AZ

Ərazi bütövlüyündən regional gücə: Azərbaycanın sentyabr qələbələrinin nəticələri - ÖZƏL

"Sentyabr ayı doğrudan da Azərbaycan üçün uğurlu ay hesab oluna bilər. Belə ki, 2020-ci ilin 27 sentyabrı və 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, torpaqlar işğaldan azad olundu.
Azərbaycan bölgədə yeni reallıqlar yaratdı və keçmiş postsovet məkanı ölkələri arasında İkinci Dünya Müharibəsindən sonra öz ərazi bütövlüyünü tam şəkildə və hərbi əməliyyatla bərpa etmiş yeganə ölkə statusunu qazandı". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Bu hadisələrdən sonra bölgənin siyasi mənzərəsi ciddi şəkildə dəyişdi. Artıq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar aparılıb, kommunikasiyaların açılması ilə bağlı razılaşmalar əldə olunub, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanıb. Azərbaycanın beynəlxalq səviyyədə rolu ciddi şəkildə artıb və ölkəmiz dünyada hörmətlə yanaşılan bir dövlət statusu qazanıb. Bundan başqa, torpaqların azad olunması Azərbaycanın mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə imkan yaradıb. Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin sürətlə inkişaf etməsi də bu proseslə bağlıdır. Yəni, sentyabrda baş verən son beş ildəki hadisələr yalnız Azərbaycanın daxilində deyil, bütövlükdə regionun vəziyyətinə də müsbət təsir göstərib və bölgə sülh və rifah istiqamətində irəliləyib. Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi davam edir. Zəngəzur dəhlizinin açılması məsələsi də aktuallığını qoruyur. Bu savaşdan sonra nəqliyyat dəhlizlərinə diqqət ciddi şəkildə artıb. Artıq Ələt Beynəlxalq Dəniz Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyona qədər artırılır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma gücü isə 1 milyon tondan 5 milyon tona qədər yüksəlir. Bütün bunlar Azərbaycanın ciddi şəkildə nəqliyyat qovşağına çevrilməsi deməkdir. Bundan başqa, Azərbaycan bərpa olunan enerji sahəsində də mühüm addımlar atır və Avropanın ən etibarlı enerji təminatçısı roluna  çevrilir. Artıq Transxəzər layihəsinin həyata keçirilməsi ilə bağlı təşəbbüslərdə Azərbaycan aktiv şəkildə iştirak edir.
Bütün bunlar son 5 ildə, xüsusilə sentyabr ayında başlanmış Vətən müharibəsi və onun nəticələrinin həm Azərbaycanın, həm də bütövlükdə bölgənin gələcəyinə müsbət təsirini göstərir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr