AZ

Yekun sülh üçün Ermənistan nə etməlidir?

"Ermənistan yekun sülhə nail olmaq üçün üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı Azərbaycana plan təqdim etməlidir. Bu planın vaxt qrafikinin olması zəruridir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. O bildirib ki, bu həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi Ermənistana təqdim edə bilər. 

"Digər tərəfdən isə Ermənistan konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarını sonlandırmalıdır. Geosiyasi cəhətdən isə Ermənistan ona havadar olan qüvvələrin Azərbaycana qarşı müqavimət cəhdlərinə qarşı mövqelənməlidir", - deyə o bildirib.

Ekspert qeyd edib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan sərhədlərinin monitorinqini dayandırmağa nail olmalı, bundan sonra Azərbaycanın  hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr etməməlidir.  Bu, regionda Azərbaycan, onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir. Bu, Ermənistan üzərindən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı qarşıdurma risklərini aradan qaldıra bilər. 

A.Kərimov deyib ki, başqa bir məsələ isə Ermənistanın ərazisində xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır: "Bu xüsusda Ermənistan, ümumiyyətlə, xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir. Əlavə olaraq, Ermənistan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olsa, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr