AZ

Sosial şəbəkələrdə təhqirlərin qarşısını necə almaq olar?

“Bizə elə gəlir ki, sosial şəbəkələrdə insanların aqressiyası artıb, amma reallıq fərqlidir”.

Bu sözləri media eksperti Azər Həsrət “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, son illərdə sosial şəbəkələrdəki aqressiya azalıb:

“Burada söhbət əsasən “Facebook”, “X”, (keçmiş “Twitter”) “Instagram” kimi sosial şəbəkələrdən gedir. Lakin bəzi dairələrdə həqiqətən də artan aqressiya müşahidə etmək mümkündür. Niyə belə düşünürəm? Ona görə ki, sosial şəbəkələr yeni yarananda şəxsən özüm ilk istifadəçilər arasında olmuşam. Yəni ayrı-ayrı sosial şəbəkə platformalarının ortaya çıxdığı zamanla bugünkü aqressiyanı müqayisə edirəm və görürəm ki, arada ciddi fərq var.

Yəni sosial şəbəkələrin yeni yarandığı zamanlarda olan aqressiya artıq müşahidə edilmir. Onda aqressiya çox idi, kobud ifadələr seçilirdi, təhqirlər açıq şəkildə istifadə olunurdu. Konkret olaraq sosial şəbəkələrdə istənilən insanı, hətta dövlətin bu və ya digər vəzifəsini tutan şəxsi belə rahat şəkildə təhqir edirdilər”.

Onun sözlərinə görə, sonra sosial şəbəkə istifadəçilərində yavaş-yavaş məsuliyyət hissi üstünlük təşkil etməyə başladı:

“Artıq o aqressivlik nümayiş etdirən, təhqirlərə yol verənlərin sayı çox deyil. Vəziyyətin belə dəyişməsi üçün biz də zamanında öz töhfələrimizi vermişik. Yəni sosial mediada davranış qaydaları, ümumiyyətlə, internetdə davranış qaydaları ilə bağlı şəxsən mən müxtəlif təbəqədən olan şəxslər üçün 20-dən çox seminar keçirmişəm.

Onlar arasında jurnalistlər, QHT təmsilçiləri, təhsil işçilər, tələbələr və hətta orta məktəb şagirdləri olub. Biz onlara izah etmişik ki, sosial media məsuliyyətsizlik müstəvisi deyil. Necə ki, adi həyatda biz məsuliyyətli davranmağa borcluyuq, kiməsə qarşı aqressivlik nümayiş etdirə, təhqir edə bilmərik, eləcə də onlayn müstəvidə özümüzü bənzər şəkildə aparmalıyıq. Bu təbliğat işini bir tərəfdə biz, bir tərəfdə başqaları illərdir aparmışıq, aparırıq”. 

Mütəxəssis hesab edir ki, onlayn davranış qaydaları ilə bağlı təbliğat işini daha geniş miqyasda aparmaq lazımdır:

“Yəni insanlara məsuliyyət hissi aşılandıqca, sosial mediada aqressivliyin qarşısı alınacaq. Təbii ki, aqressivlik yenə də qalacaq, amma miqyası olduqca kiçiləcək. İndi 10-15 il bundan əvvəlki dövrlə müqayisə edəndə sosial media istifadəçiləri arasında aqressivliyin ciddi azaldığını görürük. Lakin bunun tamamilə minimuma enməsini və aqressivliyin olmamasını istəyərdik.

Bunu etmək üçün təbliğat iş aparılmalıdır, insanlara məsuliyyət hissi aşılanmalıdır. Onu da əlbəttə ki, vətəndaş cəmiyyəti fəalları da edə bilər, media da edə bilər və etməlidir. Onunla bərabər, bu istiqamətdə hüquq-mühafizə orqanları, qanunçuluqla məşğul olan şəxslər və dövlətin mühafiq qurumları birgə səy göstərə bilərlər. Düşünürəm ki, bu istiqamətdə addımlar atılsa, sosial şəbəkələrdəki aqressiya və təhqirlər aradan qalxa bilər”.

Lakin Azər Həsrət vurğulayıb ki, “TikTok” platformasında vəziyyət fərqlidir:

“Təəssüflər olsun ki, “TikTok”da istər canlı yayımlarda, istərsə də rəylərdə bir-birinə qarşı çox pis söyüşlər söyürlər. Əslində “Facebook”, “X”, “Vkontakte”, “Odnoklassniki” kimi platformalarda aqressivliyin azalması, ölkəmizdə onları istifadə edənlərin də azalması ilə bağlıdır. Düzdür, onlarda da ilkin dövrlərdə çox dəhşətli dərəcədə aqressiya və təhqirlər vardı. İndi isə onlar xeyli azalıb. 

Lakin “TikTok” son illərdə meydana çıxdığı üçün bu proses hələ getməyib. Üstəlik, bu platformada canlı yayım açmaq imkanları daha rahatdır. Eyni zamanda, “TikTok”dan cəmiyyətin hər təbəqəsi istifadə edir. Təbii ki, hər kəsin də özünə uyğun danışıq və davranış tərzi var. Onu da götürüb sosial media üzərindən tirajlayırlar”.

Müsahibimiz bunun qarşısını almaq üçün atılacaq addımlardan danışıb:

“Bunun qarşısını almaq olar. İlk növbədə insanların məsuliyyət hissini artırmaq lazımdır. İnsanlara izah edilməlidir ki, sosial media üzərindən söyüş söyürsünüzsə onu bu ailə üzvləriniz də görə bilər. 

Əgər ailə üzvlərinizin qarşısında söyüş söymür və nalayiq hərəkətlər etmirsinizsə, necə olur ki, internətə çıxıb bütün dünyanın görə biləcəyi bir müstəvidə bunu edə edirsiniz? Yəni bu cür müarifləndirmə, məsuliyyət hissini aşılama tədbirləri görülsə, məsələ kökündən həll edilə bilər. 

Əlavə olaraq da cəza tədbirləri var. Bizim qanunvericiliyimizdə də bu nəzərdə tutulub. Təhqir, böhtan, uyğunsuz davranış və bənzər hallara görə cəza ola bilər. Lakin təəssüflər olsun ki, bizdə cəza tədbirləri çox geniş tətbiq edilmir.

Biz az-az eşidirik ki, sosial mediada ədəbsiz davranan, aqressiya aşılayan, yalan məlumat yayanlara cəza kəsildi. Düşünürəm ki, dövlət artıq burada çəkinməməlidir. Biz də vətəndaşlar olaraq dövlətin cəza tədbirlərinə “yaşıl işıq” yandırmalı və onun tərəfində olmalıyıq”.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr