İngiltərənin “Mançester Yunayted” klubunun kamerunlu qapıçısı Andre Onana bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Trabzon klubu Onananı bir mövsümlük (2026-cı ilin 30 iyununa qədər) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Andre Onana “Samuel Eto’O Futbol Akademiyası”nın yetirməsidir. Ardınca kamerunlu qapıçı “Barselona”nın akademiyasına keçib. Buradan “Ayaks”a yol tapmış Onana oyunu ilə diqqət çəkib və “İnter”in maraq dairəsinə düşərək “neradzurri”nin heyətinə transfer edilib. Kamerunlu qapıçı 2022/2023-cü illər mövsümündə “İnter”də yüksək səviyyədə çıxışı ilə diqqət çəkib.
“Mançester Yunayted” ispan qapıçı David De Xea ilə yollarını ayırmaq qərarına gəlincə, Onananın transferinə çalışıb. “Qırmızı şeytanlar” 2023-cü ilin iyul ayında buna nail ola biliblər və Onana 50,2 milyon avro məbləğ müqabilində “İnter”dən Mançester klubuna keçib. Kamerunlu qapıçı “qırmızı şeytanlar”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədə olacaq müqavilə imzalayıb.
Onana “Mançester Yunayted”in heyətində bütün yarışlarda 102 oyuna çıxıb, 150 qol buraxıb, 24 oyunda qapısını toxunulmaz saxlayıb.
Andre Onana 2016-cı ilin sentyabr ayında debüt etdiyi Kamerun yığmasının heyətində 50 oyun keçirib, 39 qol buraxıb, 22 oyunda qapısının toxunulmazlığını təmin edib.
Andre Onana böyük futbolda “Ayaks” və “İnter”lə qənimətlər qazanıb. Kamerunlu qapıçı “Ayaks”la 3 dəfə Niderland çempinluğuna, 2 dəfə Niderland Kubokuna, 1 dəfə Niderland Super Kubokuna sahib olub. “İnter”lə isə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi, həmçinin ötən mövsüm Çempionlar Liqasının finalçısı olub. “Mançester Yunayted”lə isə Onana İngiltərə Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı kamerunlu qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.