Hamımız üçün əziz, doğma, müqəddəs sayılan bir peşə sahibi var - məkan və zaman hüdudsuzluğuna malik bu uca peşənin sahibi müəllimdir. İnsanlar bütün zamanlarda “müəllim” sözünü ağır batmanla, böyük hörmət və izzətlə dəyərləndirmişlər. O, həmişə cəmiyyətin dadı-tamı, mayası, mayakı olmuşdur. Uşaq ayağı yer tutub addım atandan, dili söz tutub danışan andan müəllim sözünün istisinə isinmiş, müqəddəsliyinə, ucalığına tapınmışdır.
Ömrünün 40 ildən çoxunu müəllimlik sənətinə həsr etmiş, Qərbi Azərbaycanın tanınmış fədakar müəllimlərindən biri də Mehri Eyvazova idi. 40 il müəllim! Bu ifadə nələr demir?! Mehri müəllim öz sənəti ilə nə qədər zehnlərə işıq saçmış, qəlblərə sevinc və fərəh bəxş etmişdir. O müəllim işlədiyi dövrdə nə qədər insan qəlbində öz heykəlini yaratmış, nə qədər canlı əsərlərin müəllifi olmuşdur.
Yaşasaydı, bu il sentyabr ayının 15-də 100 yaşı tamam olacaqdı. 100 yaşlı bir pedaqoqun maraqlı bir ömür kitabını vərəqləmək, bu kitabın məna dolu bir neçə səhifəsini oxuculara təqdim etməyi özümə borc bildim.
Mehri müəllim 1925-ci ildə Allahverdi rayonunun Böyük Ayrım kəndində nəcabətli, ziyalı bir ailədə anadan olub. Mehri xanımın atası Adil Eyvazov bölgənin böyük nüfuza malik ağsaqqallarından, maarifçilərindən biri olmuşdur. Ümumiyyətlə, Eyvazovlar soyunun nümayəndələri təkcə Allahverdi rayonunda deyil, Qərbi Azərbaycanda soydaşlarımızın ictimai, mədəni quruculuq prosesində yaxından iştirak etmiş, öz layiqli töhfələrini vermislər. Mehri müəllim haqqında ilk dəfə onun həyat yoldaşı, Qərbi Azərbaycanın tanınmış maarif və mətbuat xadimlərindən olan Tapdıq Novruzov haqqında tərtib etdiyim “Yaşanmış ömür” adlı kitabdakı yazılardan tanış oldum. Tapdıq müəllimin romantik gənclik dünyasının “işıqları” kimi xatırladığı saf və nəcib təbiətli insanlar içində adını hər zaman riqqətlə çəkdiyi bir sima gördüm. Mehri xanım! Tapdıq müəllimin mənəvi yaddaşında əbədi iz buraxan və onun Mehri xanımla olan hərarətli xatirələri eyni vaxtda həm də bir hekayə təsiri bağışlayır. Mehri müəllimin həyatı, fəaliyyəti, keçdiyi şərəfli ömür yolu onun doğma Böyük Ayrım kəndindən başlayır.
Mehri xanım müəllimlik fəaliyyətinə 1945-ci il sentyabrın 1-də Böyük Ayrım kənd məktəbində başlamışdır. Bununla da onun həyatında yeni bir dövr başlayır, hər il ömür kitabına bir hadisə ilə yazılır, naxışlanır. Mehri müəllim ömrünü yaşamaq üçün deyil, yaratmaq üçün yaşamışdır. Çünki yaratmaq üçün yaşayanda ömür daha mənalı, illər daha uğurlu olur.
Ali təhsil almaq arzusu isə bir an da olsun belə Mehri xanımı rahat buraxmır. Məhz ona görə də Mehri xanım 1945-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutuna daxil olur. Amma 1948-1953-cü illərdə Qərbi Azərbaycandan soydaşlarımızın köçürülməsi zamanı İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi də Bakıya köçürüldüyündən Mehri xanım ali təhsilini başa vura bilmir. O, ali təhsilini Qazax Müəllimlər İnstitutunda davam etdirir və 1953-cü ildə oranı bitirir.
