AZ

Müharibədə olmayanların sinəsini bəzəyən ordenlər: Bu QHT-lərin növbəti saxtakarlığı ortaya çıxdı — VİDEO

Birinci Qarabağ müharibəsindən sonra yaşanan acı təcrübə İkinci Qarabağ müharibəsindən sonra da təkrarlanır. Birinci Qarabağ müharibəsi başa çatandan sonra yüzlərlə, hətta, minlərlə insan müharibədə iştirak etdiyinə dair saxta veteran vəsiqəsini əldə edir, müharibə iştirakçılarına yaradılmış dövlət imtiyazlarından istifadə edirdi. 90-cı illərin məşhur məsəlidir: ayağı axsayan veteran vəsiqəsi alıb, müharibə iştirakçısı ola bilir. 

Elə saxta yolla veteran vəsiqəsi alanlar müharibənin od-alovundan çıxmış döyüşçülərlə müqayisədə daha çox danışır, sinəsini qabağa verib, qondarma “döyüş xatirələrindən” dəm vururdular. Daha sonra dövlət orqanlarının qapısını “sındıraraq”, imtiyazlar tələb edirdi. 

Birinci Qarabağ müharibəsindən sonra saxta veteran vəsiqəsi alanlarla bağlı məsələ parlamentdə də gündəmə gəlmişdi. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bir müddət öncə bildirmişdi ki, “Azərbaycanda əlində heç bir əsası, sənədi olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var”. 

Deputat bu məsələnin Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırıldığını da qeyd etmişdi. 

Hətta, saxta əlillik vəsiqəsi verən vəzifəli şəxslər bu əməllərinə görə hakim qarşısına da çıxarılmışdı.

44 günlük Vətən Müharibəsindən sonra da analoji hal yaşanır. Bu dəfə saxta orden və medalı vəzifəli şəxslər yox, QHT-lər verir, təbii ki, müəyyən ödəniş qarşılığında. Yəni, Vətən Müharibəsində iştirak etmək vacib deyil, əgər pulun varsa, bu QHT-lər dövlət tərəfindən təsis olunmuş orden və medalların bənzərini düzəldir və “təltif edirlər”. 

Müharibədə iştirak etməyən, lakin saxta medallarla özlərini “Vətən müharibəsinin iştirakçısı” kimi təqdim edənlərin çoxsaylı məqsədləri var. Onlar saxta medallarla dövlət strukturlarının qapısını “sındırır”, imtiyazlar tələb edir, yaxud istədiklərini almaq üçün şantaj belə edirlər.

Bu saxta medalları “təsis edən” və satanlar kimlərdir?



Heç bir sektor saxtakarlıqdan sığortalanmayıb, o cümlədən, QHT sektoru da. Lakin Vətən müharibəsi üzərindən saxtakarlıq etmək həqiqətən də ikrah hissi doğuran faktdır. Artıq bir neçə vaxtdır ki, mediada saxta medal satan QHT-lərin adları  da hallanır. Misal üçün, “Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi”nin adı bu siyahıda yer alır. Birlik məlumatları təkzib etsə də, sədr Füzuli Rzaquliyevin açıqlaması şübhələri artırır. 

F.Rzaquliyev deyir ki, güya rayon şöbələrindən təqdimatlar göndərilir, İdarə Heyəti buna baxır və medallar belə verilir. 

O qeyd edir ki, “son iki ildə belə hallar olmayıb”, yəni heç kimə medal verilməyib. Halbuki, hazırda saxta medallar paylanıldığı üçün məsələ aktuallaşıb. 

Saxta medal satdığı deyilən “Şəhid ailələrinə “Qayğı” cəmiyyəti”nin sədri Müşfiq Əliyevin dedikləri isə bu kontekstdə diqqət çəkir. 

M.Əliyev həm də “Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi”nin humanitar şöbəsinin müdiridir. 

O iddia edir ki, onlar saxta medal və ordenləri nə təsis ediblər, nə satıblar. Lakin onu da əlavə edir ki, “Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi” tərəfindən medallar təsis edilib: 

“Oradan medallar verilir”. Hərçənd ki, Birliyin sədri F.Rzaquliyev “son iki ildə heç kimə medal verilmədiyini” deyir. 

Bu detal belə diqqəti saxta medalların kimlər tərəfindən verildiyinə çəkir. 

Eyni zamanda, saxta medal verdiyi deyilən M.Əliyevin həm “Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi”nin humanitar şöbəsinin müdiri olması, həm də “Şəhid ailələrinə “Qayğı” cəmiyyəti”nin sədri olması da diqqətdən yayınmayan detaldır.

Saxta medal verdiyi deyilən təşkilatların siyahısı bununla bitmir.

- “Azərbaycxan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi.

- “Qarabağ əlillərinə qayğı” İctimai Birliyi.

- “Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi” İctimai Birliyi və s.

Bu təşkilatların da adı saxta medal qalmaqalında çəkilir.

Əsas məqamlardan biri də saxta medalların dövlət tərəfindən təsis edilmiş medallarla oxşarlığıdır. Misal üçün, “Azərbaycan Ordusunun 100 illiyi medalı” dövlət tərəfindən təsis edilib, saxta medal paylayan təşkilatlar isə “Milli Ordunun 100 illiyi medalı”nı düzəldiblər və medalın formasını da ona uyğunlaşdırıblar. 

Yaxud “Vətən Müharibəsi İştirakçısı” medalına bənzər “Müharibə İştirakçısı” və digər bu kimi medallar dövriyyədədir. Bu medallar bir gün belə müharibədə iştirak etməyən şəxslərə verilir, təbii ki, ödəniş, yaxud başqa nələrinsə müqabilində.

Bunun bir adı var: saxtakarlıq. Belə əməllər Vətən uğrunda apardığımız müharibəyə də, şəhidlərimizin xatirəsinə də, müharibənin od-alovundan çıxmış qazilərimizə də hörmətsizlikdir. Eyni zamanda, qanunun pozulması faktı da baş verir.

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə bəyanatında da bu məqama diqqət çəkilir. 

Bəyanatda deyilir: “Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır”.

Məsuliyyətini dərk etməyənlər qanun qarşısında cavab verməlidir.



Vaqif Hüseynli
Demokrat.az
Seçilən
3
2
demokrat.az

3Mənbələr