AZ

Avropa İttifaqında problemlər artır...

Bu səbəbdən Avropa Parlamentində Ursula fon der Lyayenə etimadsızlıq göstərilə bilər

Hazırda Avropa İttifaqı (Aİ) məkanında problemlər artmaqdadır. Problemlər isə bir çox sahələri əhatə edir. Bu baxımdan, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin sentyabrın 10-da  Avropa Parlamentinə təqdim etdiyi illik hesabat diqqəti cəlb edir. Bir sıra üzv ölkələr də artıq Avropa İttifaqında  vəziyyətin hər mənada pisləşdiyi qənaətindədir. Xanım Lyayen isə illik hesabatla bağlı çıxışında beynəlxalq müstəvidə cərəyan edən proseslərə də geniş yer verib.

Aİ şərq cinahını gücləndirəcək

Avropa Komissiyasının  sədri Avropa İttifaqının  şərq cinahının müdafiə potensialının gücləndirilməsinə investisiya qoymağa çağırıb. “Heç bir şübhə yoxdur ki, Avropanın şərq cinahı bütün Avropanın təhlükəsizliyini təmin edir. Buna görə də onun dəstəklənməsinə investisiya qoymalıyıq”,-deyən xanım Lyayenin sözlərinə görə, regionun bir sıra ölkələrinə səfərdən sonra belə bir yanaşmanın zəruriliyinə əmin olub. “Biz real vaxt rejimində kosmik müşahidəyə investisiya qoymalıyıq ki, qoşunların heç bir hərəkəti diqqətdən qaçmasın. Biz pilotsuz uçuş aparatlarından ibarət divar hörməliyik. Bu, mücərrəd bir ambisiya deyil, etibarlı müdafiənin təməlidir”, - deyə AK sədri əlavə edib. O, həmçinin pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasına görə Rusiyanı günahlandırıb.

Bununla belə, Avropa Komissiyası Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi planlaşdırmır. Lakin bu vəsaitlər Ukraynaya “reparasiya krediti” formasında dəstək üçün istifadə olunacaq. Ursula Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı ölkələri təcili olaraq Rusiyaya məxsus dondurulmuş aktivlər əsasında Ukraynanın hərbi ehtiyaclarını maliyyələşdirmək üçün yeni mexanizm üzərində işləməlidirlər. Onun sözlərinə görə, Ukrayna bu kreditləri yalnız Rusiya öz reparasiya öhdəliklərini yerinə yetirdikdən sonra ödəməyə başlayacaq: “Bu vəsaitlər Ukraynaya indidən dəstək olmaqla yanaşı, həm də ölkənin orta və uzunmüddətli perspektivdə dirçəlişi üçün həyati əhəmiyyət daşıyır”.

AK İsrailə maliyyə dəstəyini dayandıracaq

Ursula fon der Lyayen Avropa İttifaqının  Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalının təşkili üçün 6 milyard avro ayıracağını da  elan edib: “Mən elan edə bilərəm ki, Avropa ERA kreditindən 6 milyard avro ayıracaq və Ukrayna ilə pilotsuz uçuş aparatları alyansına qoşulacaq”. O əlavə edib ki, Aİ hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir: “Hazırda biz tərəfdaşlarla birgə 19-cu paket üzərində işləyirik. Biz Rusiyanın qazıntı yanacaqlarından imtinanın sürətləndirilməsinə, “kölgə” donanmasına və üçüncü ölkələrə (Rusiyaya sanksiyalardan yayınmağa kömək edən - red.) xüsusi diqqət yetiririk”.

Yaxın Şərqdəki vəziyyətə də toxunan xanım Lyayen Avropa Komissiyasının İsrailin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar bu ölkəyə göstərilən dəstəyi dayandıracağını bəyan edib. O qeyd edib ki, bu addım İsrailin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa və Yad Vashem Holokost Memorialı ilə fəaliyyətə təsir etməyəcək. AK sədri, həmçinin üzv ölkələrə ekstremist nazirlərə və zorakı sakinlərə qarşı sanksiyaların tətbiqinin tövsiyə olunmasının planlaşdırıldığını və Assosiasiya Sazişində yer alan ticarət razılaşmalarının müvəqqəti dayandırılmasının təklif ediləcəyini açıqlayıb. Lyayen bu tədbirlər üçün əksəriyyətin dəstəyinin qazanılmasının çətin olacağını, bəzi ölkələrin bu addımları artıq hesab etdiyini, bəzilərinin isə kifayət qədər olmadığını düşündüyünü deyib. “Lakin Parlament, Şura və Komissiya olaraq məsuliyyətimizi yerinə yetirməliyik”, - deyə U.Lyayen bildirib. Lakin o, çıxışında dayandırılacaq maliyyə vəsaitinin məbləği barədə açıqlama verməyib.

