AZ

Sülhü kimlər pozmaq istəyir?

ain.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycan-Ermənistan sülh gündəliyi müsbət məcrada davam etsə də, bu prosesi pozmaq istəyən qüvvələrin olduğu məlumdur. Belə qüvvələr həm xaricdə, həm də Ermənistanın daxilində mövcuddur. Onların əsas məqsədi iki ölkənin sülh şəraitində yaşamasına, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin edilməsinə, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına əngəl törətməkdir. İllərlə müharibə, qarşıdurma meydanı olan Cənubi Qafqazı yenə də qaynar qazana çevirmək istəyirlər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da sentyabrın 11-də etiraf edib ki, Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var və onlar həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur. Bu qüvvələr hələ də məsələnin əsl mahiyyətini başa düşmürlər.

Baş nazir avqustun 8-də Vaşinqtonda əldə edilmiş bəyannaməni gözdən salmağa çalışanlara da cavab verib: “Sülh bəyannaməsi imzalandı, onlar dedilər ki, bu, ancaq bəyannamədir. Amma heç kim demir ki, 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk?"

O, sülhün bərqərar olduğunu və onu irəli aparmaqda heç kimin maneə ola bilməyəcəyini söyləyib.

Xatırladaq ki, ABŞ tərəfi Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən irəli gələn TRIPP layihəsinin reallaşdırılması istiqamətində artıq işlərə başlayıb, regiona səfərlər həyata keçirilir, müzakirələr aparılır.

Bu günlərdə Bakıda səfərdə olan ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Agnel bildirib ki, TRIPP Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin mühüm elementidir və xüsusilə də uzun müddət məsafə ilə ayrılmış Azərbaycan bölgələrinin birləşdirilməsinə xidmət edir. Təxminən 42 kilometr uzunluqda olacaq bu birləşdirici marşrutun yaradılması həmin əraziləri bir araya gətirməklə yanaşı, Orta Dəhliz üçün də yeni imkanlar açacaq.

Bu bir daha onu göstərir ki, Tramp administrasiyası məsələyə xüsusi önəm verir, onu nəinki diqqətdə saxlayır, eyni zamanda, əldə edilmiş razılaşmaların həyata keçirlməsi üçün real addımlar atmağa başlayıb. Bu, həm də sülhə əngəl törətmək istəyən darələrə tutarlı cavabdır.

O da məlumdur ki, bu gün bəzi xarici qüvvələrin dəstəyi ilə revanşistlər Paşinyanı devirməyə çalışırlar. Bununla belə, revanşistlər, müxalifət istədiyi dəstəyi ala bilmir. Bu yaxınlarda GALLUP tərəfindən keçirilən sorğunun nəticələri də bunu göstərir. İştirakçıların 17.3 faizi hakim "Vətəndaş müqaviləsi" partiyasının lehinə səs verib ki, bu da ötən sorğu ilə müqayisədə 4 faiz çox deməkdir. Rəyi soruşulanlardan 6,4 faizi "Ermənistan" blokuna, 3,8 faizi "Çiçəklənən Ermənistan" partiyasına, 3,4 faizi isə "Respublika" partiyasına səs verəcəklərini bildiriblər.

Sülh prosesinin gedişi, mövcud maneələr, onların təsiri və bu ətrafda digər məsələləri “525”ə şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, sülhü daxilən qəbul etməyən bəzi dairələr bunun maraqlarına zidd olduğunu açıq şəkildə etiraf edə bilmirlər: “Ancaq hamımıza məlumdur ki, bu, Rusiya və İrandır. Onlar hər zaman bulanıq suda balıq tutmaq istəyində idilər. Münaqişənin mövcud olması hər ikisinə Ermənistanın və Azərbaycanın siyasətinə müəyyən təsirlər göstərməyə imkan verirdi. Son proseslərdən, yəni sülhlə bağlı atılan addımlardan sonra təbii ki, Rusiya ilə də, İranla da başqa cür danışırıq və onlar bunu müşahidə edirlər. Nikol Paşinyan da Rusiya və İranla artıq fərqli dildə danışır. Bu, təbii ki, onlar üçün heç də ürəkaçan deyil. Ancaq dünyada açıq şəkildə sülhə qarşı çıxmaq mümkün deyil. Ona görə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, “Vaşinqtonda nəsə imzalandı, görək icra olunacaq, ya olunmayacaq”. Bu, bir tərəfdən hədə kimi də qəbul oluna bilər, o mənada ki, baxın hansı hədələrlə üzləşəcəksiniz. İkincisi, Ermənistanı daxildən Paşinyana qarşı qaldırmaq istəyi var. Bunu etməyə çalışırlar.

