AZ

İTSDA: Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) rəsmi internet səhifəsində "Tibb müəssisələrinin axtarışı" bölməsi yenilənib. İcbari tibbi sığorta hesabına göndəriş əsasında agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edə bilərlər.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə "Tibb müəssisələrinin axtarışı" bölməsi vətəndaşlara sərbəst şəkildə seçim etməkdə kömək edir.

Sistemdən istifadə etmək üçün its.gov.az saytına daxil olub, ana səhifədə yerləşən "Tibb müəssisələrinin axtarışı" bölməsini seçmək lazımdır. Daha sonra filter vasitəsilə lazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçərək axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq mümkündür.

Bu yanaşma vətəndaşların vaxtına qənaət etmək və tibbi xidmətlə bağlı müraciətləri daha məqsədyönlü planlamaq imkanı yaradır.

Hazırda agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Buraya paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3 min 315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir. "Tibb müəssisələrinin axtarışı" bölməsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institut və mərkəzlərində göstərilən tibbi xidmətlərin siyahısı da yer alır.

Seçilən
28
5
azertag.az

6Mənbələr