AZ

Marsda həyat əlamətləri tapıldı - FOTO

BAKI, 12 sentyabr. TELEQRAF

NASA-nın (ABŞ Milli Kosmos Agentliyi) “Perseverance” roveri Marsda daha bir maraqlı kəşfə imza atıb. Qırmızı qlanetin səthində qədim çay yatağında bəbir xəz ləkələrinə bənzəyən işarələri olan qeyri-adi qayalar tapıblar.

Teleqraf BBC-yə istinadla xəbər verir ki, tədqiqatçılar bu qayalarda həyat izlərinin ola biləcəyi ehtimalını istisna etmirlər.

Elm adamlarına görə, süxurların tərkibindəki minerallar xüsusi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlib. Hesab olunur ki, bu reaksiyalar qədim bioloji fəaliyyətlə, başqa sözlə, mikrobların iştirakı ilə baş vermiş ola bilər. Bununla belə, bunun hələ qəti sübut olmadığını vurğulanır, amma bu, əlavə araşdırmalar üçün bir fürsət yaradır.

London İmperial Kollecinin professoru və tədqiqatın müəlliflərindən biri Sancev Qupta deyir: “Yer kürəsində belə işarələr görsəydik, onları mikrob fəaliyyətinin nəticəsi kimi şərh edərdik. Bu, həyatı tapdığımız demək deyil, amma bu, ona doğru atılmış mühüm addımdır”.

“Perseverance” təhlil nəticəsində əldə etdiyi məlumatları Yerə göndərib. Ancaq bu məlumatlar kifayət deyil - həyatın mövcudluğu ilə bağlı qəti nəticəyə gəlmək üçün bu nümunələrin özü Marsdan Yerə gətirilməlidir.

NASA və Avropa Kosmos Agentliyi (ESA) bu nümunələri gətirmək üçün bir missiyaya başlamaq istəyir, amma layihə hazırda qeyri-müəyyən vəziyyətdədir. Səbəb NASA-nın büdcəsinin kəsilməsidir. Bildirilib ki, bu missiya 2026-cı ildə planlaşdırılan federal maliyyələşdirmədə əhəmiyyətli azalmalar səbəbindən ləğv edilə bilər.

Son dövrlərdə Marsda həyatın ən əhəmiyyətli əlamətlərindən biri hesab edilən bu kəşf gələcək elmi kəşflərə yol aça bilər. Bu, bəşəriyyətin planetlərarası həyat axtarışında mühüm dönüş nöqtəsi ola bilər.

Seçilən
18
teleqraf.com

1Mənbələr