AK sədrinin Avropa İttifaqı daxilində sosial-iqtisadi vəziyyətlə bağlı məlumatları isə birmənalı qarşılanmayıb. Çünki Avropa məkanında bu sahədə ciddi problemlərin olması göz önündədir. Bu fonda Avropa Mərkəzi Bankının keçmiş prezidenti, “köhnə dünyanın” ən böyük “iqtisadi ağıl”larından biri adlandırılan Mario Draqinin bir il əvvəl hazırladığı Avropanın rəqabət qabiliyyətinə dair hesabatını xatırlatmaq yerinə düşər. Həyatın bütün sahələrini əhatə edən hesabatda verilən ümumi qiymətləndirməni qısaca qeyd etsək, Avropanın yeni şəraitdə sağ qalması üçün təcili və ciddi tədbirlərə ehtiyac var idi. Draqi son bəyanatında qeyd edib ki, Avropa iqtisadiyyatını canlandırmaq üçün çox az iş görülüb - planın çox hissəsi kağız üzərində qalır. Onun fikrincə, Aİ-nin geosiyasət və beynəlxalq ticarətdəki çəkisi illüziyası ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə darmadağın edilib. Mütəxəssisin sözlərinə görə, uzun illər Aİ 450 milyon istehlakçısı ilə iqtisadi ölçünün geosiyasətdə və beynəlxalq ticarət əlaqələrində mühüm göstərici olduğuna inanırdı. “Bu il bu illüziyanın aradan qaldırıldığı il kimi yadda qalacaq”, - deyə Draqi söyləyib. O bildirib ki, blok qlobal çağırışlarla mübarizə üçün “pis hazırlanıb”.

Zəif iqtisadiyyat demokratiyanı da zəiflədəcək?

Aİ “rəqabətqabiliyyətlilik kompası”, “Təmiz sənaye sazişi” və s. kimi mühüm təşəbbüslər irəli sürüb, lakin bunlar təkliflərin yalnız 10 faizdən bir qədər çoxunu təşkil edir. Yeni yeddiillik büdcədə sənayeni canlandırmaq üçün 409 milyard avroluq fond təklif edilir, lakin bu vəsait kifayət deyil. Yenidən bölüşdürmə milli hökumətlərin şiddətli müqaviməti ilə qarşılaşır. Çünki bu, ümumi Avropa büdcəsinin çox əhəmiyyətli hissəsi olan kənd təsərrüfatı subsidiyalarının kəsilməsini nəzərdə tutur. Belə nəticəyə gəlmək olar ki, Avropanın iqtisadiyyatı inkişaf etməsə, o, dünyada təsirini və sosial sistemi dəstəkləmək qabiliyyətini itirəcək. Yaşlanan əhali məhsuldarlığı artırmadan adi həyat səviyyəsini saxlaya bilməyəcək. Güclü şirkətlər olmasa, Avropa xarici texnologiya və standartlardan asılı olaraq qalacaq. Zəif iqtisadiyyat həm də demokratiyanın zəifləməsinə gətirib çıxarır.

Bütün bunların fonunda Avropa Parlamentində ifrat sağçılar və solçular  Avropa Komissiyasının  sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu məsələsi ilə bağlı rəhbərliyə ayrı-ayrılıqda müraciət hazırlayıblar. Bununla bağlı qərar Ursula fon der Lyayenin AP-da sözügedən çıxışından sonra verilib. Deputatlar, həmçinin debatlar zamanı AK sədrinin tənqidlərə və istefa tələblərinə verdiyi cavablardan narazı qalıblar. Bütün bunlar isə Aİ daxilində ziddiyyətlərin daha da artacağı qənaətini yaradır.

N.BAYRAMLI

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr