkələrinə birmənalı dəstək 

Azərbaycan neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni mərhələnin başlanğıcını qoyub

"Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır. Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur".

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına Prezident İlham Əliyevin müraciəti bu tədbirin nə dərəcədə vacib olduğunu bir daha təsdiq etdi. Bu forum çərçivəsində münasibətlərin və əməkdaşlıqların möhkəmlənməsinə zəngin töhfələr verildi.

Çoxqütblülüyün sürətlə artdığı, geosiyasi gərginliklərin yüksəldiyi və yeni, naməlum çağırışların ortaya çıxdığı bir dövrdə bu formatlı tədbirin keçirilməsi xüsusi əhəmiyət kəsb edir. Forumda məhz həmin mürəkkəbliklərə toxunulub, yeni yanaşma yolları və konkret ideyalar irəli sürülüb. 

Ümumiyyətlə, Asiya və Afrika ölkələrinə humanitar yardımlar, inkişaf proqramları və investisiya layihələri ilə dəstək olmaq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Bu bir həqiqətdir ki, Azərbaycan, təbii fəlakətlərdən və böhranlardan əziyyət çəkən Asiya və Afrika ölkələrinə dəfələrlə humanitar yardımlar göstərib və bu xoşməramlı missiyasını bu gün də davam etdirir. Məsələn, 2020-ci ilin əvvəlində COVİD-19 pandemiyasının dünya miqyasında genişlənməsinə paralel olaraq, Azərbaycan bir sıra Asiya və Afrika ölkələrinə tibbi maskalar, ventilyatorlar və digər tibbi ləvazimatlar göndərib.

Onu da vurğulayaq ki, Azərbaycanın göstərdiyi bu cür yardımlar yalnız maddi  dəstəklə məhdudlaşmır. Ölkəmiz həm də bu dövlətlərin inkişafına uzunmüddətli perspektivdə dəstək olmaq məqsədilə onlarla təhsil, təcrübə mübadiləsi və insan resursları sahələrində əməkdaşlıq edir. Azərbaycan, həmçinin Asiya və Afrika ölkələrinin təhsil sahəsində inkişafına dəstək göstərir. Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələri, bu ölkələrdən gələn tələbələrə təqaüdlər təqdim edir və onlara təhsil imkanları yaradır. Bundan başqa, Azərbaycanlı mütəxəssislər, bu ölkələrdə müxtəlif təlimlər və seminarlar keçirərək, regional inkişafın gücləndirilməsinə çalışırlar.

Mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edib. Belə ki, Azərbaycan, Asiya və Afrika ölkələrinin mədəniyyətlərinin təbliğinə və müxtəlif festivallarda iştirakına şərait yaradır. Bu, xalqlar arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan, iqtisadi diplomatiyanı ön planda tutaraq Asiya və Afrika ölkələri ilə ticarət əlaqələrini artırmağa davam edir. Ölkəmiz bu regionlara həm ixrac, həm də idxal məhsullarını genişləndirir. Məsələn, Azərbaycanın neft və qaz sahəsindəki gücü, bir çox Asiya və Afrika ölkələrinin enerji ehtiyaclarını qarşılamağa imkan yaradır. Eyni zamanda Azərbaycan bu ölkələrə infrastruktur layihələri, xüsusilə nəqliyyat və enerji sektorlarında investisiyalar edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Erzurum (BTE) qaz kəməri kimi strateji layihələr, Azərbaycanla Asiya və Afrika ölkələri arasında əlaqələri gücləndirmək üçün mühüm rol oynayır.

Azərbaycanın Asiya və Afrika ölkələri ilə diplomatik əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Azərbaycanın BMT-dəki fəaliyyəti, həmçinin Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar vasitəsilə bu ölkələrə dəstək göstərməyə imkan yaradır. 

Prezident İlham Əliyev bir çox Asiya və Afrika ölkələrinə rəsmi səfərlər edərək, siyasi və iqtisadi əlaqələri möhkəmləndirir. Bu səfərlər zamanı müxtəlif razılaşmalar imzalanır, həmçinin bu ölkələrin Azərbaycanın enerji və nəqliyyat sahələrindəki təcrübəsindən yararlanması təşviq edilir.

Azərbaycanın Asiya və Afrika ölkələrinə göstərdiyi dəstək, sadəcə humanitar və iqtisadi yardım ilə məhdudlaşmır. Dövlətimiz bu bölgələr ilə inkişaf etmiş diplomatik əlaqələr quraraq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanın bu yanaşması, yalnız regionların inkişafına töhfə vermir, həm də qlobal miqyasda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bu cür strateji əməkdaşlıq, gələcəkdə həm Asiya və Afrika ölkələri, həm də Azərbaycan üçün mühüm perspektivlər açır.

Prezident İlham Əliyev "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı məktubda dövlət başçısı bir daha sözügedən məsələlərə toxunaraq Azərbaycanın bu istiqamətdəki fəaliyyətini dəyərləndirib. Prezident qeyd edib ki, ölkəmiz COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlər arasında yer alıb. 

İlham Əliyev vurğulayıb ki, Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olub. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub. Bununla yanaşı Azərbaycan bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərini bundan sonra da qətiyyətlə davam etdirəcək.

Azərbaycan Prezidenti hesab edir ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir: "TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır".

İlham Əliyev həmçinin gələcək planlar və hədəflər barədə də iştirakçılara məlumat verərək qeyd edib ki, 2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur: "Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük".

Bir sözlə, AQEM-in sessiyasının Bakı şəhərində keçirilməsi xüsusi məna daşıdı. Ölkəmiz Şərqlə Qərbin, qədim tarixin və müasir texnologiyaların birləşdiyi məkan kimi hər zaman bilik, mədəniyyət və texnologiya mübadiləsi mərkəzi kimi çıxış edib. Budəfəki sessiyada da analitik qurumların nümayəndələri yüksək perspektiv təkliflər və təşəbbüslər irəli sürdülər ki, onların da həyata keçirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verəcək. Bu da onu deyəmyə əsas verir ki, AQEM artıq yeni bir mərhələyə qədəm qoyur. Bu həm yeni vizyonun formalaşması, həm də üzv dövlətlər arasında dialoqun və əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Seçilən
66
azerbaijan-news.az

1Mənbələr