AZ

Sarkisyan Rusiya və Kilsənin aləti kimi çıxış edir -Paşinyanı devirmək mümkün deyil

“Nepal nümunəsi Ermənistana uyğun deyil, Sarkisyanın təhdid mesajı siyasi şantajdır”


Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan məhkəmə iclasından öncə jurnalistlərin suallarını cavablandırıb. Sarkisyan Ermənistan xalqının hazırkı hökumətə qarşı ayaqlanmalı olduğunu deyib. O, ölkədə rejim dəyişikliyi məsələsinin hər zaman aktual olduğunu bildirib: "Buna nail olmağın ən başlıca yolu impiçmentdir. Nepalda xalqın hökuməti devirməsi və Fransada davam edən iğtişaşlara nəzər yetirmək lazımdır. Xalqın etimadını qazanmayan hökuməti devirməyin iki yolu var, o da bunlardır. Bəs indi biz xalqımıza nə təklif edə bilərik?". Sarkisyanın ritorikasından aydın olur ki, o, cəmiyyətdəki narazılıqları siyasi mübarizəyə çevirmək və bununla müxalifətin tərəfdarlarını birləşdirmək istəyir. Nepalın misal gətirilməsi də köhnə klanın radikallaşdığını göstərir. Lakin "xalqa nə təklif edə bilərik?" sözləri göstərir ki, qaniçən quldur dəstəsinin konkret plan və strategiyası yoxdur. Onlar sadəcə mövcud narazılıq dalğasından öz maraqları naminə yararlanmağa çalışırlar. Təbii ki, əsas məqsəd Azərbaycanla sülh prosesini pozmaq, yekun sülh sənədinin imzalanmasına imkan verməməkdir. 

Politoloq Polad Mehdiyev Sherg.az-a açıqlamasında deyib ki, Serj Sarkisyan mövcud hakimiyyəti dəyişməyin müxalifətin gündəmində olduğunu deyərək siyasi bəyanat səsləndirib. Ekspertə görə, müxalifət Paşinyanı devirməklə yanaşı, impiçment məsələsini də ortalığa atıb:

 "Ancaq hüquqi baxımdan impiçment mümkünsüzdür. Ermənistan Konstitusiyasında baş nazirə impiçment nəzərdə tutulmayıb. İmpiçment prezidentlərə qarşı tətbiq olunan mexanizmdir. Ermənistan Konstitusiyasının 149 və 151-ci maddələri baş nazirinin vəzifədən getmə məsələlərini tənzimləyir. Bunun birinci yolu etimadsızlıq, ikinci yolu isə seçkilərdə uduzmaqdır. Ermənistan parlamentində 107 deputat var. Onların 71-i hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvüdür, yəni Paşinyanın partiyasına məxsusdur. Etimadsızlıq parlamentin ən azı üçdə bir səs çoxluğu ilə mümkündür. Yəni 36 deputat Paşinyana qarşı etimadsızlıq təşəbbüsü irəli sürməli və paralel olaraq yeni baş naziri təklif etməlidirlər. 54 deputat da bunu təsdiqləməlidir. Belə olarsa, Paşinyan hüquqi yolla vəzifədən getmiş sayılacaq. Ancaq bu, qeyri-mümkündür, çünki 107 deputatdan 71-i hakim partiya üzvləridir. Müxalifətin isə etimadsızlıq təklifini irəli sürmək üçün 36 deputatı belə yoxdur. O baxımdan Sarkisyanın impiçment və digər hüquqi yollarla Paşinyanı uzaqlaşdırmaq təklifi siyasi ritorikadan, təzyiq üsulundan başqa bir şey deyil". 

P.Mehdiyev əlavə edib ki, istər beynəlxalq konvensiyalara, istər Ermənistanın 2015-ci il Konstitusiyasına uyğun olaraq hakimiyyətin seçkidən kənar yolla mənimsənilməsi xalqa qarşı cinayətdir:
 "Yəni hakimiyyəti devirməyə çağırış birbaşa cinayət məsuliyyəti yaradır. Ən ağır cinayətdir. Nepalda baş verənlərlə Ermənistanda yaşananların siyasi mahiyyəti tamamilə fərqlidir. S.Sarkisyanın hakimiyyətə gəlmək arzusu ola bilər. Ancaq bu, onun dediyi kimi qeyri-legitim yollarla mümkün deyil. Onun mesajları erməni ictimaiyyətinə yönəlik idi. 2026-cı ildə Ermənistanda seçkilərin baş tutması gözlənilir. Seçkilərədək siyasi partiyalar öz ritorikalarını kəskinləşdirəcəklər". 

Siyasi şərhçi bəyan edib ki, hazırda Ermənistan hökuməti müstəqil siyasət aparmaqla ərazi bütövlüyünü, suverenliyini qorumaq niyyətindədir:
 "Tarixin heç bir dövründə Ermənistanda müstəqil dövlət əlamətləri olmayıb. Sərhədləri, gömrüyü Rusiya tərəfindən qorunub. Ölkənin iqtisadiyyatı tamamilə kənardan asılı olub. Ancaq indi Azərbaycanla sülh əldə etməklə Paşinyan qərara gəlib ki, Ermənistanı müstəqil və suveren dövlət halına gətirsin. Cənubi Qafqazda marağı olan xarici qüvvələr yeganə zəif nöqtə Ermənistan olduğu üçün həmin ölkəyə müdaxilə etməklə sülh prosesini tormozlamaq istəyirlər. Sarkisyan da regionda marağı olan Rusiyanın, Kilsənin xırda bir alətidir. Yəqin ki, seçkilərədək bu tip qarşıdurmaların şahidi olacağıq". 
Seçilən
44
1
sherg.az

2Mənbələr