AZ

Emerik Lyaport “Qarabağ”ın rəqibi ilə müqavilə bağladı

“Əl-Nəsr”in və İspaniya yığmasının mərkəz müdafiəçisi Emerik Lyaport bundan sonra Bilbao “Atletik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

La Liqa təmsilçisi Lyaportu Səudiyyə Ərəbistanı klubundan 10 milyon avro müqabilində transfer edib. 31 yaşlı ispan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Lakin Emerik yeni komandasına UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunlarında kömək edə bilməyəcək.

Qeyd edək ki, “Atletik” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Bu komandalar arasında Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.

Emerik Lyaport futbola “Ajen” klubunda qədəm qoyub, buradan “Bayonna”ya keçib. Daha sonra Bilbao “Atletik”inə yol tapmış Lyaportu Didye Deşam Fransa yığmasına çağırıb. Amma artıq məlum olduğu kimi, Lyaporta “xoruzlar”ın heyətində oynamaq müvəffəq olmayıb.

2011/2012-ci illər mövsümünü “Baskoniya”da icarə əsasında keçirmiş Lyaport 2018-2023-cü illərdə tamhüquqlu əsasda “Mançester Siti”də çıxış edib.

2023-cü ilin avqustunda “Əl-Nəsr” 27,5 milyon avro məbləğ müqabilində Lyaportu “şəhərlilər”in düşərgəsindən “Nəcd cəngavərləri”nin düşərgəsinə qatıb. Lyaportun “Əl-Nəsr”lə müqaviəlsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Lyaport “Əl-Nəsr” üçün bütövlükdə 69 oyuna çıxıb, 9 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

İspan futbolçu 2012-2018-ci illər aralığında çıxış etdiyi “Atletik”də də 222 oyun keçirib, 10 qol və 6 assistlə yadda qalıb. Bir sözlə, Bilbao klubu ispaniyalı futbolçu üçün kifayət qədər doğmadır.

Emerik Lyaport 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 40 oyun keçirib, 2 qol vurub.

Lyaportun qənimətlər muzeyində “Atletik”lə İspaniya Super Kuboku, “Mançester Siti” ilə İngiltərə Premyer Liqası çempinluğu (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku var. Lyaport həmçinin İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
17
4
arena.az

10Mənbələr