Digər tərəfdən, razılaşmalarda əsas məqam kimi Tramp yolunun tikintisidir. Burada Vaşinqton bilavasitə iştrak edəcək, İranın və Rusiyanın ən çox istəmədiyi strateji nöqtədə möhkəmlənəcək. İndi nümayəndə heyəti bura gəlib, gözləmək lazımdır proseslər necə inkişaf edəcək, hansı işlər görüləcək. Ancaq hər halda Paşinyan daxildə də çalışır vəziyyəti nəzarətdə saxlasın”.

Deputat əlavə edib ki, Azərbaycanda Rusiyanın siyasətimizə hansısa şəkildə müdaxilə etmək imkanları sıfra salınıb: “Biz belə desək, onların əllərini tamamilə kəsmişik. İnanmaq istəyirəm ki, sülh prosesini irəli aparmaq mümkün olacaq. İki ölkə liderləri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Çində “Şanxay plyus” sammiti çərçivəsində görüşdülər, işgüzar söhbət apardılar, gərginlik yoxdur, əksinə olaraq həm diplomatlarımız, həm vətəndaş cəmiyyətimiz qarşılıqlı etimadı artırmaq üçün dialoqa qoşulacaqlar. Yəni proses davam edir, üstəlik, Baş nazirlərin müavinləri də görüşdülər, nəqliyyat məsələlərini və sərhədlərin delimitasiyasını müzakirə etdilər. Düşünürəm ki, o maneələri öncədən həm Ermənistanda, həm Azərbaycanda gözləyirdilər, amma adekvat cavab vermək üçün buna da hazırıq. Birmənalı olan budur ki, Ermənistanda nə cəmiyyət, nə ordu Azərbaycanla müharibə istəyir. Müharibə istəmirsənsə, onda ya soyuq sülh olmalıdır, ya da sülh olmalıdır. Müəyyən mənada münasibətlər nizamlanmalıdır. Ona görə az-çox düşüncəsi olan insan anlayır ki, sülhə alternativ yoxdur. Bu gün sülhü irəli aparan qüvvə Nikol Paşinyandır. İndi Paşinyanın da ölkədə dəstəyi nisbətən azalıb, amma onun rəqiblərinin reytinqi ümumiyyətlə 1-2 faiz təşkil edir. Əgər ortaya Paşinyandan daha uğurlu, sülhü irəli aparmaq və Qərbyönümlü siyasət aparan qüvvə çıxsaydı, bəli, Paşinyana rəqib ola bilərdi. Ancaq belə bir qüvvə yoxdur. Əsas məsələlər Paşinyana bağlıdır. Hesab edirəm ki, 100-200 ildir beyni zəhərlənən Ermənistan cəmiyyətinin o iddialardan əl çəkməli olduğunu, Azərbaycana, Türkiyəyə yönəlmiş iddiaların xülya olduğunu qəbul etməsi çətindir. Düzdür, daxilən anlayılarlar ki, belədir, bunu dəyişmək mümkün deyil, amma hələlik bundan narazıdırlar, qəzəblidirlər. İstənilən halda, bu, reallıqdır və onunla barışmaq lazımdır. Düşünürəm ki, erməni cəmiyyəti bununla barışacaq”.

ABŞ tərəfindən razılaşmalarla bağlı həyata keçirilən səfərlərə də toxunan deputat söyləyib ki, bu o deməkdir ki, Birləşmiş Ştatlar həmin sənədlərə çox ciddi yanaşır: “Açığı, Rusiyada da, İranda da düşünürdülər ki, kağızdır imzaladılar, əslində onu bir bəhanə kimi Paşinyan və erməni tərəfi istifadə edəcək ki, dəhlizin bərpası ilə bağlı işləri ləngitsin. Yəni ABŞ onlara həvalə etdi, onlar da heç bir addım atmırlar. Amma ABŞ çeviklik nümayiş etdirdi, hesab edirəm ki, bu, İranı da, Rusiyanı da xeyli məyus edir. Ancaq nə edə bilərlər? Əllərində rıçaqlar yoxdur”.

R.Musabəyov Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına əlavə texnika və heyət gətirdiyinə də diqqət çəkib: “Baxmayaraq ki, Ukrayna ilə müharibədə buna böyük ehtiyac var, Ermənistana bu yolla müəyyən təzyiqlər edilir. Moskva çalışır ki, onu bir az da olsa öz tərəfinə çəksin. Rusiya hökumətinin başçısı Mixail Mişustin iyul ayında Altay Respublikasında Nikol Paşinyanla görüşdü. Ardınca Çində Paşinyan Putinlə görüşdü, indi yenə də Moskvaya gedəcək. Çalışacaqlar paralel olaraq Paşinyanı öz dəstələrinə qoşsunlar. Baxaq, bu nə dərəcədə mümkün olacaq. Paşinyan üçün də tamamilə aydındır ki, sülhə alternativ yoxdur. Sadəcə olaraq Rusiyada onu inandırmağa çalışacaqlar ki, KTMT-dən hələlik çıxmaq lazım deyil və dəhliz məsələsini də yubatsın".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
525.az

2Mənbələr