AZ

Autizmli uşaqları öldürməyə çağıran blogger üzr istədi

Ajans.az xəbər verir ki, onun paylaşımı Almatıda baş verən hadisədən sonra yazılıb. Belə ki, avqustun 23-də uşaq meydançasında, ehtimal ki, xüsusi qayğıya ehtiyacı olan 13 yaşlı yeniyetmə iki yaşlı uşağı itələyib və nəticədə azyaşlının qolu sınıb. Hadisə ilə bağlı "Qəsdən sağlamlığa orta ağır zərər vurma" maddəsi ilə cinayət işi açılıb. Hadisədən sonra yazdığı paylaşımda Jumamuratova qeyd etmişdi: “Autizmli insan çoxdu, müalicə olunmalı, sağalmazsa öldürülməli və ya autizm xəstəxanaları açılmalıdır. Autizmli uşağın hissiyyatı yoxdur!!!” Bu açıqlama ictimaiyyətin və autizmli uşaqların müdafiəçilərinin haqlı narazılığına səbəb olub. Qazaxıstan Autizm Assosiasiyası bloggerin çıxışına görə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Nəticədə Rəyxan Jumamuratova barəsində cinayət işi başlanıb. Sosial media hesabında yayımladığı üzrxahlıq müraciətində Jumamuratova bildirib ki, yazdıqlarını duyğusal vəziyyətdə, düşünmədən paylaşıb: “Mən qəddar insan deyiləm! Burada yalnız emosiyalar günahkardır. İnstaqramda çətin şərh yazdım və yalnız bir çox valideyn şəxsi mesajlarda mənə yazmağa başlayanda bunun nə qədər həssas məsələ olduğunu anladım. Autizm diaqnozunun bu qədər geniş yayıldığını düşünməzdim.” Blogger yaralı uşağın əvəzinə öz övladını təsəvvür etdiyini və məhz bu səbəbdən emosional reaksiya verdiyini vurğulayıb. Eyni zamanda o, valideynlərə müraciət edərək onları da təhqirlərə yol verməməyə çağırıb: “Əgər mən düşünmədən yazaraq günah işlətmişəmsə, siz də məni qəsdən təhqir etməyin. Hər bir valideyn – istər sağlam, istərsə də diaqnozu olan uşaq sahibi – övladı üçün məsuliyyət daşıyır.” Almatı polisi bloggerin hərəkətlərinə hüquqi qiymət veriləcəyini açıqlayıb. Qurumdan bildirilib ki, sosial nifaq salan, zorakılığı təşviq edən və təhqir xarakterli açıqlamalara qarşı həm cinayət, həm də inzibati məsuliyyət nəzərdə tutulur. Təhsil Nazirliyinin Uşaq Hüquqlarının Müdafiəsi Komitəsi də məsələyə münasibət bildirib. Bəyanatda deyilir: “Qazaxıstan Respublikasının hər bir vətəndaşı uşaqları istənilən zorakılıqdan və təhdiddən qorumağa borcludur. Hər bir uşaq, mənşəyindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq, yaşamaq və inkişaf hüququna malikdir. Bu hüquqları şübhə altına alan və ya zorakılığa bəraət qazandıran istənilən bəyanat cəmiyyətin əxlaq və qanun normalarına ziddir.” Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Svetlana Jakupova da məsələ ilə bağlı sərt mövqe sərgiləyib. O, autizmli uşaqların öldürülməsinə çağırışları "qəbuledilməz və təhlükəli" adlandıraraq, hüquq-mühafizə orqanlarını Jumamuratovanı qanun çərçivəsində cəzalandırmağa çağırıb.Milli Məclisin deputatı İrina Smirnova isə məsələyə daha geniş prizmadan yanaşaraq, bu hadisənin Qazaxıstanda autizmli uşaqlara qarşı yetərli maarifləndirmə və tolerantlıq işlərinin aparılmadığını göstərdiyini bildirib: “Bu kimi hallar sübut edir ki, hələ də cəmiyyətin müəyyən qismi xüsusi qayğıya ehtiyacı olan uşaqları düzgün anlamır. Təkcə valideynlər yox, həm də mütəxəssislər bu sahədə birgə və düzgün istiqamətdə işləməlidirlər.”

 

Seçilən
35
Ajans.az

1Mənbələr