AZ

Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi

Ukraynanın Xarkov şəhərində potensial radiasiya qəzası təhlükəsi yaranıb.

XəzərNews.az “New York Times”a istinadən xəbər verir ki, Rusiya ordusu Xarkovdakı Fizika-Texniki İnstitutunun laboratoriyasını atəşə tutub.

Məlumata görə, həmin laboratoriyada onlarla kiloqram uran saxlanılır. Beynəlxalq ekspertlər xəbərdarlıq edirlər ki, əgər bu materiallara zərər dəyərsə, bölgədə ciddi radiasiya sızması baş verə bilər. Bu isə minlərlə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ekoloji fəlakət riskini də artırır.

Mütəxəssislərin fikrincə, laboratoriyanın vurulması yalnız Xarkov üçün deyil, ətraf regionlar və hətta qonşu ölkələr üçün də radiasiya təhlükəsi yarada bilər. Belə hallarda külək istiqaməti və hava şəraiti radiasiyanın yayılma sürətinə birbaşa təsir göstərir.

Ukrayna rəsmiləri bu hücumu “nüvə terrorizmi” adlandıraraq, Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) və dünya ictimaiyyətini məsələyə təcili reaksiya verməyə çağırıblar. Hazırda institut ərazisində vəziyyət nəzarətdə saxlanılır, mümkün sızmanın qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Xarkovdakı Fizika-Texniki İnstitutu 1928-ci ildə yaradılıb və uzun illər Sovet İttifaqının nüvə araşdırmaları mərkəzlərindən biri olub. Burada ilk dəfə olaraq uran-235 izolyasiya edilib, həmçinin Sovet dövrünün strateji nüvə proqramı üçün mühüm araşdırmalar aparılıb. İnstitut eyni zamanda Ukraynanın müasir elm və energetika sahəsində ən vacib obyektlərindən biri hesab olunur.

Məhz bu səbəbdən mütəxəssislər xəbərdarlıq edirlər ki, institutun hədəfə alınması təkcə hərbi zərbə deyil, həm də qlobal təhlükəsizlik məsələsidir.

Xəbər 2 dəfə oxunub.
Seçilən
33
xezernews.az

1Mənbələr