Dövrün sayılıb-seçilən qadınlarından olan Mehri xanım sanki həyata müəllim olmaq üçün gəlmişdi. İrəvan Pedaqoji və Qazax Müəllimlər İnstitutunda Mehri xanıma dərs demiş müəllimlərin - Fərhad Fərhadov, Əşrəf Bayramov, İsmayıl Şükürzadə, Tacirə Bağırova kimi görkəmli pedaqoqların gözəl ənənələrini Böyük Ayrım kənd məktəbində davam etdirirdi. Bir neçə nəsil Allahverdi rayon azərbaycanlılarına ilk dəfə qələm tutmağı, “ana”, “Vətən” sözlərini yazmağı məhz Mehri müəllim öyrətmişdir. Nəcabətli bir ailədə boya-başa çatmış Mehri müəllim yüksək mədəniyyəti, hərtərəfli biliyi, tələbkarlığı ilə hamının hörmətini qazanmışdı. Məktəbin bütün müəllim kollektivi - ahılı da, cahalı da onu “müəllim” deyə çağırırdı. İlk baxışda adama elə gəlir ki, hörmət əlaməti olaraq hamı ona “müəllim” deyir. Bəli, bu, belədir. Lakin bu sözdə həm də həqiqi məna vardır. Mehri müəllim məktəbin müəllimlərinin, hətta qonşu kəndlərdə işləyən bir çox müəllimlərin müəllimi olmuşdur. Mehri müəllim şagirdlərə fərdi yanaşmağı bacarır, hər uşağın xarakterini, ailə vəziyyətini öyrənirdi. Onun məktəb xatirələrindən bir sətrə nəzər salaq: “Dərsi bilməyən şagirdlərdən eləsi vardır ki, iti zehnlidir, ancaq onun üzərində lazımi nəzarət olmadığı üçün məktəbə hazır gəlmir. Elə şagird də var ki, məzmunu çətin mənimsəyir. Mən dərsdə onları mütləq nəzərə alaraq şagirdlərlə əlavə məşğələ keçirdim”. Bunun nəticəsi olaraq tanınmış müəllimin dərs dediyi siniflərdə mənimsəmə həmişə yüz faiz olmuşdur.
Mehri müəllimin pedaqoji fəaliyyətə sönməz həvəsi onu şagirdlərinə sirayətedici təsir göstərməyə bilməzdi. Təsadüfi deyildir ki, öz işinə fəal və məsuliyyətli münasibəti, dəqiqliyi öz şagirdlərinə tələbkar və qayğıkeşliyi onu tanıyan hər bir kəsə bəllidir. Həmin keyfiyyətlər Mehri müəllimi yalnız bir pedaqoq kimi xarakterizə etmir, həm də onun şəxsi, insani keyfiyyətlərinin təzahürüdür.
İnsan üçün ömrün 40 ilini gənc nəslin təlim-tərbiyəsi işinə həsr etməkdən şərəfli nə ola bilər?! O, özünün bu şərəfli və fədakar əməyi ilə fəxr edə bilər. Təsadüfi deyil ki, Mehri müəllimin fədakar əməyi müxtəlif təltiflərlə qiymətləndirilmişdir. O, 1957-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Mehri müəllim 1964-cü ildən etibarən pedaqoji fəaliyyətini Bakı şəhərindəki 1 nömrəli riyaziyyat və sonra isə 8 nömrəli musiqi təmayüllü internat məktəblərində davam etdirmişdir. Bugünlərdə - sentyabr ayının 15-də Mehri müəllimin 100 illik yubileyi tamam olur. Öz pedaqoji fəaliyyəti ilə qəlblərə işıq, zehnlərə ziya saçan fədakar insanın mənalı ömür yolu bu gün də minnətdarlıqla xatırlanır.
Doğma torpaqlarımıza qayıtmaq Mehri müəllimin ən böyük arzusu idi. Onun bu arzularının gerçəkləşməsinə də çox az qalıb. Biz buna ürəkdən inanırıq.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent