Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Səməd Vurğun adına Yaradıcılıq Evinin açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov yaradıcılıq evi barədə dövlət başçısına məlumat verib.
Açılış mərasimində AYB sədri Anarın görünməməsi diqqət çəkib və müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə də yazıçının sağlamlığı ilə bağlı narahatlıqlar olduğu iddia edilib.
Modern.az məsələ ilə əlaqədar Anarla əlaqə saxlayıb. O, açılışda iştirak etmədiyini təsdiqləyib, hazırda məzuniyyətdə olduğunu vurğulayıb.
“Sağlamlığıma gəldikdə isə hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm” – deyə yazıçı sonda vurğulayıb.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Yaradıcılıq Evinin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.